Fevralın 16-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar Prezident seçkiləri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil olub. Spikerin sözlərinə görə, xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirdi:
"Bu müdrik seçim bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin edib. Bizə qürur verən bir məqam da bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi ənənə halını alıb. Bu da dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəmi nümayiş etdirir. Fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil etdi, bu dövrü uğur və qələbələrlə dolu olan illər kimi dəyərləndirdi. Eyni zamanda qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsini xalqımızın yumruq kimi birləşərək həll etdiyini bildirdi".
"Milli Məclis öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq"
S.Qafarova əlavə edib ki, dövlət başçısı proqram xarakteri daşıyan dərin məzmunlu nitqində yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı: "Dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı. Xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd etdi. Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü və yenilməz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacaq. Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq".
"Tramvay çəkilməsindən danışırıq, Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Avtomobil yolları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib ki, şəhər daxilində artıq 3 yol müəyyənləşib, bunlar avtobus, velosiped və avtomobil yoludur: "Bu darısqallıqda bu yolların idarə edilməsi problemlər yaradır. Əgər avtobus yoludursa, mütəmadi boş saxlanılır, digər maşınlar ora daxil olanda cərimələnir. Bu məsələlərə diqqət yetirməliyik. Elə tənzimləmək lazımdır ki, digər maşınlar avtobus olmayanda yola daxil olursa, cərimə edilməsin. Gələcəkdə tramvayların çəkilməsi barədə danışırıq. Hesab edirəm ki, bir az irəli baxmaq lazımdır, Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər. Daha çox yeraltı nəqliyyatdan istifadə etməliyik. Başqa məsələ ödənişli yollardan sui-istifadə edənlərlə bağlıdır. Biri avtomobili 200-lə sürüb sosial şəbəkədə paylaşır. Bu məsələdə ictimai qınaq lazımdır. Eyni zamanda cərimə tətbiq edilməlidir”.
“Açıqdan-açığa məhkəmə qərarları icra olunmur”
Millət vəkili Qüdrət Həsənquliyev vurğulayıb ki, Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Onun sözlərinə görə, bununla əlaqədar çox sayda vətəndaş narazılığı var: "Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda cavab verirlər ki, guya, işləri çoxdur və çatdıra bilmirlər. Lakin bu, həqiqətdə belə deyil. Bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət yetirməliyik. Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdır. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə elə həmin hakimlər cinayət işi başlanmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.
"1 milyon borcu olanın 5 milyonluq əmlakına..."
Millət vəkili Fazil Mustafa "Mülki Prosessual Məcəllə"də dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əmlak bütün mənalarda mülkiyyət anlamına gəlmir: "Qanun layihəsində borclunun əmlakının üzərinə həbs qoyulması fikri dəyişdirilməli, borclunun borca adekvat əmlakına həbs qoyulması qeyd edilməlidir. Praktikada bu cür hallar çoxdur. 1 milyon borcu olan borclunun 5 milyonluq əmlakına həbs qoyulur. Bu dəyişikliyi indidən etmək lazımdır ki, sonradan problemlər yaranmasın".
"Su müharibələrinin başlanması ehtimalı böyükdür"
Deputat Elşad Mirbəşir deyib ki, Azərbaycanda tələb olunan su resurslarının miqdarının təxminən 7-8 dəfə çox olmasına baxmayaraq, ölkə su qıtlığı ilə üzləşmə riski olan dövlətlər sırasında 18-ci yerdədir: "Belə ölkələrin sayı 33-dür". Parlament üzvü bildirib ki, su itkilərinin qarşısının alınması haqqında xüsusi düşünmək lazımdır: "Bu gün obrazlı desək, su müharibələrinin başlanması ehtimalı böyükdür. Bəlkə də belə müharibələr və münaqişələr baş verir. Bu gün qlobal müstəvidə su resursları uğrunda ciddi mübarizə gedir".