Blinken-Əliyev görüşü: ABŞ və Azərbaycan arasındakı soyuqluq ortadan qalxır?

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğulayıb ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. Dövlət başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdi və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib. Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Cəbhə Partiyasının sədrinin müavini politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Münhen Təhlükəsizlik Konfransında cənab İlham Əliyevlə ABŞ dövlət katibi E.Blinkenin görüşü, COP 29 daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə müzakirələr Vaşinqton-Bakı arasında gərginliyin yumşaldılmasına xidmət edir. 
Ekspert vurğulayıb ki, ümumiyyətlə E.Blinken həmişə Azərbaycanla münasibətlərin normlaşdırılmasında maraqlıdır: 

"Blinken ikili əlaqələrin normallaşması istiqamətində xeyli iş görüb, müəyyən səylər göstərib. Xüsusən, Bakı-İrəvan sülh danışıqlarında Blinkenin şəxsi təşəbbüsləri də var. Bu baxımdan Blinkenlə dövlət başçısı İlham Əliyevin görüşü və müzakirələri aradakı soyuqluğa da aydınlıq gətirəcək. İkili əlaqələrdə pozitiv məqamların formalaşmasına gətirib çıxaracaq. Prezidentimizin Ukrayna başçısı V.Zelenski ilə də görüşüb. Bu da Vaşinqtonun Azərbaycana rəğbətinin artmasına səbəb olub. Rəsmi Bakının siyasəti bölgədə sülhə və təhlükəsizliyə töhfə verir".