Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Yol xəritəsi çəkildi
Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks etdirdi. Azərbaycanın beynəlxalq əlaqələrindən, dünyanın əksər dövləti və qlobal təşkilatları ilə əməkdaşlıqdan danışan dövlət başçısı ölkəmiz üçün prioritet istiqamətləri də gündəmə gətirdi. Azərbaycan dövlət başçısı Bakı üçün Türk dünyası ilə əlaqələrin önəmindən, Türk Dövlətləri Təşkilatı çərçivəsində türk respublikalarının əlaqələrinin əhəmiyyətindən danışdı. Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarını atacaq. İlk növbədə isə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcək: "Bu, bizim üçün prioritetdir". Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır: "Çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Xatırladaq ki, fevralın 8-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi də qəbul etmişdi. Kubanıçbek Ömüralıyev vurğulamışdı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir. Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd olunmuşdu. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırılmışdı.
Prezident İlham Əliyev hər zaman türk-müsəlman dünyasının hüquqlarını qoruyub və qarşıdakı dönəmdə də öz siyasi xəttinə sadiq olması təbiidir. Bu mənada, Türk Dövlətləri Təşkilatının yaranması və yeni inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycanın, dövlət başçısının fəaliyyəti xüsusilə vurğulanmalıdır. Həmin siyasi kursun nəticəsidir ki, bu gün Şərq ilə Qərb arasındakı münasibətlərin inkişafında türk faktoru mühüm yer tutur. Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə ümumilikdə, Şərq-Qərb bağlantısının əsas ana xəttini təşkil edir. Nəzərə alaq ki, Vətən müharibəsindən sonra bu proses daha da sürətləndi. Prezident İlham Əliyevin bir müddət öncə qarşıdakı dövrü “Türk əsri” adlandırması məhz bu məntiqə söykənirdi. Ümumiyyətlə, Türk dünyasının hərbi-siyasi-iqtisadi baxımdan bir güc halına gəlməsi illərdir qurulan plandır. Bakı üçün Türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi və Türk Dövlətləri Təşkilatının güclənməsi əsas məsələdir. Azərbaycan Türk dünyasında ən öncül ölkələrdən biridir. Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bu məsələdə aparıcı qüvvə kimi çıxış edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) önəmi haqqında fikirləri bu qurumun gələcək vizyonunun nələrdən ibarət olacağını ortaya qoyan yol xəritəsidir. Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. Bu birliyin daha da güclənməsi üçün bütün Türk dünyası dövlətlərinin, müxtəlif ölkələrin tərkibində olan türkdilli muxtar subyektlərin də təşkilata cəlb edilməsi zəruri məsələdir. TDT heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Bu təşkilat, sadəcə olaraq, Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək üçün vasitədir. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac var və bu baxımdan Azərbaycan prosesdə açar rolunda çıxış edir. Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir. Dövlət başçısı da çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırdı. Bu doğma təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacaq. Qeyd edək ki, türk birliyi ideyası yeni ideya deyil. XX əsrin əvvəllərində Türkiyədə və türklərin yaşadıqları digər ərazilərdə bu ideyaya könül verən insanlar olub. Beləliklə, bu ideya bir məfkurə halına gətirilib. Türk dünyasının birliyi, Turan dövləti qurmaq istəyi türklərin yaşadığı coğrafiyada getdikcə yayılmağa başlayıb.
Siyasi şərhçi Elçin Mirzəbəyli "Sherg.az"a deyib ki, Türk dünyası ailəsinə məxsusluğumuz barədə prezidentin səsləndirdiyi fikirləri yeni dövrün vahid milli ideoloji konsepti kimi dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı birliyin və gücün rəmzidir, qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir:
"Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan bir ərazidə yerləşmələri TDT-nin beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlardan birinə çevrilməsinə imkan verir. Bu səbəbdən də digər türk xalqları və topluluqları, eləcə də, bizimlə eyni tarixi, coğrafiyanı, dəyərləri bölüşən xalq və topluluqlarla birlikdə, identikliyin, özünəməxsusluğun, müstəqil dövlətçilik ənənələrinin bütün komponentlərinin qorunması amilinin dəyişməz və başlıca faktor kimi saxlanılması şərtilə, vahid mədəni, iqtisadi məkanın, hərbi-siyasi güc mərkəzinin tam formalaşdırılmasına nail olmalıyıq”.
Millət vəkili Vüqar Bayramov da deyib ki, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi müşahidə olunur:
“Hazırda Türk Dövlətləri Təşkilatının üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 1.5 trilyon ABŞ dollar, ticarət dövriyyəsi isə 1.2 trilyon ABŞ dollarından artıqdır. Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-nin 1,6 faizini təşkil edir. Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Ticarət dövriyyəsinin böyüməsi birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da bildirib ki, Prezidentin andiçmə mərasimindəki çıxışı xarici siyasətimizin əsas prioritet istiqamətinin elan edilməsi baxımından olduqca mühümdür:
"Çıxışdan məlum oldu ki, bundan sonra xarici siyasətdə əsas prioritetimiz məhz türk ölkələri arasında inteqrasiyanın sürətləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün birgə səylərin genişləndirilməsi olacaq. Prezident bizim qlobal siyasi ailəmizin harada olduğunu birmənalı olaraq bəyan etdi. Dövlətimizin başçısının bu fikirləri həm də bütün türk dövlətlərinə ünvanlanıb. Ölkə rəhbəri türk dövlətləri üçün yeni dövrün başlandığını vurğuladı".