Sülh prosesi üzərində ABŞ-Türkiyə birgə işləyəcək -ŞƏRH

Bu formatda Azərbaycan və Ermənistan liderləri yaxın perspektivdə  vasitəçi olmadan görüşə bilər
 
“Əgər Ermənistan rəhbərliyi ABŞ-Türkiyə birgə formatından imtina edərsə, İrəvan üçün ən pis ssenarilər ola bilər"
 
 
 "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ABŞ-Türkiyə birgə işləyəcək".
 Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, ABŞ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Lui Bono regiona səfər edərək Ermənistan və Azərbaycanda oldu
"Lui Bononun regiona səfərinin təkcə ABŞ deyil, ABŞ-Türkiyə birgə formatının nümayəndəsi kimi də xarakterizə etmək olar. L.Bononun regiona səfəri, əsasən Ermənistana Türkiyənin vasitəçiliyini qəbul etdirmək, həmçinin ABŞ və Türkiyənin birgə təşəbbüsü formatında sülh danışıqlarına başlanmasını hər iki tərəflə razılığa gəlməyə nail olmaqdır. Məhz ABŞ diplomatının Ermənistana səfərindən sonra Paşinyan Azərbaycanın anklav olmayan dörd kəndinin Ermənistana aid olmadığını vurğuladı. Həmçinin cənab Prezident İlham Əliyev də Bakı Forumunda Ermənistanla sülhə çox yaxın olunduğunu vurğuladı. Göründüyü kimi, ABŞ-Türkiyə formatı iki ölkə arasında real sülhün əldə edilməsinə töhfə verə bilər. Bununla paralel olaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşması davam edəcək".

 Analitikə görə, dövlət başçısı İlham Əliyev çıxışı zamanı İkinci Qarabağ müharibəsinə kimi Azərbaycana qarşı Ermənistana 6 milyard dollar silah-sursatın pulsuz verildiyini qeyd etdi: 
"Prezident ad çəkməsə də bilirik ki, 30 il ərzində Ermənistana bütün növ silahları pulsuz verən Rusiya idi. Bununla prezident Rusiyaya da ciddi mesaj vermiş oldu. Rəsmi Bakı heç Moskvanın vasitəçiliyini də qəbul etmir. Hazırda Azərbaycanın ABŞ və Türkiyə formatına üstünlük verməsi mümkündür. Bu formatda Azərbaycan və Ermənistan liderləri yaxin perspektivdə ikitərəfli vasitəçisiz olmadan görüşə bilər. Məhz Rusiya Azərbaycanla Ermənistan arasında mümkün sülh təşəbbüsünün qarşısını almaq üçün Ermənistan tərəfindən təxribatlara əl ata bilər. Bundan əlavə, Fransa da Türkiyə və ABŞ-nin ənənəvi rəqibidir. Paris də Yerevanı bu formatdan uzaqlaşdıra bilər. Əgər Ermənistan rəhbərliyi ABŞ-Türkiyə birgə formatından imtina edərsə, Yerevan üçün ən pis ssenarilər ola bilər".