Müstəqilliyimizin ilk illərində torpaqlarımızın 20 faizi işğal olundu, 4 minə yaxın vətəndaşımız itkin düşdü. Bu istiqamətdə beynəlxalq təşkilatlar məlumatlandırılsa da, hər zamankı kimi ikili yanaşmanın şahidi olduq. Belə təşkilatlardan biri də Beynəlxalq Qızıl Xaç Komitəsidir (BQXK). Onun əsas vəzifəsi itkin düşmüş şəxslərin aşkarlanması, axtarılması olsa da, bu istiqamətdə, demək olar ki, heç bir ciddi iş görmədi. Otuz il ərzində torpaqlarımız işğal altında qaldı və Azərbaycan dövləti, xalqı öz həmrəyliyi ilə BMT-nin dörd qətnaməsini yerinə yetirdi. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
Bu barədə Amerikanın Səsinə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
“Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur. O ərazilərdə olan fəaliyyətlərimiz Bərdə ofisindən həyata keçiriləcək və ehtiyacı olan insanlara dəstək yönlü işlərimiz davam etdiriləcək”, o qeyd edib.
Məsələ ilə bağlı danışan Qeyri-Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni "Sherg.az"a bildirib ki, ədalətsiz müharibə dövründə beynəlxaq təşkilatların haqsızlıqları,qərəzliliyi və tərəfkeşliyi üzə çıxdı:
"Bunların içərisində Qırmızı Xaç Komitəsi də istisna deyil. Doğrudur, Onlar bəzi girovların azad olunmasında müəyyən işlər aparıblar. Ancaq Birinci Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq Azərbaycanlının itkin düşməsinə baxmayaraq, onların geri qaytarılması istiqamətində tədbir görmədilər. Həmçinin,Ermənistanın ədalətsizliyi ilə bağlı da heç bir mövqe bildirməyiblər. Azərbaycan Qırmızı Xaç, Qızıl Aypara və digər beynəlxalq təşkilatlarla hüquq normaları çərçivəsində davransa da, onlar öz nizannamələrindən kənara çıxaraq ofislərinin dəyişdirilməsi ilə bağlı bəyanat verirlər. Bu açıqlamaları verməyə sərf etdikləri vaxtı itkin düşmüş şəxslərin axtarışlarına sərf etsinlər. Yəni əsir, itkin düşənlərlə bağlı geniş mövqe ortaya qoysunlar. BQXK öz nizannamə tələblərinə riayət etmir. Bu da ictimaiyyəti narahat edir. Cəmiyyət olaraq Azərbaycana qarşı verilən hər hansı haqsız bəyanata qarşı qəti etirazımızı bildiririk".
Xatırladaq ki, bundan öncə BQXK-nın Xankəndi şəhərində ofisi fəaliyyət göstərirdi. Xankəndi ofisi bu regionda yaşayan erməni əsilli insanlara kömək göstərirdi. 2023-ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra regiondakı erməni əsilli insanlar Ermənistana köç edib.