Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Ermənistan tərəfi yenidən mövqelərimizi atəşə tutaraq bölgədə sabitliyi pozmağa çalışır. Bəs Ermənistanın son günlərdə törətdiyi təxribatlarda məqsədi nələrdir? Rəsmi Bakının bu təxribatlara cavabı nə olacaq?
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən hərbi ekspert Azər Bayramov deyib ki, Ermənistan tərəfi bu əməlləri ilə sülhə niyyəti olmadığını aydın şəkildə göstərir:
"Ermənistan son günlərdə mövqelərimizi atəşə tutmaq, mühəndis-istehkam işləri aparmaq, uzunmüddətli döyüşün aparılması üçün monolit betondan düzəldilmiş atəş nöqtələri yaratmaq, Azərbaycanla sərhəd bölgəyə qoşun cəmləşdirmək kimi əməlləri ilə sülhə niyyəti olmadığını aydın şəkildə göstərir. Paşinyan hökumətinin bu təxribatları törətməkdə əsas məqsədi göstəriləcək cavab tədbirlərini məkrli niyyəti üçün istifadə etməkdir. Onlar beynəlxalq ictimaiyyəti aldadaraq Azərbaycanı aqressiv kimi təqdim etmək və özünün təhlükəsizliklə bağlı ciddi problemləri olduğu görüntüsünü yaratmaq istəyir. Əlbəttə bu işdə Ermənistanın yalnız olduğunu düşünmürəm. Məhz bu riyakar planın hazırlanmasında onların havadarlarının "əməyi" danılmazdır. Görünən odur ki, Fransa başda olmaqla bir neçə ölkə Ermənistanı silahlandıraraq regionda sabitliyi pozmağa çalışır".
Ekspert sonda qeyd edib ki, Azərbaycan ordusu istənilən anda düşmənin təxribatının qarşını almağa qadirdir:
"Sadəcə hər zaman olduğu kimi rəsmi Bakı məsələnin humanizm prinsipləri ilə həll olunmasının, bütün problemlərin danışıqlar yolu ilə yekunlalaşdırılmasının tərəfdarıdır. Ancaq təəssüf ki, biz bunu qarşı tərəfdə müşahidə edə bilmirik. Rəsmi İrəvan belə təxribatları həyata keçirməyə davam edərsə, ordumuz tərəfindən zəruri və məcburi cavab tədbirləri görüləcəkdir".
Yusif Məmmədxanlı