Ermənistanda etirazları sarkisyanlar, koçaryanlar körükləyir -AÇIQLAMA

Bütün çətinliklərə baxmayaraq, prosesin artıq geriyədönməz xarakter aldığını söyləmək mümkündür
 
 Ermənistanın müxtəlif regionlarında günlərdir etiraz aksiyaları təşkil olunur. Etirazçılar Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesinə narazılıq edir, bunu "erməni torpaqları"nın verilməsi kimi təqdim edirlər. Mitinq iştirakçıları “Hamısını verək, dinc yaşayaq!”, “Sus, qoy, hamısını versin!”, “Bu təkcə Tavuşun deyil, bütövlükdə erməniliyin və Ermənistanın problemidir!” və s. şüarlar səsləndirirlər. Etirazçılar arasında keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın başçılıq etdiyi partiyaların nümayəndələri də var. Etirazların təşkil edilməsində revanşistlərlə yanaşı, erməni kilsəsi də önəmli rol oynayır. Qeyd edək ki, Azərbaycanın həmin torpaqları Ermənistandakı keçmiş iqtidarların dövründə işğal olunub və oraya qanunsuz olaraq ermənilər köçürülüb. Görünür, keçmiş iqtidarlar öz qanlı cinayətlərinin üstünü ört-basdır etmək üçün etirazları körükləyirlər. Keçmiş prezidentlər barəsində cinayət işləri başlandığından, hökumətə, delimitasiya prosesinə qarşı çıxırlar. Nikol Paşinyanı torpaq satmaqda ittiham edirlər. Halbuki Paşinyan etirazçılarla görüşündə bildirib ki, rəsmi İrəvanın Ermənistan sərhədlərindən kənarda ərazi iddiası yoxdur.

Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Ermənistandakı son etirazlar sadəcə siyasi cığallıqdır. Analitik vurğulayıb ki, ermənilər razılaşıblar ki, müharibə olmasın və sərhədlər müəyyənləşsin: 

"Azərbaycan ərazisinə daxil olan kəndləri qaytarmasalar, necə sülh əldə oluna bilər?! Bəli, etirazlarda maraqlı olan daxili və xarici qüvvələr var. Bunlar daxildəki rusiyapərəstlər və xaricdən də Rusiyanın özüdür. Rusiya Qafqazda davamlı sülhün yaranmasında maraqlı deyil. Ona görə də Ermənistanda gücü çatdıqca buna mane olmağa çalışır. Amma bütün çətinliklərə baxmayaraq, prosesin artıq geriyədönməz xarakter aldığını söyləmək mümkündür. Sərhədlərin ən çətin olan üçdə bir hissəsi artıq razılaşdırılıb. ABŞ və qərb ölkələri bu prosesi dəstəkləyir. Hər iki ölkənin xalqının böyük əksəriyyəti sülhün olmasını istəyir. Ona görə də bu cür isterik etirazların prosesə mane ola biləcəyini düşünmürəm".