Putin Moskva görüşündə Paşinyana təzyiq göstərərək bir sıra qərarların alınmasına təsir göstərməyə çalışacaq
Ermənistanla Rusiya arasında müəyyən problemlər var və İrəvan bu məsələləri həll etməyi qarşısına məqsəd qoyub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında deyib. Baş nazir vurğulayıb ki, yığılmış problemlər çoxdur, bəziləri də səsləndirilib: "Onlar Ermənistan və Rusiya arasında dostluq münasibətləri kontekstindən yaranan mənfi nüansları aradan qaldırmaq məqsədilə dilə gətirilib. Problemlər var və İrəvan bütün diqqətini onların həllinə cəmləyib". Paşinyanın sözlərinə görə, çoxtərəfli və ikitərəfli münasibətlərin bütün gündəliyi müzakirə mövzusu olacaq. Təfərrüatlar görüşdən sonra veriləcək".
Baş nazir həmçinin bildirib ki, mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak etmək üçün Moskvaya gedəcək və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Ermənistan Baş naziri Moskvada hər il Qələbə günü tədbirlərində iştirak etməyə məcbur olmadığını deyib: "Ermənistan və ya hər hansı ölkə liderinin hər il paradda iştirak etməsi təəccüblü olardı". Paşinyan rus televiziya kanallarından da söz açıb. Deyib ki, əgər Rusiya telekanalları Ermənistanın daxili işlərinə hörmətsizlik etsə, onların yayımı dayandırıla bilər. O, Ermənistan hakimiyyətinin Rusiya telekanalları ilə bağlı tələblərinin yerinə yetirilməli olduğunu deyib.
Politoloq Fuad Abbasov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya gedəcəyi Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı bəlli olmuşdu. Ekspert diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyev Rusiyada görüşlər keçirərkən Putinin sözçüsü Dmitri Peskov Paşinyanla da görüş olacağının anonsunu vermişdi:
"Putinin andiçmə mərasimi və qələbə paradı məsələsi Rusiya ilə Qərb arasında siyasi qarşıdurmanın başlıca faktorları sayılır. O baxımdan Paşinyanın indiki məqamda həm Putinin andiçmə mərasiminə qatılması, həm də paradda iştirakı onun üçün mənfi nəticələnə bilər. Qərb dövlətləri, o cümlədən bir çox ölkələr Rusiyanı boykot etdikləri üçün Putinin andiçməsində iştirak etmirlər. Halbuki ötən dövrlərdə Qərb ölkələri, hətta Türkiyə lideri R.T.Ərdoğan da V.Putinin əvvəlki andiçmə mərasimlərinə qatılmışdılar. Hazırda Rusiyanın dünyadakı reputasiyası o qədər aşağıdır ki, hətta Rusiya ilə müttəfiqlik müqaviləsi olan Ermənistan rəhbərliyi belə Putinin andiçməsinə qatılmamaq qərarına gəlib. Bunları nəzərə alan Nikol Paşinyan mayın 7-si, yaxud 9-u yox, ayın 8-də Rusiyaya birgünlük səfər etməyi planlaşdırır. Çünki bu, daha məqsədəuyğundur. Azərbaycan dövlət başçısının ardınca Rusiyaya səfər edərək mövcud problemləri erməni xalqının, daha doğrusu, seçicilərinin mənfəəti çərçivəsində həll etməyə çalışdığı təəssüratı yaradır".
Analitik hesab edir ki, Moskva Paşinyana təzyiq göstərərək bir sıra qərarların alınmasına təsir göstərməyə çalışacaq:
"Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir. Paşinyan isə dəhlizə rus hərbçilərin mühafizəsi şərtini qəbul etmir. O cümlədən Kreml Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesinin məhz Moskvanın vasitəçiliyi, onun təklif etdiyi xəritələr əsasında həyata keçirilməsinə çalışırdı. Ancaq İrəvan bunu da istəmir. Ermənistan birmənalı olaraq Qərbin, Brüsselin təlimatları əsasında problemi çözməyə meyillidir. Moskvanın isə Paşinyana birbaşa təzyiq mexanizmi yoxdur. Amma iki ölkə arasında siyasi, iqtisadi, hərbi və mədəni sahələr üzrə müzakirə olunacaq məsələlər çoxdur. Görünür, hər iki tərəf həm də görüntü verməyə çalışırlar ki, "baxın, İrəvan-Moskva əlaqələri yerindədir, normaldır".