Politoloq: Türkiyə sülh prosesini çox yaxından izləyir

Ermənistan son aylarda danışıqlarda kifayət qədər konstruktiv mövqe tutur, cəsarətli addımlar atır
 

 Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib. Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Türkiyə lideri bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb. Həmçinin Ərdoğan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə nümayiş etdirib. Ərdoğan İrəvandan da oxşar mövqe gözlədiyini açıqlayıb. Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək: “Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir”. Eyni zamanda Ərdoğan Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.

 Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistanın münasibətlərinin indiki səviyyəyə gəlib çatmasında Türkiyənin müstəsna rolu var. Ekspert xatırladıb ki, hələ 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək, Ankaranın xarici gücləri prosesə müdaxilədən çəkindirməsi, Monitorinq Mərkəzində iştirakı və digər addımları Ermənistanı dərindən düşünməyə, ciddi götür-qoy etməyə məcbur buraxdı:
 "2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bölgənin gələcək taleyinə həlledici təsir göstərdi. Rusiya sülhməramlılarının bölgəni tərk etməsində, ermənilərin Qarabağı könüllü tərk etməsində və digər məsələlərdə Türkiyənin rolu çox böyükdür. Azərbaycan Prezidenti bunu dəfələrlə vurğulayıb. Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin açılması istiqamətində danışıqlar uzun müddətdir gedir. Hər dəfə Türkiyə nümayəndələri açıq şəkildə deyirlər ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin necə olması Azərbaycanın mövqeyindən asılı olacaq. Türkiyə Azərbaycanın qəbul etməyəcəyi heç bir addım atmayacaq. Bu mövqeyin sərhədlərin delimitasiya və demarkasiya prosesinə də böyük təsiri var. Ermənilər nəhayət dərk etdilər ki, onların güvəndiyi xarici güclərin heç biri Azərbaycana Türkiyənin verdiyi dəstək qədər Ermənistana dəstək verməyəcək. Son nəticədə Ermənistan Azərbaycanla meydanda təkbətək qalmalı olacaq. İndiki konstruktiv mövqenin kökündə məhz bu reallığın dərki dayanır. Ermənistan həm Türkiyə, həm də Azərbaycanla münasibətləri səhmana salmaq istəyir".

 A.Səmədov bəyan edib ki, Türkiyə hökuməti Zəngəzur dəhlizi məsələsində də qətiyyətli mövqeyə malikdir və geri çəkilmək niyyətində deyil: 
"Bu da İrəvanın yanaşmasına təsir göstərən məqamlardandır. Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətlərinin təsiridir ki, Ermənistan son aylarda danışıqlar prosesində kifayət qədər konstruktiv mövqe tutur, cəsarətli addımlar atır, reallıqlara uyğun bəyanat verir. Xarici qüvvələrə güvənən, reallıqlardan fərqli mövqe sərgiləyən, az qala hamıya meydan oxuyan əvvəlki Ermənistan hökuməti artıq yoxdur. Onun əvəzində Cənubi Qafqazdakı mövcud reallıqları görən və qəbul edən bir hökumət var. Bir daha deyirəm, bu reallıqların dərkində Türkiyənin rolu danılmazdır. Ankaranın İrəvan üzərində təsir imkanlarına malik olması sülh prosesinə təsir edir. Ümid edirik ki, ilin sonunadək tərəflər arasında sülh sazişinin imzalanması mümkün olacaq".