Ermənistanda baş verən etirazlar, şərti sərhədlərdə yaşananlar ümumi prosesə ciddi təsir göstərə bilmir
Ermənistanın hakim Mülki Müqavilə Partiyası “Vətən naminə Tavuş” hərəkatının aksiyaları fonunda Baş nazir Nikol Paşinyanın istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə etmək niyyətində deyil. Bunu partiyanın sədr müavini Vaaqn Aleksanyan deyib. Aleksanyan bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəliyi yoxdur: "Müxalifət mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq. Müxalifətin baş nazirin impiçment prosesinin başlanması ilə bağlı bəyanatına gəlincə, o, buna başlaya bilməyəcək, başlasa da, uğursuzluğa düçar olacaq. Təsəvvür edə bilmirəm ki, biz Paşinyanın istefası məsələsini niyə müzakirə etməliyik, ölkədə siyasi böhran yoxdur". Məlumat üçün qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirəyinin quraşdırılması başa çatıb. Bildirilib ki, artıq Ermənistan sərhədçiləri ərazidə xidmətə başlayıblar. Bu arada Avropa Birliyi (AB) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayıb. AB-nin bəyanatında deyilib ki, qurum 1991-ci il Almatı sazişi əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, xüsusilə də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının mayın 15-də keçirilmiş 9-cu görüşü zamanı imzalanmış protokolu dəstəkləyir.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin yaxın aylarda imzalanacağı ehtimal edilir və ümumi proseslə bağlı nikbinliyə əsaslar var. Analitikin fikrincə, bütün problemlərə, Ermənistandakı bəzi revanşist dairələrin dirənişinə və etirazlara rəğmən, sərhədlərin delimitasiya və demarkasiya işi sürətlə və plan üzrə gedir:
"Ermənistanda baş verən etirazlar, şərti sərhədlərdə yaşananlar ümumi prosesə ciddi təsir göstərə bilmir. Bütün bunlar sülhlə bağlı pozitivlik üçün əsas yaradır və yekun nəticəyə ümidləri artırır. Amma bir çox məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Kommunikasiyaların açılması məsələsinə tərəflərin fərqli baxışı ortaq məxrəcə gəlmək imkanı vermir. Lakin müzakirələr davam edərsə, mütəmadi görüşlər olarsa, tərəflər yaxın aylarda ümumi formul tapa bilərlər. Hər halda Ermənistan tərəfi sülh kəsişməsi ilə bağlı prosesin irəliləməsində və yekun addım atılmasında maraqlıdır. Bunun da yolu kommunikasiyaların açılmasından keçir. Kommunikasiyaların açılması regional sülh gündəliyində duran əsas məsələlərdir. Tərəflərin ümumən nikbin və qətiyyətli olması deməyə əsas verir ki, sülh sazişi ilin sonunadək imzalana bilər. Hər şey hadisələrin gedişatından, aparılan danışıqlardan və onların nəticələrindən asılıdır. Sülh prosesinin konkretləşməsi üçün danışıqlar getməli, razılaşmalar olmalıdır. Ümid edilir ki, dəyişən regional gündəm və prosesin sürətlənməsi ortaq məxrəcə gəlinməsinə şərait yaradacaq".