Politoloq: Aİ missiyasının şərti sərhədə yaxınlaşması təxribatdır

Bakı Avropa İttifaqına nota göndərərək xəbərdarlıq etməlidir
 
 
 Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” son vaxtlar aktivləşiblər. Bundan əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdi. Məlumat və görüntülər narahatlığın əsassız olmadığını söyləməyə əsas verir. “Müşahidəçilər” Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiəti ilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər. Ermənistana məxsus 1 ədəd “Niva” və 1 ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn 4 “müşahidəçi” və 4 erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb. Müşahidə keçmiş “Laçın dəhlizi” istiqamətinə doğru aparılıb. Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil. Aİ “müşahidəçilərinin” erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar. Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

 Politoloq Fuad Abbasov "Sherg.az"a deyib ki, ümumiyyətlə, erməni və Avropa İttifaqının xüsusi missiyası altında fəaliyyət göstərən hərbçilərin Azərbaycan-Ermənistan şərti sərhədlərinə yaxınlaşması özlüyündə Azərbaycana qarşı təxribatdır. Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi yekunlaşmayıb:

 "Yəni Aİ missiyası və erməni hərbçiləri özbaşına qərar verə bilməzlər ki, Ermənistanın sərhədləri harada qurtarır və oradan Azərbaycan başlayır. İndiki vəziyyətdə müəyyən olunmamış sərhədlərdə müşahidə aparmaq Avropa İttifaqının birbaşa iştirakı ilə həyata keçirilən təxribatdır. Sirr deyil ki, Aİ missiyasını Ermənistan hökuməti məqsədli şəkildə bölgədə yerləşdirib və zaman-zaman onları şərti sərhədlərə gətirməklə müşahidə aparırlar. Yəni öz "şahidlərini" də yanlarına salaraq Azərbaycan tərəfini nəyəsə təhrik etmək, atılacaq hansısa addımda bizi ittiham etmək məqsədi güdürlər. Bakı Avropa İttifaqına nota göndərərək müəyyən olunmamış sərhədlərdə "müşahidə" aparılmasının, bölgədə hərbçilərin gəzməsinin yolverilməz olduğunu bəyan etməlidir. O da qeyd olunmalıdır ki, Azərbaycan bu təxribatlara adekvat cavab vermək haqqını özündə saxlayır. Əvvəlcədən xəbərdarlığımızı ona görə edirik ki, sabah adekvat tədbirlər görüləndə heç kim buna təəccüblənməsin".