İrəvanın sabotaj planı: Bunun nəticələri Ermənistan və havadarları üçün çox ağır olacaq

Ermənistan silahlı qüvvələrinin bölmələri Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atəşə tutub. Həmçinin yanvarın 6-sı saat 14:10 radələrində eyni istiqamətlərdən Ordumuzun mövqelərini atıcı silahlardan yenidən atəşə tutub", 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
"Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb", - məlumatda deyilir.

Hərbi ekspert Azər Bayramov "Sherg.az"a deyib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması bir daha erməni xislətini ortaya qoydu:

"Ermənistanın hərbi-siyasi rəhbərliyi sülhdən danışsa da, əməldə tamamilə əks fəaliyyət sərgiləyir. Havadarlarının dəstəyi ilə ordusunun yenidən formalaşdırılması, hərbi islahatların həyata keçirilməsi, ehtiyatda olanların yenidən orduya cəlb olunması Ermənistan hakimiyyətinin sülhdən yana olmadığının sübutdur. Belə addımlar onların ordusundakı revanşistləri də yeni təxribatlara həvəsləndirir. Dünən atəşə məruz qalan mövqelərimiz onların Gorus rayonunun Dığ və Xanazax istiqamətlərindən atəşə tutulub. İkinci Qarabağ müharibəsindən sonra həmin ərazilərin mütəmadi olaraq gərginlik ocağına çevrildiyi hər kəsə məlumdur. Ermənistan ordusunun bu istiqamətlərdə dəfələrlə təxribat törətməsi artıq adi hala çevrilib. Azərbaycan ordusu daim adekvat tədbirlər həyata keçirərək təxribatçıları zərərsizləşdirilib. Qeyd edək ki, zərərsizləşdirilənlər arasında xüsusilə "Yerkrapa" terrorçu qruplaşmasının üzvlərinin olduğu müşahidə edilib. Hesab edirəm ki, rəsmi İrəvan məqsədli şəkildə bu terrorçu qruplaşmaları Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yerləşdirib. Əlbəttəki belə addımlar sülh prosesini uzatmaq və mövcud vəziyyətin gərginləşdirilməsi üçün həyata keçirilir".

Ekspert əlavə edib ki, Ermənistan öz təxribatlarını "təhlükəsizlik təhdidləri" adı altında əsaslandırmağa çalışır və bununla da beynəlxalq ictimaiyyəti manipulyasiya edərək havadarlarının dəstəyini artırır:
"Xüsusilə Fransanın prosesə müdaxiləsi nəticəsində Ermənistana silah-sursat tədarükü və maliyyə yardımlarının artırılması təxribatçı niyyətlərin həyata keçirilməsinə şərait yaradır. Hesab edirəm ki, başda Avropa İttifaqının "sülhməramlı missiya" adı altında bölgədə fəaliyyət göstərən nümayəndələrinin Ermənistanın təxribatçı əməllərinə qarşı heç bir xəbərdarlıq etməməsi bizi həm Ermənistanın, həm də havadarlarının riyakar fəaliyyətlərini nəzərdən keçirməyə təşviq edir. Bütün bunlar nəzərə alındıqda rəsmi İrəvanın sülh prosesinin qurulmasına yönəlmiş təşəbbüsləri sabotaj etmək niyyətləri açıq şəkildə görünür. Lakin Ermənistan və onun havadarları anlamalıdır ki, bu təxribatçı fəaliyyətlər nə Ermənistanın, nə də onun dəstəkləyicilərinin maraqlarına xidmət etməyəcək. Azərbaycan indiyə qədər baş verən proseslərə səbirlə və təmkinlə yanaşıb, əsas hədəfini sülhün təmin olunması kimi müəyyənləşdirib. Əgər bu davranışlar daha intensiv xarakter alarsa, bunun nəticələri Ermənistan və onun havadarları üçün çox ağır olacaq".