Bakıda keçirilən məhkəmədə faktlar gün üzünə çıxır -ANALİTİK

ASALA, PKK və digər terror təşkilatlarının Azərbaycana qarşı ortaq fəaliyyəti dəfələrlə sübut olunub

Birinci Qarabağ müharibəsi dövründə ölkəmizə qarşı vuruşan Ermənistan ordusunun tərkibində ermənilərlə yanaşı, xaricdən cəlb edilən muzdlular da döyüşürdü. Zaman-zaman bu barədə məlumatlar dərc olunsa da, rəsmi İrəvan bunu təkzib edirdi. Danılmaz reallıqdır ki, Suriya və Livandan köçürülən muzdlular Ermənistanın işğalçılıq siyasətində yaxından iştirak ediblər. Bu azmış kimi Ermənistan işğal dövründə onları həmin ərazidə qanunsuz məskunlaşdırıb. Bakıda hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Təranə Məmmədova bildirib ki, Ermənistan Vətən müharibəsi gedişatında muzdlu döyüşçülərdən istifadə edib. O qeyd edib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib. Hazırda hərbi cinayətlərdə təqsirləndirilən şəxslər Bakıda mühakimə olunurlar. Bundan başqa, Fransanın “Zouaves Paris” (ZVP) qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfər terrorçu muzdlunun Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.

Siyasi şərhçi İlyas Hüseynov deyib ki, ASALA, PKK və digər terror təşkilatlarının Azərbaycana qarşı ortaq fəaliyyəti faktlarla dəfələrlə sübut olunub. Ekspertin sözlərinə görə, həmin terrorçu qruplaşamalar ərazilərimizdə birgə təlimlər, seminarlar keçirib, bölgənin relyefinə, coğrafiyasına, iqliminə uyğun fəaliyyəti koordinasiya ediblər:
 "Bu faktlar Bakıda keçirilən məhkəmə prosesinin müxtəlif epizodları formasında üzə çıxır. Məhkəmədə ifadə verən separatçıların rəhbərləri bunu dilə gətirirlər. Müharibə dövründə hərbi ekspertlər işğal edilmiş ərazilərimizdə terrorçuluğun geniş vüsət aldığını deyirdilər. Təkcə Birinci Qarabağ savaşında yox, 44 günlük müharibə və anti-terror əməliyyatları zamanı da erməni təxribatları davam edib. Ancaq Azərbaycanın siyasi-diplomatik, hərbi qələbəsindən sonra hüquq və qanunvericilik müstəvisində həyata keçirilən haqq mübarizəsi həm də beynəlxalq terrorçuluğa böyük zərbə oldu. Azərbaycan əleyhinə məkrli planları olan, müharibə arzulayanlar, erməniləri silahlandıranlar anlamalıdırlar ki, ölkəmiz transmilli cinayətkarlığa və terrorizmə də qalib gəldi".