Avropa İttifaqının vasitəçiliyinə Vaşinqton da dəstək verir

Azərbaycan yeni dünya nizamında Qərblə əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməlidir

“Qərb koalisiyası Rusiya və Çinin izolyasiyası prosesini həyata keçirməkdədir”. Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Qərb ölkələri ABŞ başda olmaqla prosesə start verib: “Həlledici şəkildə Ukraynada Rusiyanın çökdürülməsi ilə yanaşı, Hind-Sakit regionunda Çinə qarşı yeni cəbhə açılmaqdadır. ABŞ Prezidenti Cozef Baydenin dövlət başçısı İlham Əliyevə məktubu göstərir ki, Vaşinqton Azərbaycanın müstəqilliyinə dəstək verir, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını istəyir. 

Deməli, yeni nizamda Vaşinqton Cənubi Qafqazda və Xəzər regionunda Azərbaycanla əməkdaşlığı yeni müstəviyə qaldıracaq. Məhz Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüş də ABŞ-ın birbaşa dəstəyi ilə reallaşır. 

Azərbaycan yeni dünya nizamında Qərblə əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməlidir. Türkiyə ilə birgə regionda yeni layihələr reallaşdırmalıdır. Bu xüsusda Trans-Xəzər qaz kəmərinin çəkilməsi, Türkmənistan qazının Avropaya daşınması reallaşa bilər. 

Azərbaycanın Qərb dünyası üçün xüsusi əhəmiyyəti göz önündədir. Dövlət maraqlarımız tanınmaqla Ermənistanla sülh müqaviləsinin bağlanma ehtimalı yüksəkdir”.