Bahar Muradova: Kitaba olan marağın getdikcə artdığını müşahidə edirik


Uşaq Kitab Festivalına maraq çoxdur, ailələr buraya kitab ardınca gəlirlər. Bu o deməkdir ki, insanlarda kitaba hələ də sevgi və bağlılıq var. Uşaqlarımız kitaba yaxınlaşmaq, ünsiyyət qurmaq və kitabla böyümək istəyirlər. Bu da cəmiyyəti irəli aparan gözəl keyfiyyətdir. Hər bir ailə öz övladını bu ruhda böyütməlidir. Çünki işıqlı gələcəyi kitabsız təsəvvür etmək mümkün deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ikinci Uşaq Kitab Festivalında iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Bu festivallarda kitaba olan marağın getdikcə artdığını müşahidə edirik, bu isə çox sevindirici bir haldır. Festival göstərir ki, kitab təbliğatı istiqamətində daha geniş məkanlarda, daha çox insanların, həmçinin kitab işi ilə məşğul olan nəşriyyatların iştirakı vacibdir. Məqsədimiz isə uşaqlarımızın, gənclərimizin cəmiyyət, dövlət və gələcəyimiz üçün faydalı şəxsiyyət kimi formalaşmalarına töhfə verməkdir”, - deyə B.Muradova qeyd edib.