“Bu hərbi ittifaqın İrana qarşı yaradılması ehtimalı azdır - ŞƏRH

  • “Regionun təhlükəsizlik arxitekturasını dəyişmək çətin olacaq”

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar Yaxın Şərq və Cənubi Asiyada yeni təhlükəsizlik mexanizminin formalaşması baxımından diqqət çəkir. Üç ölkə arasında imzalanan Məkkə Sazişi çərçivəsində yaradılan müdafiə əməkdaşlığının əsas məqsədlərindən biri tərəflərin mümkün təhlükələrə qarşı birgə fəaliyyət imkanlarını artırmaq və müdafiə sahəsində koordinasiyanı gücləndirməkdir. İttifaqın yaradılmasından sonra onun gələcəkdə digər dövlətlərin iştirakı ilə genişləndirilməsi məsələsi də müzakirə mövzusuna çevrilib. Bununla belə, Pakistan Xarici İşlər Nazirliyinin son açıqlamasından görünür ki, hazırda yeni ölkələrin ittifaqa dəvət edilməsi ilə bağlı konkret danışıqlar aparılmır. Rəsmi İslamabad ilk növbədə Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında üçtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayır. Digər tərəfdən, Türkiyənin sazişə qoşulmaq istəyən ölkələrə münasibəti və ittifaqın gələcəkdə hansı dövlətlər üçün açıq ola biləcəyi məsələsi də xüsusi maraq doğurur. Çünki bu əməkdaşlığın yalnız üç ölkə arasında məhdudlaşacağı, yoxsa gələcəkdə daha geniş regional təhlükəsizlik platformasına çevriləcəyi ittifaqın fəaliyyət istiqamətlərindən və üzv dövlətlərin ortaq mövqelərindən asılı olacaq.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, bu, hərbi ittifaq yeni qurulub:

“Düzdür, Pakistanla Səudiyyə Ərəbistanı arasında hər bir sahədə əməkdaşlığa dair müqavilə var. Amma üçtərəfli müqavilə yenidir. Bunun strukturlarının formalaşması, təşkilatlanması prosesi, maliyyə qaynaqları, silahlı qüvvələri və s. məsələlər yəqin ki, müəyyən zaman aparacaq. Təşkilat özü formalaşma dövrünü başa çatdırdıqdan sonra cəlbediciliyindən asılı olaraq müxtəlif dövlətlər ona üzv olmaq imkanı əldə edirlər. Çünki bu, daha çox müdafiə xarakterli təşkilatdır. Xüsusən orada nəzərdə tutulmuş ölkələrə hücum, digərinə hücum kimi qiymətləndirilir. Bu, regionda baş verə biləcək yaxud kənardan bu ölkələrə ərazi bütövlüyünü pozacaq qüvvələrə qarşı müqavimətin təşkil olunmasının məsələsidir. Hücum yaxud başqa ölkəyə müdaxilə nəzərdə tutulmadığından onun regionda güc balansını dəyişməsi imkanı məhduddur. Çünki regionda əsas güc sahibi xarici faktorlardır. Və xüsusən ərəb ölkələrinin bu xarici faktorlarla hesablaşması regionun təhlükəsizlik arxitekturasının dəyişməsinə yaxud dəyişdirilməsinə problem yaradır”.

Analitik qeyd edib ki, ittifaqın İrana qarşı yaradılması ehtimalı azdır:

“Çünki bəzi mənbələr bildirir ki, İran belə bu bloka qoşula bilər. Bu baxımdan, sözügedən blok hələ ki, üç dövlətin müdafiə sistemini yaxşılaşdırmaq, bir-birinə yaxınlaşdırmaq hədəfləyir. Gələcəkdə onun tərkibinin genişlənməsi, onun müxtəlif birgə tədbirləri keçirməsi yönündə dəyişikliyin baş verilməsi də təşkilatın gücündən və regional dəstəyindən asılı olacaq”.