Dağıntılar təmizlənir


Kahramanmaraşın bir hissəsində xilasetmə işləri yekunlaşıb

AYİB zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri ilə bağlı ilkin proqnozunu açıqlayıb


  Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 mini keçib. Təbii fəlakət zamanı yaralanan şəxslərin sayı isə 108 min 068 nəfərdir. Zəlzələ bölgəsindən təxliyə olunanların sayı 216 min 347 nəfərə çatıb. Zəlzələdən zərər çəkənlərə yardım toplamaq məqsədilə ötən gün Türkiyə və dünyadan 213 televiziya və 562 radionun iştirakı ilə "Türkiyə - tək ürək" kampaniyası keçirilib. Kampaniya çərçivəsində toplanan vəsait 115 milyard lirəni keçib. 

Türkiyədə zəlzələdən sonra 4000 afterşok qeydə alınıb

  Türkiyədə 6 fevralda baş vermiş zəlzələdən sonra afterşoklar davam edir. Zəlzələlərdən sonra ümumilikdə 4000 afterşok qeydə alınıb. Türkiyədə dünəndən etibarən axtarış-xilasetmə işləri ilə yanaşı, ağır texnika vasitəsi ilə dağıntıların aradan qaldırılması prosesinə də başlanıb. Prosesdən öncə dağıntılardan nümunələr götürülür, ardından isə artıq zəlzələ nəticəsində yaranan dağıntılar təmizlənir.

  Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zəlzələnin Türkiyə iqtisadiyyatına ilkin təsirləri ilə bağlı proqnozunu açıqlayıb. Qeyd edilib ki, zəlzələnin ümumi iqtisadi fəaliyyətə təsiri ilə bağlı hər hansı qəti proqnozlar vermək çox tezdir. AYİB bununla belə hesab edir ki, ağlabatan qiymətləndirmə zəlzələnin bu il Türkiyə iqtisadiyyatının ÜDM-nin 1 faizi həcmində itkiyə səbəb olacağını deməyə əsas verir: "Yenidənqurma səylərinin ilin son aylarında tədarük zəncirlərinə və infrastruktura dəyən zərərin mənfi təsirini qismən kompensasiya etməsi gözlənilir". 

Zəlzələ bölgəsində 74 ölkədən 7098 xilasedici çalışır

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində fəaliyyət göstərən ölkə sayı 74, heyət sayı isə 7098 nəfərdir. Nazir qeyd edib ki, bəzi ölkələr Türkiyədə axtarış-xilasetmə işlərini tamamlayıb: “Hazırda ölkəmizə axtarış-xilasetmə işləri üçün heyət göndərəcək ölkələr də var, gözlənilən heyət sayı isə 439 nəfərdir. Zəlzələ bölgəsində işlərini tamamlayıb ölkəmizi tərk edən ölkə sayı 15, heyət sayı isə 4236 nəfərdir. Mən bu ölkələrə və onların heyətlərinə ayrı-ayrılıqda təşəkkür edirəm”, - o deyib.

  Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin nümayəndəsi Məhəmməd Həmzə Nedimoğlu deyib ki, Kahramanmaraş zəlzələdən ən çox zərər görən bölgədir: "Burada yüzlərlə belə bina dağılıb. Hazırda burada onlarla heyət axtarış-xilasetmə işləri görür. O cümlədən İHH Humanitar Yardım Vəqfinin axtarış-xilasetmə heyətinin tərkibində azərbaycanlı tələbə də var. Artıq bu gündən etibarən bu ərazidə işlərimizi yekunlaşdırırıq".

  Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur: "Bir çox vətəndaşımız haqqında məlumat alınıb. İki vətəndaşımız qalıb ki, onlardan hələlik xəbər yoxdur”. Qeyd edək ki, Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub. 

Türkiyəyə dəmir yolu ilə 25 25 konteynerdən ibarət humanitar yardım göndərilib

  Biləcəri dəmiryol stansiyasından Türkiyəyə humanitar yardım göndərilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib ki, bugünə qədər humanitar yardımlar Azərbaycandan Türkiyəyə hava və quru yolu ilə göndərilirdi. Hazırda humanitar yardımlar 25 konteynerdən ibarət yük qatarı ilə yola salınır: "Bu qatar Bakı-Tiblisi-Qars dəmiryolu xətti üzrə 3 gün ərzində qardaş Türkiyəyə çatdırılacaq. Biz bu humanitar yardımların dəmiryolu vasitəsilə çatıdırılmasında əlimizdən gələni əsirgəməyəcəyik". 

20 ədəd modul tipli ev Türkiyəyə göndərilib 

  Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan Respublikasının şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilib. Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.
  Fevral ayının 13-də modul tipli evlərdən 4-ü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yola salınıb, fevralın 15-də isə Mingəçevir, Kürdəmir, Goranboy, Cəlilabad və Tərtər İH-lərinin sifarişi ilə hazırlanmış daha 20 ədəd ev qardaş ölkəyə yola salınıb. Dünən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti dəfə 4 ədəd modul tipli ev Türkiyəyə yola salınıb. 

FHN tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub 

  Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir. FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.

Kahramanmaraşda azı 15 azərbaycanlı tələbə və müəllim fəaliyyət göstərir

  Onlarla ölkədən göndərilən yardımlar qardaş ölkədə təbii fəlakət qurbanlarına maddi kömək olmaqla yanaşı, bütün türk xalqı üçün vacib mənəvi dəstək olub. Azərbaycanda faciənin ilk günlərindən həm hökumət, həm də xalq səviyyəsində başladılan humanitar yardım kampaniyaları Türkiyə mediasının diqqət mərkəzindədir. Anadolu xəbər agentliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təxliyədən imtina edərək könüllü şəkildə xilasetmə işlərinə dəstək verməsindən bəhs edən məqalə dərc edib. Məqalədə qeyd olunub ki, Kahramanmaraşdakı Sütçü İmam Universitetində doktorantura təhsili alan azərbaycanlı tələbə Elxan Qurbanlı təxliyə avtobusu ilə Kahramanmaraşdan yola salınsa da, Ankarada fikrini dəyişərək geri qayıdıb və könüllü olaraq zəlzələ qurbanları üçün yemək bişirən komandaya qoşulub. Məqalədə qeyd olunub ki, Kahramanmaraşda azı 15 azərbaycanlı tələbə və müəllim zəlzələ qurbanlarına müxtəlif yollarla yardım etmək üçün könüllü fəaliyyət göstərirlər. Yazıda Azərbaycanın Türkiyəyə göndərdiyi 745 xilasedicinin 53 nəfəri dağıntılar altından sağ çıxardığı, 700 nəfərin isə meyitini təhvil verdiyi qeyd olunub. 

"Azərbaycan könüllüləri harada ehtiyac var, ora qaçır"

  “Sabah” qəzeti də azərbaycanlı könüllülərin fəaliyyəti ilə bağlı geniş yazı dərc edib. Məqalədə qeyd olunub ki, Azərbaycanın yardımı sadəcə göndərdiyi axtarış-xilasetmə qrupları ilə bitməyib. Vurğulanıb ki, Azərbaycan Gənclik Vəqfinin (TÜGVA) üzvü olan 100 gənc Kahramanmaraşda könüllü fəaliyyət göstərir, zəlzələ qurbanı olan uşaqlarla vaxt keçirir, insanların dərdinə şərik olaraq onlara mənəvi dəstək verir: “Harada ehtiyac varsa, oraya qaçan azərbaycanlı gənclər iki dövlət, bir millət olduğumuzu bir daha bütün dünyaya göstərir”. “Bursahakimiyet” saytında isə Azərbaycandan Türkiyəyə göndərilmiş qida, paltar, yataq dəstlərinin arasından tapılan təsirli qeydlərin duyğulu anlara səbəb olduğu qeyd edilib. “Hürriyet” qəzetində dərc edilmiş yazıda Azərbaycandakı türkiyəli iş adamları tərəfindən Türkiyəyə 135 TIR yardım göndərildiyi, qida və su yüklənmiş 26 vaqonluq yardımın isə dəmir yolu ilə bu gün yola salınacağı bildirilib.