“Bu baxımdan erməni diplomatiyası sözün həqiqi mənasında naqisdir”
“Bilirlər ki, Azərbaycan beynəlxalq hüququn tələblərindən kənara çıxmayıb, yenə də özlərini bilməməzliyə vururlar”
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “RİA” agentliyinə müsahibəsinə münasibət bildirib. L.Abdullayeva bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın "RİA" xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bu günədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib:
"Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla, bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyasının” saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir.
Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çardırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır, çünki ölkə nəhayət yalan və xülyalara son verərək, gələcək inkişaf və tərəqqiyə köklənə bilər.
Ölkəmiz dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmaq tərəfdarı olduğunu bəyan edib. Ermənistan tərəfinin revanşist bəyanat və davranışları isə bu ölkənin hələ də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir".
Ermənistanın beynəlxalq diplomatiyadan başı çıxmadığını söyləyən politoloq Tofiq Abbasov “Sherg.az”a vurğulayıb ki, A.Mirzoyanın açıqlaması da ermənilərin növbəti cahilliyindən irəli gəlir.
“Həm beynəlxalq diplomatiya leksikonunda, həm də diskusiya mədəniyyətində “no comment” deyilən bir ifadə var. Yəni “şərhə ehtiyac yoxdur”. Bu, çox populyar ifadədir. Bəzi hallarda vəziyyət o dərəcədə aydın və dolğun olur ki, dərrakəli insanlar hansısa müdaxiləyə ehtiyac olmadığını dərk edir. Ancaq erməni məfkurəsi obyektiv yanaşma və baxışa məhəl qoymur. Elə məqamlar var ki, bir-iki cümlə deyən kimi bəzi insanlar məsələnin məğzində duran fikri başa düşür. Ermənilər üçün isə belə bir müdrik yanaşma yaddır. Özlərini o dərəcədə natamam tərzdə ifadə edirlər ki, hər məqamı onlara az-az diqtə edib çatdırmaq lazım gəlir. Bu baxımdan erməni diplomatiyası sözün həqiqi mənasında naqisdir. Bilirlər ki, Azərbaycan beynəlxalq hüququn tələblərindən kənara çıxmayıb, yenə də özlərini bilməməzliyə vururlar”.
T.Abbasov qeyd edib ki, natamam və qəliz düşüncəli erməni diplomatiyasına məhəl qoymalı deyilik:
“Əsas odur ki, beynəlxalq ictimaiyyət Azərbaycanın düzgün siyasət yeritdiyini, Ermənistana qarşı irəli sürülən iddialarda haqsız olmadığını görür. Digər tərəfdən siyasətimizdə yüksək yanaşmalar sərgiləyərək qonşularımızı da buna çağırırıq. Ermənilər belə siyasət yürüdə bilmirlərsə, deməli problem onların özündədir. Dəfələrlə gördük ki, bir çox erməni qüvvələri Azərbaycanla bağlı qeyri-sağlam və anlaşılmayan siyasət yürüdürlər. Lakin ölkəmiz həqiqətin özünü ifadə edir. Ona görə də bütün tələblər Azərbaycan yox, Ermənistana qarşı irəli sürülməlidir”