Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH

  • “Fransanın Azərbaycan-Ermənistan prosesinə müdaxilə imkanları yoxdur”
  • Asif Nərimanlı: “Regionda əsas güc olaraq artıq Azərbaycan ortaya çıxıb”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla keçirdiyi görüş regionda Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda diqqət çəkir. Yelisey sarayında baş tutan görüşdə iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Cənubi Qafqazdakı son proseslər və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri də müzakirə olunub. Tərəflərin sülh prosesinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulaması Parisin Ermənistan-Azərbaycan münasibətlərinə dair mövqeyinin hansı istiqamətdə formalaşdığını bir daha gündəmə gətirir. Xüsusilə regionda yeni reallıqların yarandığı və sülh gündəliyinin əsasən Bakı ilə İrəvan arasında birbaşa təmaslar üzərindən irəlilədiyi şəraitdə Makron-Paşinyan görüşünün regional proseslər baxımından əhəmiyyəti artır.

Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Paşinyanın Fransaya səfəri və orada Makronla görüşündə apardığı müzakirələrə daha çox Ermənistanın hazırlığı, düşdüyü iqtisadi çətinliklər yolunda baxa bilərik:

“Çünki Ermənistan Rusiyanın iqtisadi təsiri ilə üz-üzədir. Hərbi və siyasi baxımdan Avropanın dəstəyini ala bilsə də, iqtisadi baxımdan Avropanın verdiyi dəstək Ermənistanın iqtisadi çətinliklərini aradan qaldırmağa yetərli deyil. Yəni, Ermənistan hələ də iqtisadi baxımdan Rusiyadan və Avrasiya İqtisadi İttifaqı bazarından asılıdır. Rusiya da bunu bildiyi üçün Ermənistanı Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur edir. Bu da həm Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya siyasəsinə mənfi təsir edir, həm də iqtisadi əlavə problemlər yaradır. Sözügedən vəziyyətdə isə Paşinyan hakimiyyəti Avropadan daha çox iqtisadi dəstək almağa çalışır, yəni iqtisadi dəstəyini bu yolla kompensasiya etməyi hədəfləyir”.

Analitik qeyd edib ki, Paşinyan Makrondan Avropanın daha çox iqtisadi dəstək verməsini istəyir:

“Paşinyanın əsas məqsədi bu məsələdə Ermənistana daha çox iqtisadi dəstək verilməsi, iqtisadi itkilərinin kompensasiya edilməsi məsələsini Avropa İttifaqında müzakirəyə çıxarmaq və Avropa İttifaqının bununla bağlı qərarlarına təsir etməkdir. Bununla yanaşı görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. Proseslər bundan sonrakı dövrdə Fransanın əvvəlki Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə imkanlarının çox məhdud olduğunu göstərir. Bilirik ki, Fransa daha öncə regiondakı maraqlarını təmin etmək üçün danışıqlar prosesinə müdaxilə edir və Ermənistan üzərindən maraqlarını diktə etməyə çalışırdı. Amma artıq vəziyyət dəyişib regionda, xüsusən Vaşinqton anlaşmasından sonra bu prosesdə əsas təminatçı Amerikadır və Fransanın müdaxilə etmək cəhdləri Amerikanın sülh təşəbbüslərinə qarşı edilən cəhddir. Digər tərəfdən, Azərbaycan-Ermənistan arasında danışıqlar ikitərəfli formatda həyata keçirilir. Üçüncü tərəflərin bu prosesə müdaxilə imkanları xeyli qədər məhduddur. O baxımdan düşünmürəm ki, görüş sülh prosesinə mənfi təsir edə bilər. Hətta Fransa istəsə belə, artıq bu prosesə mənfi formada və yaxud da prosesi pozacaq hansısa bir addım formasında müdaxilə etmək imkanları yoxdur. Güc balansına gəldikdə isə, Ermənistan nöqteyi-nəzərindən regionda güc balansının dəyişməsi qeyri-mümkündür. Regionda əsas güc olaraq artıq Azərbaycan ortaya çıxıb və bu reallıq həm regional, həm də regiondan kənar qüvvələr tərəfindən qəbul olunur. Hətta Fransa bu vəziyyəti dəyişməyə cəhd göstərsə belə, bu qeyri-mümkündür. Əksinə, Fransanın belə bir addım atması və yaxud da bundan sonra hər hansı bir anti-Azərbaycan cəhdi regiondakı maraqlarını daha da təhlükə altına atır”.