Haqsız rəqabət aradan qaldırılacaq



“Rəqabət Məcəlləsi”nin qəbulu islahatların yeni mərhələsi olacaq

“Uzun müddət müzakirə edilən “Rəqabət Məcəlləsi” layihəsi Nazirlər Kabinetinə təqdim olunub”. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. Deputat bildirib ki, sənəd rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini müəyyən edir: “Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.

Layihə Milli Məclisə təqdim olunduqdan sonra sənəd ilə bağlı daha ətraflı müzakirə aparıb və fikir bildirmək mümkün olacaq. Bununla yanaşı, “Rəqabət Məcəlləsi” layihəsinin hazırlanması islahatlarda yeni mərhələ kimi xarakterizə olunmalıdır. Aydındır ki, iqtisadiyyatda rəqabətin tam formalaşması, haqsız rəqabətin aradan qaldırılması prioritetdir. Liberal iqtisadiyyatın formalaşması tam rəqabət mühiti tələb edir. Məcəllə haqsız rəqabətə, istehlak bazarına yersiz müdaxilələrə qarşı fəaliyyətlərin sistemləşməsinə və ünvanlılığın dəqiqləşməsinə imkan verəcək. Bu, həmçinin islahatların daha da dərinləşməsi üçün yeni bir imkan deməkdir”.