İranın Avropaya raket təhdidi özünə qarşı çevrilə bilər - POLİTOLOQ

  • Əgər İran doğrudan da Avropanı hədəfə alsa, o zaman bu ölkələri istər-istəməz ABŞ-nin yanında yer almaq durumunda buraxacaq

ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələyə keçməsi fonunda münaqişənin Yaxın Şərq hüdudlarından kənara çıxması ilə bağlı narahatlıqlar artır. Tehranın Vaşinqtonun mümkün yeni hücumlarına cavab olaraq Avropadakı ABŞ hərbi obyektlərini hədəfə ala biləcəyi barədə məlumatlar eskalasiyanın coğrafiyasının genişlənməsi riskini gündəmə gətirir. Xüsusilə Bolqarıstan və Kiprin adlarının mümkün hədəflər sırasında çəkilməsi diqqət çəkir. Bolqarıstanın “Bezmer” aviabazasından ABŞ-ın yanacaqdoldurma təyyarələrinin istifadəsinə icazə verməsi, Kiprin isə strateji əhəmiyyəti İranın diqqətində olan istiqamətlər kimi göstərilməsinə səbəb olub. Belə bir ssenarinin reallaşması ABŞ-İran qarşıdurmasını Avropaya da daşıya və NATO ölkələrinin prosesə daha fəal cəlb olunmasına gətirib çıxara bilər. Bununla yanaşı, söhbətin hələlik İranın mümkün eskalasiya halında nəzərdən keçirdiyi ssenaridən getdiyi bildirilir.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, İran tərəfindən bu cür açıqlamaları zaman-zaman eşitməkdəyik:

“Doğrudur, İranın raket potensialı ABŞ-nin Körfəz ölkələrində, o cümlədən İsraildə olan hədəfləri vurmaq üçün yetərlidir. İran son dövrdə 4 min kilometrə qədər uçuş məsafəsi olan raketləri ilə bağlı anonslar verir. Bu isə İranın raket qüvvələrinin uzaq hədəfləri vurmaq imkanına malik olduğunu göstərir. Amma bu raket sistemlərinin sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. İranın ABŞ-lə qarşıdurma şəraitində Avropadakı hədəfləri vurmaqla bağlı təhdidlərinə gəlincə, bu, İran üçün də ciddi risklər daşıyan bir məsələdir. Belə ki, əgər İran doğrudan da Avropada, xüsusilə Kipr və Bolqarıstanda, digər ölkələrdə ABŞ hərbi bazalarını hədəf almaqla bu ölkələrə zərər verməyə qalxsa, o zaman bu ölkələri istər-istəməz ABŞ-nin yanında yer almaq durumunda buraxacaq. Bu da İran üçün beynəlxalq səviyyədə dəstəyin daha da azalmasına və təzyiqin artmasına gətirib çıxara bilər”.

Analitik qeyd edib ki, İranın müəyyən təhdid imkanları var, amma biz daha çox hibrid bir savaş görməkdəyik:

“Tərəflər bir-birinə daha çox psixoloji təzyiq və informasiya müharibəsi aparmaqla böyük məqsədlərinə çatmağı hədəfləyirlər. Düşünürəm ki, bu cür açıqlamalar daha çox çəkindirmə xarakteri saşıyır. Əgər bu açıqlamalar real şəkildə həyata keçirilərsə, bir daha deyirəm, o zaman Şərqi Avropa ölkələrinin də bu prosesə qoşulması və ABŞ-nin yanında yer alması ciddi xarakter ala bilər. Bu da İran üçün heç də arzuolunan bir məsələ deyil”.