Son dövrlərdə Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərə qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yayılması son dövrlərdə ciddi narahatlıq doğurur. Müşahidə olunan tendensiya göstərir ki, Rusiyanın bəzi rəsmi dairələrində Azərbaycanla münasibətləri soyuqlaşdırmaq niyyəti mövcuddur. Bu ölkədə media tamamilə müstəqil və dövlət təsirindən kənar fəaliyyət göstərən informasiya sistemi deyil ki, anti-Azərbaycan materiallarının müstəqil jurnalist mövqeyi olduğunu düşünək.
Xüsusilə federal telekanallar, dövlətə yaxın media qurumları və siyasi tok-şoular Rusiyanın ümumi informasiya siyasətinin mühüm alətləridir. Ona görə də belə platformalarda eyni ölkəyə qarşı uzun müddət davam edən, müxtəlif müəlliflər və müxtəlif media qurumları tərəfindən təkrarlanan eyni ritorikanı sırf jurnalistlərin şəxsi mövqeyi kimi izah etmək inandırıcı deyil.
Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. Şura Rusiyanın informasiya məkanında müşahidə olunan tendensiyanı qətiyyətlə pisləyib və xüsusilə materialların sistemli xarakter daşımasına diqqət çəkib.
Mətbuat Şurasının bəyanatında diqqətçəkən əsas məqamlardan biri Rusiyanın informasiya məkanında yayılan bu materialların mümkün siyasi mənasına dair verilən qiymətləndirmədir. Bəyanatda qeyd olunub ki, Rusiya informasiya məkanının sərt qanunvericiliklə tənzimləndiyi bir şəraitdə Azərbaycan əleyhinə bu cür materialların ardıcıl və sistemli şəkildə ortaya çıxması onların müəyyən mənada dövlət siyasəti səviyyəsində təsdiqlənməsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı, son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Xüsusilə, 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib.
Bununla yanaşı, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində “YouTube” platformasında, 16 avqust tarixində isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb.
Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb. Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
Mövzunu Sherg.az-a şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli də açıqlamasında Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təxribatçı informasiyaların yayılması və aqressiv çıxışların edilməsinin yeni hadisə olmadığını deyib. Onun sözlərinə görə, müxtəlif dövrlərdə Azərbaycanın xarici siyasəti, Qarabağ məsələsində mövqeyi, Türkiyə ilə münasibətləri, Avropa ilə anlaşması, bir sözlə, müstəqil siyasət yürütməsi ayrı-ayrı rusiyalı jurnalistlərin, siyasətçilərin və ekspertlərin tənqidinə səbəb olub:

“Lakin son dövrdə bu tənqidlərin bir hissəsi siyasi polemika çərçivəsindən çıxaraq təhqir, düşmənçilik, milli nifrət və hətta zorakılığa çağırış elementləri ilə müşayiət olunur. Azərbaycan Baş Prokurorluğunun son günlərdə yaydığı məlumat da məsələnin artıq jurnalist etikası və siyasi ritorika müstəvisin aşdığını göstərir. Belə ki, Rusiya mediasında yayımlanan və Azərbaycanı hədəf alan ayrı-ayrı çıxışlarla bağlı Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. İstintaq materiallarında 14 iyul və 13 avqust 2026-cı il tarixlərində yayımlanan “Чистота понимания” verilişlərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrətin qızışdırılmasına və fiziki məhvə çağırış xarakterli fikirlərin səsləndirilməsi araşdırılır. Bu, problemin artıq adi media tənqidi olmadığını göstərən ciddi göstəricidir.Bundan bir müddət əvvəl isə Rusiya dövlət televiziyasında Azərbaycana qarşı qəbuledilməz informasiya manipulyasiyası müşahidə olunub. Məsələn, may ayında “Pervıy kanal”ın efirində Azərbaycanın xəritəsinin təhrif olunması və artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsinin göstərilməsi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ciddi təxribat və siyasi manipulyasiya kimi qiymətləndirilib. Deməli, son hadisələri ayrı-ayrı jurnalistlərin şəxsi emosional çıxışları ilə məhdudlaşdırmaq çətindir. Burada daha geniş informasiya-siyasi kontekst mövcuddur”.
M. Ələsgərli hesab edir ki, Azərbaycanın öz milli maraqları əsasında çoxvektorlu və müstəqil xarici siyasət həyata keçirən dövlət kimi çıxış etməsi Rusiyada hansısa mərkəzləri narahat edir:
“ Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, ölkənin regional gücünün artması və xarici siyasətdə manevr imkanlarının genişlənməsi onların nəzərində Moskvanın Cənubi Qafqazdakı əvvəlki təsir mexanizmlərinin zəifləməsi anlamına gəlir. Müasir Rusiyanın regionda təsir imkanlarının azalması ilə bağlı narahatlığın Ermənistan istiqamətində də özünü göstərdiyi müşahidə olunur. Belə görünür ki, Azərbaycanın geosiyasi əhəmiyyətinin getdikcə artması paralel olaraq Rusiyadakı şovinizt mərkəzlərin narahatçılığını da artırır. Türkiyə ilə strateji tərəfdaşlığın dərinləşməsi, Avropa ilə enerji və nəqliyyat əlaqələrini genişlənməsi, Orta Dəhliz layihənin reallaşmağa doğru getməsi, bir sözlə, Bakının regional və qlobal proseslərdə çəkisinin artması Rusiyadakı mərkəzlərin yuxusunu ərşə çəkir. İndi onlar Azərbaycan haqqında yalnız mənfi rəy yaratmaqla kifayətlənmirlər. İrəli gedib siyasi qərarların qəbuluna təsir göstərmək, cəmiyyət daxilində narahatlıq yaratmaq, dövlət institutlarına etimadı zəiflətmək kimi absurd təşəbbüslərlə çıxış edirlər. Rusiyanın dırnaqarası media təmsilçiləri nəzərə almalıdırlar ki, onların yaratmaq istədikləri informasiya təxribatlarının Azərbaycanda effekt verməsi imkansızdır. Çünki həmin informasiya təzyiqinin Azərbaycan cəmiyyəti daxilində real sosial dayaqları yoxdur. Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı təhqiramiz və təhdidkar ritorikanın artması Azərbaycan cəmiyyətində parçalanma yaratmaq əvəzinə, əksinə, belə yanaşmalara qarşı ictimai reaksiyanı gücləndirir. Dövlət qurumlarının hüquqi müstəvidə addımlar atması, Azərbaycan Mətbuat Şurasının media etikası və peşə məsuliyyəti baxımından sərt mövqe nümayiş etdirməsi və cəmiyyətin böyük hissəsinin bu cür təxribatları rədd etməsi Azərbaycanın informasiya təhlükəsizliyi baxımından mühüm immunitetinin formalaşdığını göstərir. Ona görə də hesab edirəm ki, Rusiyanın ayrı-ayrı media resurslarında müşahidə olunan bu kampaniya Azərbaycan üçün deyil, Rusiya informasiya məkanının özü suallar doğurur”.