- “Tehran bir tərəfdən böhranın təsirlərini azaltmağa, digər tərəfdən güzəşt əldə etməyə çalışır”
İranla ABŞ arasında münasibətlərdə gərginlik diplomatik təmasların davam etməsi fonunda da səngimir. Tehran bir tərəfdən Vaşinqtonla danışıqlara hazır olduğunu bəyan edir, digər tərəfdən isə mümkün yeni hərbi qarşıdurma ssenarisinə hazır olduğunu bildirir. İran xarici işlər naziri Abbas Əraqçinin açıqlamaları göstərir ki, Tehran danışıqların mümkünlüyünü tamamilə istisna etmir, lakin bunun üçün ABŞ tərəfindən İranın irəli sürdüyü şərtlərin qəbul edilməsini vacib sayır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi zərbə ehtimalını gündəmdə saxlaması iki ölkə arasında qarşıdurmanın diplomatik müstəvidən hərbi müstəviyə keçə biləcəyi ilə bağlı sualları artırır. İranın Hörmüz boğazının açılması ilə bağlı vasitəçilər üzərindən Vaşinqtona plan təqdim etməsi də tərəflər arasında mümkün razılaşma axtarışlarının davam etdiyini göstərir. Bununla belə, ABŞ-nin İranın təklifini qəbul etməməsi və hərbi variantı istisna etməməsi danışıqlar prosesinin mürəkkəb olaraq qaldığını göstərir. Belə bir şəraitdə Tehran həm diplomatik kanalları açıq saxlamağa, həm də mümkün hərbi təzyiqə qarşı hazırlığını nümayiş etdirməyə çalışır.
ABŞ-də Konqres seçkilərindən sonrakı dövr üçün hərbi əməliyyat ehtimalının səsləndirilməsi isə vəziyyətə əlavə qeyri-müəyyənlik gətirir. Tramp İranla danışıqların davam edə biləcəyini bildirsə də, hərbi zərbələrin yenidən bərpa olunması variantını nəzərdən keçirdiyini də açıqlayıb. Beləliklə, hazırkı mərhələdə İran-ABŞ xəttində əsas sual diplomatik təmasların konkret razılaşmaya çevrilib-çevrilməyəcəyi və tərəflərin hərbi qarşıdurmadan yayınmaq üçün hansı şərtləri qəbul edəcəyi olaraq qalır.
Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli Sherg.az-a bildirib ki, İndiki situasiyaya uyğun olaraq müxtəlif bəyanatlar verilir və burada bunu qəribə vəziyyət kimi təqdim etməyə heç bir əsas yoxdur:
“Trampın qarşısını alan əsas amillərdən biri aralıq seçkiləri, digəri isə neftin qiymətinin artması idi. Hazırda isə onun Bəb əl-Məndəb boğazı ilə bağlı problemləri var və bu məsələ neftin qiymətinin yüksəlməsi riskini artırır. Böyük ehtimalla, Trampın bəyanatını ciddi qəbul etmək lazımdır. O, bir tərəfdən danışıqların və müzakirələrin davam etdiyini bildirir. Bunun nə dərəcədə doğru olduğunu dəqiq demək çətindir. Lakin görünən odur ki, bu açıqlamalar müəyyən mənada enerji bazarını sakitləşdirməyə yönəlib. Bununla belə, ara seçkilərindən sonra ABŞ-nin İranın üzərinə daha ciddi şəkildə gəlməsi ehtimalı kifayət qədər yüksəkdir. Yəni seçkilərdən sonra Vaşinqtonun İrana qarşı təzyiqləri artırması və daha sərt addımlar atması mümkün ssenarilərdən biridir”.
Analitik qeyd edib ki, İran tərəfinin mövqeyinə gəldikdə isə, iyul ayında irəli sürülən 17 maddəlik təklif və ya memorandum məsələsi xüsusi əhəmiyyət daşıyır:
“Söhbət Amerikanın qəbul etdiyi, lakin sonradan İranın imtina etdiyi məşhur memorandumdan gedir. İranın bu sənədə yenidən razılıq verməyə meyil göstərməsinin əsas səbəblərindən biri ölkə daxilində vəziyyətin olduqca ağır olmasıdır. İran ciddi embarqo və mühasirə altındadır. Neft ixracı ölkənin əsas iqtisadi və siyasi alətlərindən biridir. İran neftinin dünya bazarına çıxarılmaması neftin qiymətinin kəskin artmasına səbəb ola bilərdi. Vaxtilə neftin qiymətinin 200, hətta 300 dollara qədər yüksələ biləcəyi deyilirdi, lakin bu proqnozlar reallaşmadı. Həmçinin İran uzun illər ərzində Hörmüz boğazını bağlamaqla dünya iqtisadiyyatını çökdürə biləcəyini də bəyan edib. Lakin bu təhdid də indiyədək gözlənilən nəticəni verməyib. Buna görə də İranın həm neft ixracını davam etdirmək, həm də boğazların bağlanması ilə bağlı təhdidlərdən istifadə etmək siyasəti ölkənin iqtisadi vəziyyəti və beynəlxalq təzyiqlərlə birbaşa bağlıdır. İranın daxili vəziyyətini nəzərə alsaq, onun memoranduma razı olması və “gəlin danışaq, biz prinsip etibarilə qəbul edirik” deməsi təsadüfi deyil. Bu, ölkədə iqtisadi vəziyyətin çox kritik həddə çatdığını göstərir. Bununla belə, bu açıqlamanı İranın son qərarı kimi qiymətləndirmək olmaz. SEPAH generallarının hansı mövqedə dayanacağı və onların mümkün razılaşmaya necə yanaşacağı hələ də qeyri-müəyyəndir. Prezident Pezeşkianın və İran Xarici İşlər Nazirliyinin dilindən “gəlin bu memoranduma qayıdaq, onu ciddi şəkildə müzakirə edək, prinsip etibarilə biz razıyıq” fikrinin səsləndirilməsi də məhz bu daxili və iqtisadi təzyiqlərlə əlaqəlidir. Tehran bir tərəfdən sanksiyaların və iqtisadi böhranın təsirlərini azaltmağa, digər tərəfdən isə danışıqlar yolu ilə müəyyən güzəştlər əldə etməyə çalışır. Əraqçinin “biz savaşa da hazırıq, sülhə də hazırıq” bəyanatına gəldikdə isə, bu, İranın ənənəvi ritorikasıdır. Tehran həm hərbi qarşıdurmaya hazır olduğunu nümayiş etdirir, həm də diplomatik kanalları açıq saxlayır. Bu baxımdan, həmin bəyanatda qeyri-adi heç nə yoxdur”.