Küçələrə vurulan kimyəvi maddələrin tərkibi ictimaiyyətə açıqlanmalıdır - Ekoloq

  • Eldar Şükürov: “Bir sənəd olmadan heç kim bu maddələrin təhlükəsiz olduğunu deyə bilməz”

Bəlkə də çoxumuz xatırlayar, xalq artisti Zeynəb Xanlarova Niderlanda qastrol səfərindən qayıtdıqdan sonra Amsterdamda küçələrin şampunla yuyulduğundan danışmışdı. Elə bir dövrə gəlib çatdıq ki, Bakının küçələri də yuyulur. Amma bilinmir, nəylə.

Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin bu barədə məlumatında qeyd olunur ki, kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Təmizlik, dezinfeksiya təbii ki, faydalıdır, şəhərimizin təmiz, abad görünməsinə xidmət edir. Sosial şəbəkələrdəki bəzi paylaşımlarda isə küçələrin yuyulması ilə bağlı vətəndaşlarda sual yaranır ki bu məhlullar hansı dərəcədə zərərsizdir, ətraf mühitə, yaşıllıqlara, xüsusən də ağaclara ziyanı ola bilərmi? 

Ekoloq-bioloq, bilogiya üzrə elmlər namizədi Eldar Şükürov “Sherg.az”a açıqlamasında bildirdi ki, küçələrin, səkilərdəki avadanlıqların yuyulmasında istifadə olunan məhlulların tərkibi bioloji parçalanan - biodeqradasiya olunan və bioakkumulyasiya xüsusiyyəti olmayan maddələrdən ibarət olmalıdır: 

- İzah üçün deyim ki, bioakkumulyasiya xüsusiyyəti olmayan maddələr, canlı orqanizmlərin toxumalarında zamanla toplanmayan və zəhərli səviyyəyə çatmayan maddələrdir. Bu birləşmələr orqanizmə daxil olduqdan sonra təbii metabolik proseslərlə, məsələn, qaraciyərdə parçalanaraq) asanlıqla xaric edilir. Təbiətdə və ya canlı bədənində uzun müddət qalmır, günəş işığı, su və ya mikroorqanizmlərin təsiri ilə parçalanır. Ona görə də ətraf mühitin mühafizəsi məqsədilə istifadə olunan kimyəvi maddələr və məhsullar mümkün qədər bioloji parçalanan və bioakkumulyasiya potensialı olmayan və ya çox aşağı olan komponentlərdən ibarət olmalıdır. 

E.Şükürov bildirdi ki, bioloji parçalanma – biodeqradasiya - dedikdə, maddənin mikroorqanizmlərin (bakteriyalar, göbələklər və digər mikroorqanizmlər) təsiri altında müəyyən müddət ərzində su, karbon qazı və digər təbii birləşmələrə çevrilərək ətraf mühitdə parçalanması başa düşülür. Belə maddələr torpaqda və suda uzun müddət qalmadığı üçün ekosistemə mənfi təsiri daha az olur. Bioakkumulyasiya isə kimyəvi maddələrin canlı orqanizmlərin toxumalarında zaman keçdikcə toplanması prosesidir. Bioakkumulyasiya xüsusiyyətinə malik maddələr qida zənciri boyunca bir orqanizmdən digərinə keçərək daha yüksək konsentrasiyalarda toplana bilər. Bu isə balıqların, quşların, heyvanların və nəticədə insanların sağlamlığı üçün ciddi risk yarada bilər. Bu səbəbdən, məhsul və kimyəvi maddələrin seçilməsi zamanı onların bioloji parçalanma qabiliyyəti, bioakkumulyasiya potensialı və ekotoksikoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Mümkün olduqda, ətraf mühit üçün daha az təhlükə yaradan, bioloji parçalanan və bioakkumulyasiya potensialı aşağı olan məhsullara üstünlük verilməlidir. Bu yanaşma torpaq və su hövzələrinin çirklənməsinin qarşısının alınmasına, biomüxtəlifliyin qorunmasına və ekoloji risklərin minimuma endirilməsinə xidmət edir. Eyni zamanda, bu tələb ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi prinsiplərinə və neft-qaz sənayesində tətbiq olunan beynəlxalq ekoloji təcrübələrə uyğundur: 

- Biz bilmirik, küçələrin yuyulmasında hazırda istifadə olunan o yuyucu və ya dezinfeksiya edicə maddənin tərkibi nədən ibarətdir. MSDS (SDS) sənədi olarsa baxıb münasibət bildirə bilərəm. Bu kimyəvi maddələrin təhlükəsizlik vərəqi sənədidir və istehsalçı tərəfindən təmin olunur. Bu sənəd olmadan keç kim düz fikir bildirə bilməz. Və ya labarator analizlər olunduqdan sonra demək olar ki, bu da baha başa gələn analizlərdir.