“Rəsmi Bakının qələbəsi həm də Ankaranın zəfəridir. Avropa isə susqundur, laqeyddir”
“Məsələ ondan ibarətdir ki, Qərbdə Türkiyəyə qarşı qərəz var”
Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bu gün sərhədlərini müəyyənləşdirməsi birmənalı qarşılanmır. Bizi istəməyənlər sərsəm bəyanatlar səsləndirirlər. Ard-arda törədilən təxribatlar isə göstərir ki, qələbəmizi “həzm edə” bilməyənlər az deyil. Necə deyərlər, görünən dağa nə bələdçi? Elə təkcə Fransanın prezidenti Makronun açıqlamaları kifayətdir ki, Qərbin nə qədər “demokratik” olduğunu anlayaq…
Litvalı jurnalist Gintaras Visoskas Avropanın islamafobiyası barədə “Sherg.az”a danışdı:
“Avropanın bəzi ölkələri Azərbaycan həqiqətlərinə ikili standartlardan yanaşdı. Məsələn, Azərbaycanın 2020-ci ilin sonunda, 1992-1994-cü illərdə itirilmiş Qarabağın əksər hissəsini cəmi 44 gün ərzində geri qaytardığınının şahidi olduq. Amma çoxları özünü görməzliyə vurdu. Siz keçmiş SSRİ-də ərazi bütövlüyünüzü bərpa edən hələlik yeganə dövlətsiniz. Buna rəğmən, istisnalar olmaqla, Qərbin dili Azərbaycanı təbrik etmək üçün dönmədi. Niyə?! Nə üçün Ermənistanın Qarabağla əlaqəsi olmayan dinc yaşayış yerlərini hədəf almasını qınamadıq?! Ermənilərin Gəncəni, Bərdə və Tərtəri atəşə tutmasını bu qədərmi tez unutduq?!
Halbuki həmin hücumlar zamanı binalar dağıdıldı, qadınlar, uşaqlar öldürüldü. Yaxşı, bəs hansı səbəbə görə Türkiyəni Qarabağda bərpa işlərində yer aldığına görə təqdir etmədik? Hərçənd, rəsmi Bakının qələbəsi həm də Ankaranın zəfəridir. Avropa isə susqundur, laqeyddir. Məsələ ondan ibarətdir ki, Qərbdə Türkiyəyə qarşı qərəz var.
Biz Türkiyə nə ermənilərin Qarabağdan çıxarılmasına kömək edəndə, nə də Ukraynanın Krım, Donbas və Luqanskda haqq mübarizəsinə dəstək olanda həmin ölkəni alqışlamadıq. Ölkələrin ərazi bütövlüyünə, prinsiplərinə sadiq qalmasına hörmət göstərən Türkiyə rəhbərliyini tərifləmək əvəzinə, bütün ağlasığmaz ittihamlarla Ankaranı günahlandırırıq. Müsəlman dünyası Avropa Birliyinin Türkiyə ilə zidd münasibətlərdə olan Yunanıstan və Ermənistanı necə həvəslə dəstəklədiyini yaxşı görür, anlayır”.
Jurnalistin fikrincə, bəzi beynəlxalq təşkilatlar da “süddən çıxmış ağ qaşıq” deyil:
“ UNESKO BMT-nin ixtisaslaşmış bir qurumudur. Məqsədi planetimizdə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, təhsilin, elmin, mədəniyyətin inkişafına töhfə verməkdir. Təəsssüf ki, sözügedən qurum müharibə dövründə Azərbaycana ermənilərin “tarixi abidələrini” dağıtmamaq barədə xəbərdarlıq etdi. Bu, kökündən yanlışdır.
Tarixə az-çox bələd olanlar azərbaycanlıların digər xalqlara və dinlərə dözümlü münasibətini bilirlər. Fakt bundan ibarətdir ki, rəsmi Bakı əməliyyatlar başlayan gün tarixi abidələrə toxunmayacağına dair açıqlama vermişdi.
Azərbaycanın bölgədəki vəziyyətlə tanış olmaqdan ötrü UNESKO-nun xüsusi ekspert qrupunun Qarabağa səfərinə etiraz etməməsi heç də təsadüfi deyil. Necə olur ki, UNESKO 1992-ci ildəmn indiyədək Qarabağda törədilən vəhşiliklərlə maraqlanmırdı?!
Necə olur ki, az qala, otuz il UNESKO Azərbaycanın diplomatik çağırışlarına cavab vermədi?! Lakin Ermənistanın saxta hay-küylərinə dərhal cavab verilir. Açıq deyirəm, UNESKO-nun proseslərə ikili standartlardan yanaşması onun beynəlxalq aləmdəki imicinə zərbədir. Təəssüf ki, haqqında danışdıqlarımı nə Danimarka kəşfiyyat xidməti, nə də digər Avropa Birliyi ölkələri təhlil edirlər. Buna görə də konflikt tam çılpaqlığı ilə görünmür”.
O, həmçinin Bayden administrasiyasının ədalətsiz bəyanatlarından da söz açdı:
“Son biabırçı hadisələrdən biri də bu il aprelin 24-də ABŞ-ın 46-cı Prezidenti Co Baydenin “erməni soyqırımını” tanıması idi. Axı erməni arxivləri hərtərəfli öyərnilmədən, tədqiq edilmədən necə belə bir iddia ilə çıxış etmək olar?!
Məsələn, vaxtı ilə ABŞ Prezidenti Ronald Reyqanın hüquqi məsələlər üzrə keçmiş müşaviri cənab Bruce Fein, Osmanlı İmperiyasında baş verən hadisələri dərindən araşdırdığını etiraf etdi. Tədqiqat tamamlanmasa da Fein belə qənaətə gəldi: “Arxivlər açılsa, ermənilər dünyanı aldatdıqlarına görə üzr istəməli olacaqlar”.
Həmçinin Litvanın Xarici İşlər nazirinin müavini Mantas Adomenas da 24 aprel tarixində “erməni soyqırımı” qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün İrəvana uçarkən də səhv etdi. Adomenas bilməli idi ki, ermənilər hələ də arxivlərini Qərb tədqiqatçılarından gizlədirlər”.