"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz

  • "Hər naxçıvanlının iki naziri var, amma bunun xalqa heç bir faydası yoxdur"

“Məsələ burasındadır ki, Naxçıvanda aparılan kadr dəyişiklikləri naxçıvanlıların sosial rifahının yaxşılaşdırmır. Yəni biri var ona xidmət eləsin, məqsəd o olsun, nəticə verməməsi başqa məsələdir. Bir də var ki, ümumiyyətlə, elə bir niyyət də yoxdur.Yəni niyyət o deyil ki, orada kimisə dəyişməklə yeni gələn daha yaxşı işləyəcək”

Bunu Sherg.az-a açıqlamasında tanınmış jurnalist Heydər Oğuz deyib.

O, qeyd edib ki, işdən çıxarılan adamlardan bir neçəsini tanıyır:

“Biri Ordubad Rayon İcra Hakimiyyətinin başçısı idi. Onun adı Rəcəb idi. O, ora getməmişdən əvvəl Bakıda Ramiz Mehdiyevin İdarəetmə Akademiyasında işləyirdi. Kafedra müdiri idi, faktiki olaraq Ramiz Mehdiyevin adamı idi. İndi onu ora aparıb qoymuşdular. Niyə? Çünki Ramiz Mehdiyevin adamı idi. Bəs niyə çıxardılar? Çünki Ramiz Mehdiyev artıq sıradan çıxarılıb və bu adamın da orada olmamalı olduğu qərarına gəliblər. Yəni onun ora gətirilməsi və oradan uzaqlaşdırılması o demək deyil ki, Naxçıvan camaatının, Ordubad sakinlərinin rifahı yaxşılaşacaq. Nə ora gətiriləndə belə bir məqsəd var idi, nə də oradan uzaqlaşdırılanda. Sədərəkdə dediyiniz adam Nihat idi, deyəsən. O da Naxçıvanın bundan əvvəlki xüsusi nümayəndəsi Bəxtiyar Nəcəflinin xalası oğlu idi. Məhz xalası oğlu olduğuna görə həmin adamı Sədərəyə gətirdilər. Bəlkə də o, icra başçısı təyin olunanda ilk dəfə Sədərəyə getmişdi. Sədərəklə hansısa əlaqəsi vardı, ya yox, bilmirəm. Özü Şahtaxtılı idi, Naxçıvanda müxtəlif yerlərdə işləmişdi. Birdən-birə onu gətirib Sədərək Rayon İcra Hakimiyyətinin başçısı qoydular. Niyə? Çünki Bəxtiyar Nəcəflinin xalası oğlu idi. Yəni meyar bu idi. İndi onun oradan uzaqlaşdırılması Sədərək əhalisinə nə qazandıracaq? Nə onlar üçün bir xeyri olacaq, nə də onun Culfaya göndərilməsinin Culfa sakinlərinə bir istisi-soyuğu var. İki məmuru götürüb birini oraya, o birini bura atırlar. Mən hesab edirəm ki, o, Culfada da uzun müddət işləyə bilməyəcək. Çünki artıq onun komandası, onun dövrü bitib. O, Bəxtiyar Nəcəflidən qalan kadrlardan idi. Bəxtiyar Nəcəflidən qalan kadrları da hamısını bir-bir alaq otu kimi təmizləyirlər və mən hesab edirəm ki, düzgün də edirlər”.

Ekspert söyləyib ki, təmizləmələrin, aparılan kadr dəyişikliklərinin xalq üçün xeyri olmalıdır:

“Məsələ burasındadır ki, Azərbaycanın digər rayonları ilə müqayisədə ən çox dövlət vəzifəsi olan yer Naxçıvandır. Tutaq ki, bütün Azərbaycanda 23 min dövlət qulluqçusu varsa, onun təxminən 2500-ü Naxçıvanın payına düşür. Halbuki Naxçıvanın əhalisi Azərbaycanın ümumi əhalisinin heç iyirmidə biri də deyil. Rəsmi açıqlamaya görə deyirlər ki, Naxçıvanın 450 min əhalisi var. Halbuki mən hesab edirəm ki, 450 min əhali də yoxdur. Azərbaycanın əhalisi isə rəsmi məlumata görə 10 milyondur. Belə çıxır ki, əhalinin iyirmidə biri olan bir bölgəyə dövlət qulluqçularının təxminən 10 faizi ayrılıb. Bu nədən irəli gəlirdi? Naxçıvanda müxtəlif səlahiyyətlərin olması, mənasız şəkildə qurumların və nazirliklərin yaradılması ilə bağlı idi. Məsələn, hər bir naxçıvanlının iki naziri var. Biri Bakıdakı nazirlikdir, biri də Naxçıvandakı nazirlik. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm Bakıda var, həm də Naxçıvanda. Naxçıvanlı hər ikisinə tabedir. Bu isə əslində naxçıvanlıya heç bir fayda gətirməyib. Əksinə, bürokratik əngəlləri artırıb, idarəçilikdə qarışıqlıq yaradıb. Mənim fikrimcə, Naxçıvanda ən yaxşı kadr islahatı oradakı müxtəlif paralel strukturların ləğv edilməsi olar. Naxçıvanın muxtar hüquqlarının tamamilə ləğv edilərək Azərbaycanın ümumi idarəetmə sisteminə inteqrasiya olunması həm idarəçiliyi asanlaşdırar, həm bu qədər xərc tələb etməz, həm də insanlar öz hüquqlarını, malik olduqları səlahiyyətləri və onlara verilən imtiyazları daha rahat şəkildə əldə edə bilərlər”.