Putin hakimiyyət üzərində nəzarəti itirməyə başlayıb

Siyasi elitada bəzi şəxslər öz təhlükəsizliklərinə təminat verilməsi şərtilə mövcud durumla bağlı Qərb qurumlarına məlumat sızdırırlar

“Rusiyanın Ukrayna savaşında məğlub duruma düşməsi siyasi və hərbi elitanı parçalayır. Özlərini xilas etmək istəyən yüksək rütbəli məmurların sayı artır”. Bu barədə siyasi şərhçi Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, Ukrayna savaşı ətrafında baş verənlər göstərir ki, Rusiyanın mövcud durumdan xilas olmaq şansları o qədər də geniş deyil: “Ümumiyyətlə, Rusiyanın çıxılmaz yola girdiyi artıq bu ölkənin siyasi elitası tərəfindən də qəbul edilməyə başlanlıb. 

Bu səbəbdən son vaxtlar Rusiyanın siyasi elitasından bəzi şəxslər öz təhlükəsizliklərinə təminat verilməsi şərtilə mövcud durumla bağlı Qərb qurumlarına məlumat sızdırırlar. Maraqlıdır ki, sonradan Qərb mətbuatına ötürülən həmin məlumatlara görə, Rusiya xüsusi xidmət servislərinin rəhbərliyində Ukrayna savaşının artıq uduzulduğu barədə qəti qənaət formalaşıb. Rusiyanın hər şeydən məlumatlı elitasında hesab edirlər ki, uduzulmuş savaşda vəziyyəti dəyişə biləcək yeganə variant tam səfərbərlik ola bilər. Halbuki, Kreml kütləvi səfərbərliyin Rusiyada "sosial partlayışa" səbəb ola biləcəyindən ehtiyatlanır”. 

E.Xalidbəyli vurğulayıb ki, Rusiyanın siyasi və biznes elitasından Qərb mətbuatına sızdırılan məlumatlara görə, Prezident Vladimir Putinin yaxın ətrafında onu son çıxış yolu kimi nüvə silahı və ya kimyəvi silahdan istifadəyə məcbur edə biləcək bəzi təhlükəli şəxslər var: 

“Ancaq bunun qarşısını ala biləcək qruplar da mövcuddur. Hazırda Kremldə bu qruplar arasında kəskin ziddiyyətlərin olduğu barədə bəzi iddialar mövcuddur. Ümumiyyətlə, hesab olunur ki, son vaxtlar Prezident Vladimir Putin hakimiyyət üzərində nəzarəti tədricən itirməyə başlayıb.

Hətta Rusiyanın mövcud vəziyyətindən xəbərdar olan bəzi kəşfiyyat qurumlarında hakimiyyəti gözləyən təhlükələri bildiklərindən artıq öz gələcəkləri barədə də düşünməyə başlayıblar. 

Bəzi yüksəkrütbəli kəşfiyyat məmurlarının Putindən sonrakı dövrə hazırlaşdıqları, öz ailələrini isə Rusiyadan çıxartmaq üçün imkanlar axtardıqları bildirilir”.