"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat

  • "Avropa İttifaqından kənarda miqrant düşərgələri yalnız xüsusi razılaşma ilə yaradıla bilər"

Sosial şəbəkələrin erməni seqmentində Avropa İttifaqının qanunsuz miqrantların Ermənistana köçürülməsini nəzərdən keçirdiyinə dair iddialar yayılıb.

Erməni “Telegram” kanallarının məlumatına görə, iddialar əvvəlcə rusdilli “Facebook” və “TikTok” paylaşımlarında yayılıb. Daha sonra Rusiyanın “Sputnik Armenia” agentliyi İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən İtaliyanın bir sıra ölkələrdə, o cümlədən Ermənistanda miqrantların saxlanma mərkəzlərinin yaradılmasını təklif edəcəyinə dair məlumat yayıb.

Bildirilib ki, “Corriere della Sera”nın yazısında İtaliyanın daxili işlər naziri Matteo Piantedosinin Aİ-nin maliyyələşdirəcəyi “Alban modeli” əsasında yeni qayıdış mərkəzlərinin yaradılması təşəbbüsünü irəli sürəcəyi qeyd olunur. Nəşrin məlumatına görə, Ermənistan da bu təşəbbüsdə iştirak edə biləcək ölkələrin ilkin siyahısında yer alıb.

Bununla belə, Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, rəsmi İrəvanın sözügedən məsələ ilə bağlı hər hansı məlumatı yoxdur.

Mövzunu şərh edən Milli Məclisin deputatı, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirib ki, qanunsuz miqrantlarla bağlı bir sıra prosedurlar mövcuddur.

“Avropa İttifaqının ərazisində qanunsuz miqrantlar aşkarlanırsa həmin şəxslərlə bağlı konkret prosedurlar mövcuddur. Prosedura görə Avropa İttifaqının hər hansı ölkəylə readmissiya sazişi varsa və qanunsuz miqrantın həmin ölkədən gəlməyi təsdiqini taparsa, bu zaman geri qaytarılması prosesi baş verir. İkinci prosedurda readmissiya sazişi çərçivəsində şəxsin qaytarılması mümkün deyilsə və ya belə bir saziş yoxdursa, bu zaman şəxsin deportasiyası ilə bağlı tədbirlərə başlanılır. Üçüncü prosedur isə, şəxs qanunsuz miqrantdırsa, lakin müəyyən əsaslar gətirirsə, bu zaman onun barəsində müəyyən araşdırma aparılır. Burada 2 hal var: ilk olaraq şəxsin müvəqqəti qaçqın düşərgələrində yerləşdirilməsi nəzərdə tutulur. Bu müddət ərzində də onunla bağlı araşdırmalar aparılır. 2-ci bir hal isə, miqrant hansısa zaman kəsiyində qaçqın statusu və ya sığınacaq üçün müraciət edibsə və ölkə ərazisində qanunsuz olaraq qalıbsa bu zaman şəxsin deportasiyası baş verir. Düşünürəm ki, qanunsuz miqrantların hansısa ölkələrin ərazisində yerləşdirilməsi məsələsi yalnız Avropa İttifaqı çərçivəsində ola bilər. Hər hansı bir dövlət əgər Avropa İttifaqının üzvü deyilsə, onun ərazisində aşkarlanan qanunsuz miqrantların üzvü olmayan ölkələrin ərazisində saxlanılmasının təmin olunmağı ilə bağlı siyasətin olmadığı məlum məsələdir. Bu, Avropa İttifaqının hüdudlarından kənarda baş verə bilməz. Lakin hər hansı bir ölkə Avropa İttifaqının üzvü deyil, amma Avropa İttifaqı ilə ikitərəfli sənəd imzalayaraq razılıq verir ki, onun ərzasində qanunsuz miqrantlar üçün müəyyən formada məntəqə salınsın. İspaniyada gedən proseslər göstərir ki, mövcud qaydaların və miqrasiya sahəsində olan məsələlərin yenidən gözdən keçiriləcəyi istisna deyil.”

Paşa Nuru