- "Azərbaycana qayıdış tendensiyası artıq statistikada da özünü göstərir"
Azərbaycan vətəndaşlığından çıxanların sayı barmaqla sayılacaq qədər azdır. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib. O bildirib ki, bu hal da bəzi dövlətlərin vətəndaşlığa qəbul etmək üçün çıxma tələb etməsi səbəbindən olur: "Vətəndaşlıqdan çıxan şəxslərin sonradan bunu bərpa etmə hüquq var. Biz artıq bərpaya çoxsaylı müraciət də görürük".
Vüsal Hüseynov ölkədəki ümumi təhlükəsizlik mühitinə də toxunaraq qeyd edib ki, Azərbaycanda adambaşına düşən əcnəbilərə yönəlik cinayətlərin sayısı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır: "Azərbaycanda əcnəbilər tamamilə rahat şəkildə yaşaya bilirlər".
Mövzunu şərh edən Milli Məclisin deputatı, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Sherg.az-a açıqlamasında son illərdə Azərbaycan vətəndaşlığının bərpası ilə bağlı müraciətlərdə artım müşahidə olunduğunu və bunun artıq formalaşan bir tendensiyaya çevrildiyini bildirib.
Birlik sədri təcrübədə də buna dair müraciətlər olduğunu xatırladıb: 
“Bəzi Azərbaycan vətəndaşları başqa bir ölkənin vətəndaşlığını qəbul edərkən həmin dövlətin tələbi ilə Azərbaycan vətəndaşlığından çıxıblar. Lakin müəyyən müddət sonra onlar yenidən Azərbaycana qayıdaraq vətəndaşlığın bərpası üçün müraciət ediblər. Bu cür hallarla bağlı vətəndaşlara müvafiq hüquqi məsləhətlər verilir. Hesab edirəm ki, bu meyl təsadüfi deyil. Azərbaycanın son illərdə iqtisadi, siyasi və sosial sahələrdə əldə etdiyi uğurlar, ölkədə sabitliyin qorunması, eləcə də uzunmüddətli inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi insanların gələcəyə inamını gücləndirib. Nəticədə vaxtilə müxtəlif səbəblərdən vətəndaşlıqdan çıxan şəxslərin bir qismi yenidən Azərbaycan vətəndaşlığını bərpa etməkdə maraqlı olur.
Bu, şübhəsiz ki, əsas səbəblərdən biridir. Təcrübədə elə hallarla da rastlaşmışıq ki, şəxs başqa ölkənin vətəndaşlığını əldə etmək üçün həmin dövlətin tələbinə uyğun olaraq Azərbaycan vətəndaşlığından imtina edib. Lakin sonradan müxtəlif səbəblərdən həmin ölkənin cəmiyyətinə uyğunlaşa bilməyib. Bu, sosial adaptasiya çətinlikləri, ailə vəziyyəti və ya digər şəxsi amillərlə bağlı ola bilər. Nəticədə həmin şəxslər Azərbaycana qayıtmağa məcbur olublar. Ölkəyə qayıtdıqdan sonra isə hüquqi statuslarını bərpa etmək, yenidən Azərbaycan vətəndaşlığını əldə etmək üçün müvafiq prosedurlara başlamaq zərurəti yaranıb. Belə hallara praktikada rast gəlinib. Məsələn, Avropa ölkələri arasında Almaniya ilə bağlı belə nümunələr olub. Həmin şəxslər vaxtilə başqa ölkənin vətəndaşlığını qəbul edərkən Azərbaycan vətəndaşlığından çıxıblar, lakin sonradan yenidən Azərbaycan vətəndaşlığının bərpası üçün müraciət ediblər”.
Deputatın sözlərinə görə, oxşar hallar Rusiya ilə bağlı da müşahidə olunub:
“Düzdür, hazırda belə bir tələb yoxdur, lakin müəyyən dövrdə Rusiyada vətəndaşlıqla bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan vətəndaşlığından çıxan şəxslər sonradan həmin məhdudiyyətlər aradan qaldırıldıqdan sonra vətəndaşlıqlarının bərpası üçün müraciət ediblər. Ümumilikdə isə vətəndaşlığın bərpası ilə bağlı qərarlara təsir edən əsas amillərdən biri Azərbaycanın son illərdə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdir. Ölkədəki siyasi və iqtisadi sabitlik, inkişaf perspektivləri və insanların gələcəyə inamı bir çox şəxsin yenidən Azərbaycan vətəndaşlığını əldə etmək istəyini gücləndirir. Digər tərəfdən, xaricdə yaşayan bəzi şəxslərin üzləşdiyi sosial, iqtisadi və ya şəxsi çətinliklər də onların doğma ölkəyə qayıdaraq vətəndaşlıqlarını bərpa etmək qərarına təsir göstərir. Yeri gəlmişkən, belə hallara İsraillə bağlı da rast gəlinib. Ümumiyyətlə, Rusiya, Ukrayna, Almaniya və İsraildən müxtəlif dövrlərdə Azərbaycan vətəndaşlığının bərpası ilə bağlı müraciətlər daxil olub. Bu faktlar onu göstərir ki, belə bir tendensiya həqiqətən mövcuddur. Dövlət Miqrasiya Xidmətinin açıqladığı statistik məlumatlar da son dövrlərdə bu istiqamətdə müraciətlərin artdığını təsdiqləyir. Bu tendensiyanı müsbət qiymətləndirmək olar. Çünki Azərbaycan vətəndaşlığını yenidən əldə etmək istəyinin artması, ilk növbədə, ölkənin iqtisadi inkişafı, siyasi sabitliyi, təhlükəsiz mühiti və gələcək inkişaf perspektivləri ilə bağlı formalaşan inamın göstəricisidir”.