- Oqtay Qasımov: “Tramp Rusiyanın yox, Amerikanın maraqlarını müdafiə edir”
- “Razılaşma əldə olunsaydı, bunu seçkilərdə istifadə edə bilərdi”
ABŞ Prezidenti Donald Trampın Rusiya əleyhinə yeni sanksiyalar qanununu imzalaması Moskva ilə Vaşinqton arasındakı münasibətlərin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sənədin qüvvəyə minməsi Rusiyaya qarşı iqtisadi təzyiqlərin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir. Kremlin mövqeyinə görə isə bu addım iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müsbət nəticə verməyəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sanksiyaların həm Rusiya-ABŞ münasibətlərinin canlanmasına, həm də Ukrayna münaqişəsinin həllində irəliləyişə mane ola biləcəyini bildirib.
Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Rusiya siyasi elitasında Donald Tramp məhz Rusiyanın maraqlarını müdafiə edəcək şəxsdirfikir hakimdir:
“Doğrudan da onun atdığı müəyyən addımlar Rusiyanın maraqlarına uyğun idi. Amma nəzərə alınmalıdır ki, Donald Tramp Amerikanın prezidentidir və o, daha çox öz ölkəsinin maraqlarını müdafiə edir. Doğrudur, Donald Tramp hakimiyyətə başladığı dönəmdən Ukraynaya bir sıra təzyiqlər edildi. Ukrayna-Amerika arasında münasibətlərdə bir gərginlik yaşandı. Oval kabinetdə baş verənlər hələ unudulmayıb. Amma eyni zamanda ABŞ bəzən Rusiyaya qarşı da müəyyən təzyiq vasitələrini işə salır. Son sanksiyalara gəldikdə, bu sanksiyaların qəbul olunmasının zəruri səbəbi nə idi? Belə ki, bu qanun müəllifi Trampın ən yaxın dostlarından sayılan biri, Linçli tərəfindən hazırlanmışdı. Onun vəfatından sonra bu qanun qəbul olundu, Donald Tramp da bunu təsdiqlədi. Şübhəsiz ki, bu sanksiya Rusiya üçün müəyyən mənfi nəticələrə səbəb olacaq. Çünki bu, əvvəlki sanksiyalardan fərqli olaraq, daha geniş bir sənəddir. Həmçinin burada ikinci dərəcəli sanksiyalardan söhbət gedir. Eyni zamanda Rusiya enerji resurslarını alan şirkətlərə, dövlətlərə də tariflərlə təzyiq ediləcək”.
Analitik qeyd edib ki, sənəd Amerika və Rusiya arasında münasibətlərə müəyyən soyuqluq gətirəcək:
“Eyni zamanda nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları zaman-zaman hər iki tərəfə təzyiq etməyə çalışır. Şübhəsiz ki, Rusiya və Amerika münasibətləri, müharibədən dolayı çox aşağı səviyyədədir. Onun yenidən canlanması üçün xeyli zamana ehtiyac var və bunun əsas şərtlərindən biri də Rusiya-Ukrayna savaşının bitməsi ilə bağlıdır. Amerikanın bu sanksiyaları tətbiqi həm də Rusiyanın Ukrayna savaşını inadkarlıqla davam etdirmək istəklərindən irəli gəlir. Çünki Donald Tramp çox arzulayır ki, onun vasitəçiliyi ilə tərəflər bir masa arxasına otursunlar, müəyyən razılaşmalar əldə olunsun. Belə bir atəşkəs, ən azı razılaşmaq mümkün olsaydı, Donald Tramp aralıq seçkilərində təbliğat üçün kifayət qədər istifadə edə bilərdi. Bu baxımdan götürdükdə, sanksiyaların tətbiqi Rusiya üçün müəyyən mənfi təsirlərə gətirib çıxaracaq. Rusiya-Amerika münasibətlərinə gəldikdə isə, orada çox ciddi dəyişikliklərin olacağını düşünmürəm “.