Rusiya küncə sıxıldı! – “Məğlubiyyətə bərabər "Kirov qələbəsi"...” – Təcrid olunur!

 “Düzdü, rus qoşunu Kiyevə, Xarkova, Odessaya girəcək. Hətta bütün Ukraynanı əlinə alacaq”

“Lakin bu Rusiyanı məhvə sürükləyəcək. Zamanında Stalin də müharibəni qazandı, amma bugün Almaniya xalqı ruslardan qat-qat üstün yaşayır. Yenə eyni vəziyyət olacaq”

Fevralın 24-də Rusiyanın Ukraynaya hücum etməsindən sonra dünya ölkələri istilaya qarşı birləşdi. Avropa dövlətlərinin əksəriyyəti şimal qonşumuza sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya nəinki siyasi-iqtisadi, hərbi, təhsil, səhiyyə, həmçinin idman sahəsində də qadağalarla üzləşir. 

Dost bildiyi ölkələr belə üz çevirir. Şimali Koreya, Nikaraqua kimi despot ölkələr istisna olmaqla, bir çox dövlətlər Rusiyanı cəzalandırmaq niyyətindədir.

Ukrayna Prezidenti Volodimir Zelenski də xalqa video-müraciətində qeyd edib ki, Moskvanın bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub:

“Savaş dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlamaları həm də mübarizəmizin alqışlanması, səylərimizin qiymətləndirilməsi idi”.

Rusiyaya dəstək verməsi gözlənilən ölkələrin ondan üz döndərməsinin səbəblərini "sherg.az"a açıqlayan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, İsveçrənin hərəkətə keçməsi rəsmi Moskvanın təcridedilməsinin başlanıldığını təsdiq edir:

“Dünya ölkələrinin bir çoxu Rusiyanı təcrid etməyə başlayıb. Bu, gözlənilən idi. Lakin həm Birinci, həm də İkinci dünya müharibəsində neytral mövqe sərgiləyən İsveçrənin addım atması çox ciddi məsələdir. Şimal qonşumuza məxsus təyyarələrin İsveçrə səmasında uçuşuna qadağa qoyuldu. Bir çox məsələlərdə bitərəf mövqe sərgiləyən dövlət Rusiyanı təcrid edirsə, deməli çox ciddi səbəblər var”.

Ekspertin fikrincə, ruslar "Kirov qələbəsi"ni hədəfləyiblər:

“Kreml insanları blokadaya salıb, acından qırmaq fikrindədir. Rusiya rəhbərliyini əhalinin durumu maraqlandırmır. İnsan itkisinin olması onlar üçün adi haldır. Rus hakimiyyəti məğlubiyyətə bərabər qələbəyə köklənib. Onlar bunu "Kirov qələbəsi" adlandırırlar. Kreml hazırda bu siyasətlə gedir. Onlar qələbə üçün son adamlarını da verməyə hazırdır. Düzdü, rus qoşunu Kiyevə, Xarkova, Odessaya girəcək. Hətta bütün Ukraynanı əlinə alacaq. Lakin bu Rusiyanı məhvə sürükləyəcək. Zamanında Stalin də müharibəni qazandı, amma bugün Almaniya xalqı ruslardan qat-qat üstün yaşayır. Yenə eyni vəziyyət olacaq”.

Xanlar ƏLİBƏY