Səfirlik casus yuvasıdır
Səfirlik casus yuvasıdır
Millət vəkilləri İranı Azərbaycana qarşı təxribatlara son qoymağa çağırıb
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclis İran parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işinə müdaxilə kimi qiymətləndirib və cavab bəyanatı qəbul edib. Vurğulanıb ki, İran parlamentinin qərəzli bəyanatı Azərbaycana qarşı həyata keçirilən növbəti siyasi təxribatıdır: "Təəssüf ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmasına göz yuman, hətta təcavüzkara bir çox əməllərində dəstək verən İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən azad edildikdən sonra Azərbaycana qarşı açıq fəaliyyətə keçib. Belə görünür ki, İran qüvvələrinin sərhəddə müntəzəm təlimlər keçirməsi, Azərbaycanın Tehran şəhərindəki səfirliyinə qarşı terror təxribatlarının həyata keçirilməsi, 10 minlərlə azərbaycanlının zorla qovulduğu Ermənistanın Qafan şəhərində İran konsulluğunun açılması, Təbrizdə Ermənistan baş konsulluğunun açılmasına razılıq verilməsi, Ermənistanla normallaşma mane olma cəhdləri və digər bədniyyətli əməllər eyni zəncirin həlqələridir".
"İrandan ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edirik"
Bəyanatda qeyd olunub ki, İran xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdığı casus şəbəkəsinin ifşa edilməsi, Azərbaycanda yalan təbliğatla aldadılmış insanların radikal-dini ideyalar ətrafında birləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur: "Azərbaycan dövlətinin İsraildə səfirlik açması, müstəqil dövlət kimi suveren hüquqdur və bununla bağlı qəbul edilən bəyanatla irəli sürülən əsassız ittihamlar qəbuledilməzdir. İsraildə Mərakeş, Çad, Bosniya-Herseqovina, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi müsəlman ölkələrin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana göstərdiyi qərəzli münasibətlərin şahidi olmayıb. Azərbaycan dövləti Fələstində də diplomatik nümayəndəlik açıb. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstərib, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini hər zaman dəstəkləyib və bu mövqeyini beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirib. Azərbaycan Milli Məclisi İran tərəfini Azərbaycana qarşı müntəzəm xarakter alan əməllərini qətiyyətlə pisləyir və rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir”.
"Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir"
Milli Məclis sədri Sahibə Qafarova İran parlamentini Azərbaycana qarşı təxribatlara son qoymağa çağırıb. Spiker bildirib ki, İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, Azərbaycanın sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyib, hətta ona müxtəlif vasitələrlə dəstək verib: "İran bu gün Azərbaycan dövlətinin İsraildə səfirlik açmasından narahatdır. Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik, İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”. S.Qafarova əlavə edib ki, bəzi ölkələrdə müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmir: “Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistan və Azərbaycan arasında sülh yaradılması səylərini pozmağa çalışır”.
"İran dövləti və cəmiyyəti məkr, riyakarlıq və yalan prinsipi ilə yaşayır"
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli vurğulayıb ki, məkr, riyakarlıq və yalan üzərində yaşayan dövlətin və cəmiyyətin uğuru olmur: "İran adlanın məmləkətin siyasəti bu 3 tezis üzərində köklənib. Bugünkü çıxışım İranın parlament üzvlərinin qəbul etdiyi bəyanatla bağlıdır. Bəyanata baxanda, şər, böhtan və riyakarlıq görünür. Niyə ölkəmizin İsraildə səfirliyinin açılması bu qədər narahatlıq törədir və İran parlamenti səviyyəsində təhqir, şantaj formalı bəyanat qəbul edilir? 30 il işğal dövründə İran susdu. Maska nə vaxt cırıldı? Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra. Bəyanatın sonunda bir ifadə var. “Böyük İslam İranının - guya bundan başqa İslam dövlətləri xırda dövlətlərdir - xalqının nümayəndələri Azərbaycan parlametindən gözləyir ki, buna cavab versin”. Sən öz parlamentində ədalətsiz, riyakar anti-Azərbaycan addımı atacaqsan, belə hesab edəcəksən ki, bu düşüncə parlamentimizdə fikir ayrılığı yarada bilər? 44 günlük müharibə sübut etdi ki, xalqımız bütövdür, əyilməzdir”.
"Azərbaycanla sülh bağlamaq istədiyinə görə Paşinyanı devirməyə qalxanlardan biri də İran idi"
Deputat Zahid Oruc deyib ki, İran parlamentinin ölkəmizə qarşı bəyanatı son 3 ildə dini və hərbi rəhbərliyin hücumuna bütün dövlət hakimiyyətinin qoşulması deməkdir. İran-Azərbaycan münasibətləri 1991-93-cü illəri çıxsaq, ən aşağı səviyyəyə düşüb: “İran məclisi İslam Əməkdaşlığı Təşkilatına müraciət edir ki, ölkəmizin İsraillə münasibətlərinə mane olsun. Birincisi, məğlub Azərbaycan İran üçün təhlükəsiz idi, məğlub Azərbaycan onlara daha çox sərf edirdi. İkincisi, Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, iki dövlət təzyiq göstərəndən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də, sülh müqaviləsini imzalayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Buna görə İran Paşinyana ultimatum verdi”.
"Biz İrana qarşı sanksiyalara qoşulmalı, anti-İran koalisiyası yaratmalıyıq"
Deputat Fəzail Ağamalı bildirib ki, İran dayanmayacaq: "Biz bütün beynəlxalq təşkilatlara İranın Azərbaycana qarşı təhdidlərini çatdırmalıyıq. Avropa, ABŞ-da və digər ölkələrdə İrana qarşı Azərbaycan diasporunun mitinqləri təşkil edilməlidir. Biz İrana qarşı sanksiyalarda iştirak etməli, anti-İran koalisiyası yaratmalıyıq”.
Parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır: "Son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir. Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmilərinin söylədiyi hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyil. İran rejiminin bu mövqeyi bizi dövlətlərarası münasibətlərimizə yenidən baxmağa məcbur edir. Görəsən, İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur".
"Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır"
Komitə sədri İranın Bakıdakı səfirliyinin bağlanılması ilə bağlı təklif irəli sürüb: "İran 30 il ərzində Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı. Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə “arzuolunmaz şəxs” elan edilib. Mən hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik hüquqi suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı, nə əmmaməsi üçündür”.
"İran deputatları islamın düşməni ilə qucaqlaşıb öpüşür"
Deputat Azər Badamov deyib ki, İran islam dini pərdəsi altında özünün riyakar niyyətini reallaşdırmağa çalışır: "Belə olmasaydı, islam dininə yüksək dəyər verən Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməzdi. Əgər İran özünü İslam respublikası adlandırırsa, nə üçün islam dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstək göstərir. İran Azərbaycana nəyi necə etməklə bağlı göstəriş verməsin. Ölkəmiz müstəqildir, dünyanın istənilən ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur, diplomatik münasibətləri inkişaf etdirir. Yaxşı olardı ki, İran parlamenti özünün anti-islam və xəyanətkar əməllərindən əl çəksin. İran deputatları islam dininin düşməni olan Ermənistanla qucaqlaşıb öpüşməyin əvəzinə, Azərbaycanda islam dini dəyərlərinə qarşı törədilmiş terrora görə Ermənistanı qınamağa çağırış edən məsələni müzakirə etsin. O zaman müsəlman dünyası da İranın islam dini dəyərlərinə səmimi olduğunu görər".
“İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”
Deputat Nizami Cəfərov bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü itirəndə də İranın mövqeyini bilirdik: "Bu barədə çox da dərinə getmək istəmirdik, çünki beynəlxalq münasibətlər var və əsas işimiz Ermənistanla idi. Amma görünür, İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib. Necə ki, 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqlarını pozub, indi də həmin xüsusiyyətlərini də davam etdirir. İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər islama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə islam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərə davam etməklə baş verir. Azərbaycan parlamentindən İran nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın, biz sizdən bunu istəyirik”.
Sabir Rüstəmxanlı iki təkliflə çıxış edib
Millət vəkili Sabir Rüstəmxanlı da İranla bağlı önəmli təklif irəli sürüb. Deputat İran parlamentində Azərbaycanla bağlı qəbul edilən bəyanata görə İslam Təşkilatı Ölkələrinə müraciət məktubu göndərməyin vacibliyini vurğulayıb. O, həmçinin, İranda yaşayan 40 milyon azərbaycanlının taleyi ilə bağlı beynəlxalq təşkilatlara, BMT-yə, İnsan Haqları Komitəsinə müraciət ünvanlamağı təklif edib: “Qonşu ölkədə Azərbaycanın hüquqlarının tapdalanması və tarixi ədalətsizliklə bağlı məktub hazırlayaraq müzakirəyə çıxarılmasını təmin etməliyik”. Parlament sədri Sahibə Qafarova da bu təklifi dəstəkləyib.