"Ölkəmizin ictimai rəyinə ideoloji zəhər püskürən resursların ölkə ərazisində və ərazisinə yayımı dayandırılmalıdır"
“Azərbaycanın informasiya məkanı bütün təbliğatçı-təxribatçı “media” resurslarının üzünə bağlanmalıdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Analitik bildirib ki, Marqarita Simonyan təkcə Azərbaycana və Türkiyəyə deyil, bütövlükdə sivil bəşəriyyətə nifrət bəsləyir:
“Onun rəhbərlik etdiyi təbliğat və təxribat vasitələrinin Azərbaycandakı törəməsi haqqında çox yazmışam. Hər dəfə “simonyanizm”ə yoluxanların, əl və yal buruqçularının üstüörtülü təhdidlərinə məruz qalmışam. Anlaya bilmirəm ki, mediaya heç bir aidiyyatı olmayan, bütün dünyanın ikrahla yanaşdığı, yalan və böhtançılığın, ləyaqətsizliyin, simasızlığın, antihumanizmin, ədalətsizliyin, qərəzin nümunələrindən birinin - “Sputnik” “Agentliyi”nin törəmə müəssisəsi hansı səbəblərdən Azərbaycanda fəaliyyət göstərir?! Bu nonsensdir! İllərdir bu “agentlik” adlanan zibil torbası üzərimizə üfunət yağdırır. Biz də media adına ləkə olan Marqarita Simonyan kimi heç bir dəyər tanımayan siyasi və mənəvi əxlaqsıza məxsus törəmə təxribat resursunun ölkəmizdə fəaliyyət göstərməsinə imkan yaradırıq. Hələ bu azmış kimi, ölkədə fəaliyyət göstərən kabel televiziyaları da abunəçilərinə Simonyanın və ondan heç nə ilə fərqlənməyən digər xəstə ultramillətçilərin, neoimperialistlərin təbliğat resurslarını sırıyırlar. Marqarita Simonyanın baş redaktor vəzifəsində çalışdığı “Rusiya bu gün” beynəlxalq media qrupu özəl müəssisə deyil. Simonyan Rusiyanın dövlət agentliyinin rəhbəridir və onün bütün sərsəmləmələrinə, separatçı-terrorçu açıqlamalarına görə məsuliyyəti rəsmi Moskva daşıyır. Rusiya siyasətçiləri və media resursları bir qayda olaraq, özlərindən başqa hamını ikili standartlarda günahlandırırlar. Bu qəbildən olan ittihamların əhəmiyyətli hisəsi isə, şübhəsiz ki, Rusiyanın özünü qarşı tərəf elan etdiyi Qərbə ünvanlanır. Qərbi başa düşdük... Anladıq ki, Qərb özünü qəribə aparır, özündən olmayanların fikirlərini qəribçiliyə, qlobal miqyasda özünüifadə imkanlarını qəlibə salır. Bəs Rusiya?”.
E.Mirzəbəyli vurğulayıb ki, Qərbin qərəzli media resirslarının etdiklərini Rusiyanın “kütləvi informasiya vasitələri” daha qəzəbli, daha bəsit, daha arqumentsiz, daha qeyri-peşəkar şəkildə təkrarlayırlar:
“Simonyanların qəzəbdən əyilmiş üzlərini, hədəqədən çıxmış gözlərini görmək yetərlidir ki, bu təbliğat-təxribat-media zombilərinin yeddi arxa dönənini elə onların öz üslubunda yad edəsən. “Sputnik” agentliyinin törəmə müəssisəsi olan “Sputnik Azərbaycan”ın Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir hüququ və mənəvi əsas, həmçinin zəmin yoxdur. Ölkəmizin ictimai rəyinə ideoloji zəhər püskürən resursların ölkə ərazisində və ərazisinə yayımı dayandırılmalıdır.
Artıq dünyanın bir çox ölkələri, ö cümlədən Avstraliya, Böyük Britaniya, ABŞ, Kanada, Avropa İttifaqına üzv olan bütün dövlətlər “Rusiya bu gün” beynəlxalq media qrupuna məxsus resursları feyk məlumat yaydıqlarına, informasiya təxribatı törətdiklərinə, ictimai maraqlara zərbə vurduqlarına görə bloklayıblar, törəmə müəssisələrinin isə lisenziyalarını geri alıblar. “Sputnik”i isə Azərbaycandan göndərməyin vaxtı çoxdan çatıb”.