Tankçılarımız Moskvada finala çıxdılar: “Bu, professionallığın sübutudur”

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib. Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

Tankçılarımızı uğuru barədə fikirlərini “Sherg.az”la bölüşən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov söyləyib ki, Azərbaycan hərbçilərinin döyüş hazırlığının proqramı hər zaman yüksək səviyyədə qurulub. Polkovnik qeyd edib ki, hərbçilərimiz döyüş qabiliyyəti və professionallığını daim yüksəltməklə məşğuldur:

“Bunun üçün çoxsaylı məşğələlər var. Son illər hərbçilərimiz harada olurlarsa-olsunlar yüksək nailiyyətlərlə bütün yarışlarda  finala çıxırlar. Məsələn, dənizçilərimiz neçə ildir ki, Xəzər dənizində keçirilən hərbi oyunlarda birincilik qazanır. Xüsusi təyinatlı qüvvələrimiz də Vətən savaşından bir il öncə Türkiyədə 28 dövlət arasında 1-ci yer tutmuşdu. Topçularımız, snayperlərimiz və digər hərbçilərimiz müxtəlif ölkələrdə keçirilən yarışlarda iştirak edərək finala qədər yüksəliblər”.

Ş.Ramaldanov vurğulayıb ki, Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında finala çıxmağımız Azərbaycan üçün normal nəticədir:

“Həqiqətən də ölkəmizdə döyüş hazırlığına olan diqqət yüksəkdir. Dövlət tərəfindən yaradılan şərait, poliqon və hərbi təlim mərkəzlərimizdə müasir avadanlıqların olması, Azərbaycan hərbçilərinin döyüş potensialını yüksəltmək üçün digər şəraitlər yaradılıb. Hərbçilərimiz postsovet məkanında təlimlərdən çox keçiblər. Bunun da nəticəsini Moskvada sözügedən yarışlarda gördük”.

Ekspertin fikrincə, qələbəmiz onu göstərdi ki, hərbçilərimizin peşəkarlığı ilə qısa zamanda ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduq:

“Ali Baş Komandanı İlham Əliyev hələ aprel döyüşlərindən sonra demişdi ki, Ermənistanla Azərbaycanı təkbətək qoysalar, ordumuz qısa zamanda işğalçı qüvvələri darmadağın edəcək.

Cənab Prezident ordu ilə sıx təmasda olan şəxs kimi hərbçilərimizin yüksək peşəkarlığına bələd idi.

Tankçılarımız Moskvada Azərbaycan Ordusunun və hərbi mütəxəssislərin nəyə qadir olduğunu bir daha sübut etdilər və finala çıxdılar. Əlbəttə, finala gedən yol tankçılarımız üçün asan olmayıb.

Onlar bu yerə gəlmək üçün gecə-gündüz peşəkarlıqlarını artırırdılar. Nəinki tankçılar, digər ixtisaslı hərbçilərimiz də belə yarışlarda ordumuzun yüksək nailiyyətlər qazanacağını sübut edirlər.

Tankçılarımızın 44 günlük müharibədə düşməni darmadağın edən bir qüvvə olması Rusiyadakı yarışda finala çıxmağımıza xüsusi rəng qatır. Azərbaycan hərbçiləri bundan sonra da yüksək nəticələrlə seçiləcəklər. Moskvadakı yüksək göstəricilər revanşist ideyalarla yaşayan düşmənə “dəmir yumruğumuzun” nəyə qadir olduğunu göstərir.

Qürur hissi ilə tankçılarımızı təbrik edir və onlara uğurlar diləyirik”.