"Sosial əlaqələrin 6 il ərzində çox ciddi problemlərlə qarşılaşdığını nəzərə alsaq, həm iqtisadi, həm də sosial əlaqələrin genişlənməsi çox yaxşı xəbərdir"
Azərbaycanla Gürcüstan arasında enerji əməkdaşlığı strateji xarakter daşımağa davam edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən açıqlanan məlumata görə, Azərbaycandan Gürcüstana sosial tariflə qaz tədarükünü nəzərdə tutan müqavilənin daha 20 il müddətinə uzadılması iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin göstəricisidir. Bu razılaşma Gürcüstanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Gürcüstanın Azərbaycan qazının Türkiyə və Avropaya nəqlində əsas tranzit ölkə olması tərəflər arasında əməkdaşlığı daha da vacib edir. Azərbaycanın dövlət enerji şirkəti SOCAR-ın Gürcüstanda qazpaylama şəbəkəsinə sahib olması isə bu əməkdaşlığın iqtisadi baxımdan hər iki ölkə üçün faydalı olduğunu göstərir.
Bundan əlavə, Bakı-Tiflis-Supsa boru kəmərinin fəaliyyətinin bərpası ilə bağlı əldə olunan razılıq da regionda enerji və tranzit əməkdaşlığının genişləndiyini nümayiş etdirir. Bütün bunlar Azərbaycan-Gürcüstan tərəfdaşlığının Cənubi Qafqazın iqtisadi və geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri olduğunu göstərir.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Sherg.az-a deyib ki, Azərbaycan və Gürcüstan arasında iki tərəfli dost və qardaş münasibətlərindən əlavə, çox sərfəli iqtisadi əməkdaşlıq mövcuddur:
“Çünki faktiki olaraq Gürcüstan Azərbaycanın iqtisadi davamıdır, bizim dünyaya açılan pəncərəmiz, yolumuzdur. Bu həm Gürcüstan üçün, həm Azərbaycan üçün müxtəlif fürsətlər açır. Əvvəllər də Azərbaycan Gürcüstana daha ucuz qiymətə qaz verirdi. Bunun iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Gürcüstan tranzit ölkəsidir. Yəni Azərbaycan qazının tranzit yolu ilə dünyaya, Türkiyəyə və Avropaya çatdırılması yolu Gürcüstandan keçir. Biz satılan qazın qiymətini çox yüksək etsək, Gürcüstan da tranzit qiymətlərini artıra bilər ki, bu da iki tərəfin ziyanına olar. Ona görə də Gürcüstana tariflər daha fərqlidir və bu, dünyada da qəbul olunmuş praktikadır. İkinci səbəb isə ondan ibarətdir ki, Azərbaycanın dövlət şirkəti olan SOCAR, yəni SOCAR Georgia, Gürcüstanda ən böyük vergi ödəyicisidir. Həm də Gürcüstanda təbii qazın əhaliyə və biznes strukturlarına çatdırılması şəbəkəsinin sahibidir. Yəni Azərbaycan heç nə itirmir, əksinə, Gürcüstana dövlət olaraq daha məqbul tariflərlə qaz satanda, əvəzində Gürcüstanda qazpaylayıcı şəbəkənin sahibi olduğu üçün əlavə kommersiya gəlirləri əldə edir. Ona görə də bu əməkdaşlıq hər iki ölkəyə sərfəlidir və Azərbaycanla Gürcüstan arasında baş tutan əməkdaşlıq həm ölkələrin iqtisadi potensialını artırır, həm də Azərbaycanın və Gürcüstanın regional tranzit mərkəzinə çevrilməsi istiqamətində mövqelərinin möhkəmlənməsinə xidmət edir”.
N.Cəfərli qeyd edib ki, dəmir yolları ilə sərnişin daşınmasının artıq həyata keçirilməsi də çox yaxşı xəbərdir:
“Bu, həm turizm potensialı, həm də iki ölkə arasında əlaqələrin humanitar baxımdan genişlənməsi nöqteyi-nəzərindən yaxşı xəbərdir. Çünki biz bilirik ki, Gürcüstanda təxminən 400 minə yaxın soydaşımız yaşayır ki, onların da demək olar hər birinin Azərbaycanda birinci dərəcəli yaxın qohumları var. Sosial əlaqələrin 6 il ərzində çox ciddi problemlərlə qarşılaşdığını nəzərə alsaq, həm iqtisadi, həm də sosial əlaqələrin genişlənməsi çox yaxşı xəbərdir. Ümid edirəm ki, bunun ardınca quru sərhədlərinin tamamilə açılması məsələsi öz həllini tapacaq”.