Vaşinqton Bakını müdafiə edəcək

Strateji hədəf Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmaqdır
  "Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının ABŞ səfəri və Pentaqonda keçirdiyi görüşlər iki dövlət arasında hərbi əməkdaşlıq müstəvisində yeni imkanlar açır". Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış reallığı qəbul edərək, bu istiqamətdə Azərbaycanla hərbi əməkdaşlığın inkişaf etdirilməsi strategiyasını ortaya qoyub
"ABŞ-nin Azərbaycanı kəşfiyyat və müasir hərbi avadanlıqlarla təchiz etməsi mümkündür. Amerika dövlət xadimlərinin hər həftə Azərbaycan rəsmiləri ilə telefon əlaqələrinə əsaslansaq, deyə bilərik ki, Vaşinqton Azərbaycanı İranla münasibətlərdə müdafiə etmək xəttini götürüb. Generalların görüşündə Bakıya hərbi dəstəyin göstərilməsi, xüsusilə havadan müdafiə sisteminin təkmilləşdirilməsi məsələlərinin razılaşmdırılması da istisna deyil. Nəzərə alaq ki, İsrail Azərbaycanla hərbi texniki və müdafiə sahəsində əməkdaşlığını ABŞ ilə sinxron həyata keçirir. İsrail müdafiə nazirinin Bakıya səfərində bu məsələlər razılaşdırılıb. İsrailin xarici işlər nazirinin də Azərbaycana səfəri gözlənilir. Göründüyü kimi, ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlıq formatı yaradılır".
  Ekspertin fikrincə, Vaşinqtonun bölgəylə bağlı strateji hədəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmaqdır: 
"Bu xüsusda ABŞ-nin Ermənistana təzyiq etməsi, regionda dəyişən geosiyasi nizamda Tehranın İrəvanla əməkdaşlığının qarşısını alması mümkündür. İranın siyasəti ABŞ-nin Cənubi Qafqaz siyasətini təhdid edir. ABŞ və İsraillə ölkəmizin üçtərəfli əməkdaşlığı isə Azərbaycanın təhlükəsizlik imkanlarını gücləndirir".
  Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına səfər edib. Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.