Ukrayna enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəsə hazırdır və Rusiyadan bununla bağlı təkliflər gözləyir.
APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat verib.
Onun sözlərinə görə, Ukrayna uzun müddətdir ədalətli və bütün zəruri sahələri əhatə edən atəşkəsin tətbiqini təklif edir.
“Əgər ruslar da buna ciddi şəkildə hazırdırlarsa, qoy obyektlərin siyahısını təqdim etsinlər və detalları dəqiqləşdirsinlər. Biz bunu gözləyirik”, - Tixiy deyib.
Diplomat bildirib ki, Ukrayna enerji obyektlərinə hər hansı silah növündən istifadə edilməməsi üçün şərait yaradılmasını istəyir. Onun sözlərinə görə, ABŞ və digər ölkələr belə bir enerji atəşkəsinin əldə olunması üzərində çalışırlar.
Tixiy həmçinin üçtərəfli danışıqların keçirilməsi ilə bağlı yeni məlumat olmadığını söyləyib. O qeyd edib ki, Ukrayna liderlər səviyyəsində görüşün daha effektiv olacağını düşünür və belə bir görüşün keçirilməsi üçün neytral ölkələrdə istənilən platformaya hazırdır.
Tixiy onu da qeyd edib ki, müharibənin bitməsində ən təsirli görüş liderlər səviyyəsində görüş olardı ki, Rusiyada bu məsələni yalnız prezident Vladimir Putin həll edir.
Xatırladaq ki, sentyabrın 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın enerji obyektlərinə qarşı qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəldiyini açıqlamışdı. Lakin Ukrayna rəsmiləri həmin vaxt belə bir razılaşmadan xəbərlərinin olmadığını bildirmişdilər.