Qızıl qiymətdən düşür

Vüqar Bayramov: “Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir”
Natiq Cəfərli: “Qızılın qiymətində 100 dollara qədər ciddi enmənin olacağını ehtimal edirlər”


"Bu gün qızıl dünya bazarında psixoloji həddən aşağı düşüb. Yəni artıq bir qramı 34 dollara təklif edilən qiymətli metal 35 dollarlıq "döşəməni” silkələyə bilib”. Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu, dünya bazarında qızılın qiymətinin son 5 ildə tarixi minimuma düşməsi deməkdir:

"Son 1 ildə 16, yarım ildə 15 və iyul ayında 7 faiz dəyər itirən qiymətli metalın qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb. Dünya bazarında qızıla tələbin azalması, bir sıra ölkələrin öz ehtiyatlarını satışa çıxarması və eləcə də investorların bazardan öz vəsaitlərini tədricən çəkməsi qiymətli metalı "qiymətsizləşdirən” əsas səbəblərdən hesab edilir. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələr ötən ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına yol açıb. Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zaman müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların

möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Digər tərəfdən, qızıl bazarında spekulyativ oyunlar da kifayət qədər yüksəkdir və bu da qiymətlərin dəyişməsini şərtləndirir”. V.Bayramov onu da diqqətə çatdırıb ki, dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərməkdədir. İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb.

İqtisadçı-ekspert Natiq Cəfərli də söyləyib ki, qızılın qiymətinin son dövrlərdə ciddi dəyişikliyə məruz qalmasının səbəbi valyuta bazarında olan qeyri-sabit vəziyyətdir: "Avro və dolların biri-birinə olan münasibəti son bir ay ərzində təqribən 15 faizə yaxın dəyişib. Valyuta bazarındakı kəskin dəyişiklik qızıl bazarına da təsirsiz ötüşməyib. İkinci əsas faktor kimi dünya bazarında baş verən problemli hadisələri misal göstərmək olar. Avropa məkanında Yunanıstan probleminin həll olunmaması, Amerikada iqtisadi inkişafın keçən ilin sonuna nisbətən bu ilin birinci rübündə zəifləməsi, Yaxın Şərqdə baş verən münaqişələr və s. dünya iqtisadiyyatında qeyri-sabitlik yaradır. Qızılın da qiyməti bu cür hadisələrdə çox həssas davranır. Çox zaman da etibarlı liman rolunu oynayır. İqtisadiyyatda problemlər yaşanarkən, sahibkarlar öz yatırımlarının bir hissəsini qızıla çevirərək orada saxlamağa üstünlük verirlər.

Sonra bir az fəallıq hiss edildikdə aktivlərini qızıldan çıxardaraq qiymətli kağızlar bazarına yönləndirirlər. Bu proses daima oynaq olduğu üçün son dövrlərdə qızılın qiymətində dəyişiklik müşahidə edilir. Düşünürəm ki, ABŞ Federal Rezerv Sisteminin iyun və ya sentyabr ayında uçot faizini qaldırmaqla qızıl bazarında müəyyən dərəcədə bu stabillik yaranacaq. Çünki faiz qalxarkən dünyada dolların qiymətinin qalxması baş verəcək. Qızılda öz vəsaitlərini saxlayan yatırımçıların böyük bir qismi yenidən ABŞ qiymətli kağızlarına yönəlməyə üstünlük verəcəklər. Burada qızılın qiymətində 100 dollara qədər ciddi enmənin olacağını ehtimal edirlər”.

Qızılın qiymətinin dəyişkənliyinin Azərbaycan üçün də əlverişli olmadığını deyən ekspert qeyd edib ki, Azərbaycanda Neft Fondunun vəsaitləri 30 tona yaxın qızılda saxlanılır: "Ən acınacaqlısı odur ki, Neft Fondu qızıl almağa qızılın bahalı dövründə başlayıb. Bu baxımdan artıq Neft Fondunun vəsaitlərində xeyli dərəcədə itkilər olub. Bu itkilərlə bağlı dəqiq məlumat vermək mümkün deyil. Çünki bu barədə ətraflı məlumat yoxdur. Amma təxmini demək olar ki, Neft Fondu qızıl alarkən qızılın qiyməti 1300 dollar arasında dəyişirdi. Proqnozlara görə, yaxın gələcəkdə qızılın qiyməti 1000 dollara qədər düşəcək”.

Ayyət Əhməd