“Klassiklər” qurultaya hazırlaşır

“Partiyada Mirmahmud Mirəlioğluna alternativ namizəd yoxdur”
Xəzər Teyyublu: “Hazırda şüarları hazırlayırıq”



Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qurultayının keçiriləcəyi yer və vaxt məlum olub. Məlumata görə, təşkilatın qurultayı avqustun 1-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutacaq.

Tədbirdə 300-dən artıq qurultay nümayəndəsinin, 200 civarında qonağın iştirakı gözlənilir. Qonaq qismində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri dəvət olunub. Türkiyənin Milliyətçi Hərəkat Partiyasından da toplantıya qonaq qismində gələnlər olacaq.

KXCP-nin böyük və oturuşmuş təşkilat olduğunu deyən partiyanın sədr müavini Xəzər Teyyublu "Şərq”ə söyləyib ki, rayonlardan təşrif buyuran insanların Əmircana gəlib, çıxması müəyyən problemlər doğuracaq. Ona görə, hesab edirəm ki, partiya qurultaylarının şəhərin mərkəzində keçirilməsi daha məqsədəuyğundur: "Bununla belə qurultayımızı gerçəkləşdirmək istəyirik. Bakı şəhər İcra Hakimiyyəti buranı təqdim etdi. Biz də razılaşdıq. Neyləyək, başqa yolumuz yoxdur. Artıq qərar vermişik, qurultay orada da baş tutacaq”.

Qurultaya dair hazırlıqlara diqqət çəkən müsahibimiz söyləyib ki, bütün işlər yekunlaşıb: "Hazırda şüarları hazırlayırıq”.

X.Teyyublu onu da əlavə edib ki, qurultayda təşkilat sədri Mirmahmud Mirəlioğluya alternativ olmayacaq: "Bu, gözlənilmir. Əminəm ki, Mirmahmud bəyin xalqa xidməti və proseslərdəki rolu nəzərə alınacaq. Azərbaycan siyasi həyatında onun sözünə ehtiyac var. KXCP bugünkü mərhələ üçün Mirmahmud bəyi təşkilat sədri seçəcək. Partiyada ona alternativ görmürəm”.

Ayyət Əhməd