“125-lər” aranı qatıb

“Qarabağ” bloku hələ də parlamentə namizədlərini müəyyənləşdirə bilməyib



Bəzi media orqanlarında yayılan informasiyalara görə, ADP və Ümid Partiyasının birləşdiyi "Qarabağ” bloku hələ də parlament seçkiləri ilə bağlı namizədlərini müəyyən edə bilməyib. İş ondadır ki, bu partiyalar siyasi blok yaradıb və bir müddət əvvəl elan ediblər ki, qarşıdan gələn parlament seçkilərində birgə iştirak edəcəklər.

Hər həftə blokun toplantısı keçirilsə də, indiyə qədər seçki müzakirələrində namizədlərin müəyyən edilməsi faktına rast gəlinməyib. Bloka üzv olan şəxslərdən biri iddia edib ki, iki partiya arasında artıq narazılıqlar müşahidə olunur. Bu səbəbdən seçkilərdə iki təşkilatın birgə olması hələlik sual altındadır. Fikir ayrılığına səbəb kimi isə Ümid Partiyasının daha çox "125” Siyasi Klubu ilə əməkdaşlıq etməsi göstərilir. Yayılan məlumatlarla bağlı "Şərq”ə açıqlama verən ADP sədrinin müavini Həsrət Rüstəmov deyib ki, indiyə qədər "Qarabağ” blokunda parlament seçkilərində iştirak etməklə bağlı müzakirə aparılmayıb: "Son bir ay ərzində biz ümumiyyətlə toplantı keçirməmişik. Ramazan ayı boyunca ADP sədri məzuniyyətdə olub. Bizim bir aylıq aradan sonra növbəti toplantımız gələn həftə olacaq. Amma bizim belə bir öhdəçiliyimiz yoxdur ki, ADP və Ümid seçkiyə mütləq birlikdə getməlidir. Bu, partiyamızın və rəhbərliyin qərarından asılıdır. Təbii ki, daha çox arzuolunan odur ki, partiyalar seçkiyə birlikdə getsinlər. Ən azı bir neçə partiyanın birgə iştirakı ilə blok yaradılsın. Amma bu məsələlər geniş müzakirə mövzusudur. Ola bilər ki, ADP və Ümid ayrı-ayrılıqda seçkiyə qatılsınlar və ya əksinə, bir yerdə seçkiyə getsinlər. Hələlik, bu məsələ dəqiqləşməyib. Amma istənilən halda, yəni seçkiyə ayrı da getsək belə, Ümid və ADP-nin münasibətləri hər zaman dostluq çərçivəsində olacaq”. Partiya funksioneri "125” klubunun ancaq adını eşitdiyini deyib: "Heç bilmirik, bu qurum seçki blokuna çevriləcək, ya yox? "125”-lərin siyasi taleyinin necə olacağı, onun seçkidə bloka çevrilib-çevrilməməsindən asılıdır. Bu qurumda adı çəkilənlər ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onların arasında siyasi partiya mənsubları azdır”.

İsmayıl