MERS yayılıb, ciddi tədbirlərə başlanıb

Məlumat olarsa, şübhəli şəxslər təcrid olunacaq


Səhiyyə naziri Oqtay Şirəliyev respublikada koronovirus (MERS) xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzaladı. 3 ildir ki, bu virus bəzi Yaxın Şərq ölkələri və Ərəbistan yarımadasında dolaşırdı və insan itkisinə də səbəb olmuşdu. Virusun təhlükəlilik dərəcəsi nəzərə alınaraq Azərbaycanda da profilaktik tədbirlərin həyata keçirilməsi qərarı verilib. Səhiyyə nazirinin bununla bağlı imzaladığı əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi vurğulanır.

Əmrdə qeyd olunur ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır və ölkəmizdə bu virusa yoluxma və ya şübhəli yoluxma halı indiyədək aşkarlanmayıb.

MERS virusu - müəmmalar çoxdur

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və hazırda davam etməkdədir.

Qeyd etməliyik ki, son illər müxtəlif virusların adı tez-tez eşidilməyə başlanıb. Dünya gah "quş”, gah "at”, gah da "donuz” qripləri ilə, gah da "Ebola” virusu ilə çalxalanır. İndi də MERS virusu dünyanı təhdid edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bugünədək MERS virusuna 1218 yoluxma halı qeydə alınıb, 449 nəfərsə dünyasını dəyişib.

Ölümcül virus təkcə Cənubi Koreyanı bürüməyib (bu ölkədə virusdan ölənlərin sayı 20-yə çatıb -red.), artıq Avropaya da çatıb. Avropada MERS koronovirusuna yoluxmuş ilk pasiyent Almaniyada ölüb.

Xəbər saytlarının məlumatına görə, 65 yaşlı kişi Aşağı Saksoniya əyalətindəki xəstəxanaların birində dünyasını dəyişib. Bundan əvvəlsə, Avropanın başqa bir dövlətində - Slovakiyada MERS virusundan ölüm halı qeydə alınmışdı. Slovakiyanın paytaxtı Bratislavada əslən Cənubi Koreyadan olan bir nəfərin bu virusdan öldüyü bildirilirdi.

Virusun müxtəlif ölkələri əhatəsinə alması onun haradan qaynaqlandığı sualını doğurur. Və burada da mülahizələr müxtəlifdir. Ərəb ölkələrinin də adı çəkilir, Yaxın Şərqin də.

Bəzi mənbələrdə MERS virusunun ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında aşkarlandığı deyilir. Qeyd olunur ki, MERS virusu insanlara dəvələrdən keçib. Hazırda bu virusun bir sıra ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliklərində yayıldığı bildirilir. Hətta Cənubi Koreyaya da virusun Ərəbistandan keçdiyi deyilir. Cənubi Koreyadan olan biznesmen məhz Səudiyyə Ərəbistanında həmin virusa yoluxaraq onu öz vətəninə "gətirib”. Dünyasını dəyişmiş Almaniya vətəndaşının da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri zamanı MERS virusuna yoluxduğu bildirilir.

İndi isə bu virus artıq Cənubi Koreyada tüğyan edir və digər ölkələr də böyük təhlükə altındadır. Bir-iki belə fakt Rusiyada da qeydə alınıb.

Ussuriysk sakini bir qadın Cənubi Koreyaya səfərdən qayıtdıqdan sonra MERS virusuna yoluxma şübhəsi ilə xəstəxanaya aparılıb.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, virus böyük və ciddi təhlükə təşkil edir, yeni yoluxma halları olacaq.

"Rosturizm” Rusiya vətəndaşlarına Cənubi Koreyaya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səyahətdən, eləcə də cənubi koreyalılarla təmas qurmaqdan çəkinmək barədə xəbərdarlıq edib.

Xəstəliyin əlamətləri

Virusa yoluxmanın əlamətləri adi sətəlcəmin əlamətlərini xatırladır. Xəstəlik yuxarı tənəffüs yollarının iltihabı ilə başlayır. Yüksək hərarət, öskürək, hətta ishalla da müşayiət olunur. Heç bir antibiotik, virus əleyhinə preparatlar da ona təsir etmir. Bu virusun vaksini hələ ki, yoxdur.

MERS-in Ərəb ölkələrində, Avropada, o cümlədən yaxın qonşumuz Rusiyada qeydə alınması, Azərbaycan üçün də ehtiyat tədbirləri almaq zərurəti yaradır.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla isə bildirdi ki, XXI əsri virus əsri adlandırmaq olar:

- Virusların geniş yayıldığı və kifayət qədər ciddi təhlükələr törətdiyi zamanda yaşayırıq. Həm karantin infeksiyaları, həm də digər virusların qorxusu həmişə qalır. Ölkələr bu riskləri mütləq nəzərə almalıdırlar. Hesab edirəm ki, hər hansısa bir ölkədə hava və damcı yolu ilə yayılan virusun ocağı varsa, digər ölkələrdə mütləq qabaqlayıcı tədbirlər görülməlidir. Viruslar sərhəd tanımır. Virusların sürətlə yayılmasının başlıca səbəblərindən biri də insanların çox aktiv miqrasiya durumunda olmalarıdır. Gün ərzində milyonlarla insan bir ölkədən başqa ölkəyə səfər edir, insanlar biri-birilə sıx ünsiyyət qururlar. Virus daşıyıcıları hətta özlərinin xəbəri olmadan çox asanlıqla virusları yaya bilir. Bu baxımdan mütləq karantin tədbirləri görülməlidir. Sərhəd-keçid məntəqələrində gücləndirilmiş rejimə keçilməlidir. Hər hansısa virusun ilkin əlamətləri görülərsə, ona aydınlıq gətirilməlidir. Əgər hər hansısa virusun Azərbaycanda qeydə alınması baş verərsə, mütləq insanların toplandığı yerlərdə məhdudiyyətlər tətbiq edilməlidir. İlk olaraq, təbii ki, uşaq bağçaları, təhsil müəssisələrində, insanların sıx toplaşdığı yerlərdə bütün preventiv tədbirlər görülməlidir. Vətəndaşlara birinci məsləhətimiz budur ki, ictimai nəqliyyatda, ticarət mərkəzlərində olarkən mütləq qoruyucu maskalardan istifadə etsinlər. Biz nəzərdə saxlamalıyıq ki, ən yaxşı müalicə xəstəliyin ümumiyyətlə olmasının qarşısını almaqdır. Biz gözləmə mövqeyində dayanmamalıyıq, önləyici tədbirlər görməliyik.

A.Qeybulla bildirdi ki, MERS virusu ilə yoluxmanın əlamətləri yuxarı tənəffüs yollarının iltihabı, kəskin-repirator xəstəliklərin əlamətlərinə oxşardır. Bu səbəbdən də insanlar soyuqlamaya məruz qaldıqlarını, yoxsa təhlükəli virusa yoluxduqlarını ayırd etməkdə çətinlik çəkə bilər. Əgər xəstəlik uzun müddət davam edirsə, ev şəraitində müalicədən əl çəkib, mütləq həkimə müraciət etmək, tələb olunan analizləri vermək vacibdir.

Önləmlər alınır - ölkəyə gəlib-gedənlər yoxlanacaq
 
"Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) xəstəliyinin müalicəsi əsasən simptomatik, yəni əlamətlərə uyğun olaraq aparılır. Artıq koronovirus xəstəliyinin simptomatik müalicəsi üçün respublikada dərman ehtiyatı yaradılıb”.

Bunu isə APA-ya Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov deyib. O bildirib ki, şübhəli xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndəriləcək: "Biz onun laboratoriyada müayinəsini aparacağıq. Eyni zamanda, kəskin respirator xəstəliyə qarşı hər hansı bir şübhə yaranarsa, bu haqda dərhal lazımi tibb müəssisələri məlumatlandırılacaq və həmin şəxslər təcrid olunacaq. Bu günə qədər respublikamızda belə bir şübhəli hal qeydə alınmayıb”.

Laboratoriya müdirinin sözlərinə görə, sərhəd-keçid məntəqələrində sanitar karantin məntəqələri fəaliyyət göstərir: "Sərhədlərin sanitar qorunması qaydaları var. Bu qaydalara müvafiq olaraq respublikada bütün tədbirlər həyata keçirilir. Sərhədlərin sanitar qorunmasını da ilk növbədə sərhəd keçid məntəqələrindəki sanitar karantin şöbələri həyata keçirir. Sanitar karantin məntəqələri tək bu xəstəliklə əlaqədar yox, ümumiyyətlə daimi fəaliyyət göstərir. Xaricdən gələn Azərbaycan vətəndaşları, habelə əcnəbilərin üzərində daimi nəzarət həyata keçirilir”.

M.Cahanov əlavə edib ki, Yaxın Şərq respirator sindromlu koronovirus xəstəliyinin əlamətləri adi qrip xəstəliyi kimi başlayır: "Xəstələrdə öskürək, asqırma, temperaturun yüksəlməsi, baş ağrısı, təngnəfəslik, tənəffüsün çətinləşməsi əlamətləri olur. Yəni xəstəliyin spesifik, fərqləndirici əlaməti yoxdur. Xəstəlik növbəti mərhələyə keçdikdə ağciyərdə iltihab əlamətləri, pnevmoniya əlamətləri meydana çıxır”.

M.Cahanov qeyd edib ki, xəstəliyin təbiətdə daşıyıcısı uçan siçanlardır: "Lakin 2012-ci ildə Səudiyyə Ərəbistanında dəvələrin bu xəstəliyin yayılmasındakı rolu müəyyən edilib. Xəstəlik insandan insana qrip kimi yoluxur. Amma fərq ondadır ki, qrip çox sürətlə yayılır. Sağlam bir şəxsin xəstəliyə yoluxması üçün uzun müddət lazımdır. Xəstəlik yaxın təmasla, hava-damcı yolu ilə yoluxur”.

M.Cahanov qeyd edib ki, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsi də gücləndirilib: "Eyni zamanda, əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət, habelə tibb işçilərinin maarifləndirilməsi işləri həyata keçirilir”.

Məlahət Rzayeva