Avtobuslar üçün zolaq çəkilməsi vəziyyəti dəyişməyəcək

“Avtobus sürücülərini insan cildinə qaytarmaq lazımdır”
Elməddin Muradlı: “Bakının indiki yol infrastrukturu da buna imkan vermir”


Ötən günlərdə Azərbaycan Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası baş tutub.

Toplantıda qəbul edilən qərara əsasən, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinə paytaxtda şəhərdaxili müntəzəm avtobus marşrutlarının optimallaşdırılması, marşrutlara tələbata uyğun sayda avtobusların buraxılması, avtobus dayanacaqlarının hərəkətə maneə yaradan yerlərdən, xüsusilə yol kəsişmələri ətrafından köçürülməsi və mümkün olan yerlərdə dayanacaq üçün "ciblər”in yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsi, şəhərdaxili avtobus marşrutlarında hərəkət cədvəllərinə və hərəkət sxemlərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, cərimələrin tətbiqinin təmin edilməsi ilə bağlı tapşırıqlar verilib. Bundan başqa, DİN və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını müəyyənləşdirməli, bu zolaqlarda göstərilən növ nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.

Qərarı dəyərləndirən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı "Şərq”ə deyib ki, sərnişindaşıma avtobusları ilə bağlı nə qədər addım atılsa da, xeyri olmur. Ona görə ki, ilk növbədə avtobus sürücülərinin təfəkkürünü dəyişmək lazımdır: "Sürücülərin 90 faizinin müvafiq vəsiqəsi yoxdur. İnsani keyfiyyətləri sıfırın altındadır. İnsanlıqdan çıxıblar və sərnişinlərə aqressiv münasibət sərgiləyirlər. Bununla belə müəyyən mənada onları da anlamaq olar. Çünki onlar qul kimi istismar olunurlar. Bəzi şirkətlər var ki, sürücüləri qul kimi istismar edir. Sürücülük və şəxsiyyət vəsiqəsini girov saxlayanlar da var. İstismar olunan insandan normal xidmət gözləyə bilmərik. O bizə insani rəftar göstərə bilməz. Müdirinə qarşı aqressiyasını millətin, sərnişinlərin üstünə tökür. Deyirsən siqaret çəkmə, çəkir. Telefonla danışma, danışır. Nə olmaz deyirsənsə, onu edir. Bu məsələlər aradan qalxmasa, mümkün deyil. Bütün yolu boşaltsalar da, sərnişindaşıma avtobusları yenə qəza törədəcək, kobud davranacaqlar. Onların insani keyfiyyət və münasibətləri bərpa olunmalıdır. Sonrakı hallarda o biri proseslərə keçmək olar. Baxın, indiki sürücülər üçün ayrıca zolaq çək, sərnişini də apar başqa zolağın yanına qoy. Sərnişin əl edən kimi sürücü zolağından çıxıb, gedib o sərnişini götürəcək. Nəticədə yenə qəza baş verəcək. Problem yenə yaranacaq. Sistem kökündən dəyişməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, avtobus sürücüləri ilə əlaqədar kosmetik deyil, köklü işlər görmək lazımdır: "Sürücüyə qalstuk” geyindirməklə, o, insani keyfiyyətə minmir. İstəyirsən ona kostyum da geydir, o, yenə də beynindəkini edəcək. Ona görə də təfəkkür dəyişməlidir”.

Müsahibimiz diqqətə çatdırıb ki, sözügedən zolaqların çəkilməsinə Bakının indiki yol infrastrukturu imkan vermir: "Ola bilər, bəzi küçə və geniş prospektlərdə zolaqlar salınsın. Avropa Oyunları müddətində çəkilən zolaq yaxşı idi. Müəyyən prospektlərdə bunu etmək olar. Fikir verin, Oyunlar zamanı Dərnəgül rayonunda sarı zolaq çəkdilər, o biri zolaqda tıxac yarandı. Halbuki həmin dövrdə məktəblər də bağlanmışdı. Dərs başlayanda ora zolaq çək, de ki, bura avtobus üçündür. Gör onda nə baş verəcək. Avtobuslar şəhərin darısqal küçələri ilə hərəkət edir. Orda hansı zolağı yaradacaqlar? Gərək Bakının 80 faizini söküb yenidən tiksinlər. Düzdü, bu zolaq məsələsi təklif kimi ortalığa atılıb. Amma bunun reallaşacağına inanmıram. Həmin prosesə gəlmək üçün avtobus sürücülərini insan cildinə qaytarmaq lazımdır. Dayanacaqdan kənar saxlamamağı və 20 qəpikdən ötrü yarışa çıxmamağı öyrətmək gərəkdir. Bu problemlərin həllinə nail olduqdan sonra zolaq məsələsinə keçmək olar. Qeyd etdiyim nöqsanlar aradan qalxsa, zolaqlara ehtiyac qalmayacaq”.

E.Muradlı onu da əlavə edib ki, avtobuslar üçün ayrıca zolağın çəkilməsi böyük vəsait tələb edir: "Bizim sürücülər buna tam hazır deyillər. İlk növbədə avtobus sürücüləri üzərində iş aparmaq lazımdır. Baxın, Türkiyədə gözəl təcrübə var. Onlardan istifadə etmək lazımdır. Hərə 3 avtobus alıb, xəttə buraxıb adını şirkət qoymalı deyil. Vəziyyət o həddə çatıb ki, bəzi avtobuslarda günortaya kimi oğul, günortadan sonra ata işləyir. Bununla sərnişin daşımaq olmur axı. Ciddi nəzarət lazımdır. Nəqliyyat müfəttişləri dayanacaqlarda durub, hər marşrutdan 20 qəpik alıb, yola salmalı deyil. Nəzarət etməlidir ki, bu avtobusu idarə edən kimdir. Bunlara baxmalıdır. Yoxsa keçib pəncərədən 20 qəpik alıb, kölgədə oturmalı deyil. Nəqliyyat Nazirliyi ciddi nəzarət etməlidi. Baxmalıdır ki, səhər həkim müayinəsindən keçən və qarajdan maşını çıxaran kim olub. Bir avtobusu bir nəfər idarə etməlidir. Yoxsa, bizdə səhər Məmməd, günorta Əhməd, axşam da Hümbət idarə edir. Bilinmir kimin papağı kimin başındadır. Bunlar həllini tapdıqdan sonra zolaq barədə düşünmək olar”.

Ayyət Əhməd