Türkiyə Suriya dirənişinə başladı

5 min polis və helikopterlərlə geniş əməliyyatlara start verilib
140 yaşayış ünvanında axtarış aparılıb. İŞİD və PKK ilə əlaqəsi ehtimal olunanlar həbs edilib



Türkiyə Suruç terror aktından sonra faktiki olaraq Suriya müharibəsinə qoşulub. Hələlik hər şey sərhədlərdə baş verir. İŞİD üzvü olan terrorçunun Suruçda 30-dan artıq insanın ölümü, 100-dən çox şəxsin yaralanması ilə nəticələnən hücumunun ardınca PKK sərhədlərdə türk əsgəri ilə silahlı qarşıdurmaya getdi. Bütün hücumlar dəf edilsə də, 5 əsgər şəhid oldu.

Bununla yanaşı, yeni terror aktları haqda xəbərlər yayıldı, geniş miqyaslı əməliyyatlar hazırda da davam edir. Təhlükəsizlik şurasının ötən gün keçirilən toplantısından sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus 4 ədəd F-16 döyüş təyyarəsi gecə saatlarında Suriya ilə sərhəd boyunca İŞİD-in mövqelərini bombalayıb. "Şəhid Yalçın hərəkatı” adlanan əməliyyat 1 saat 12 dəqiqə çəkib və uğurla yekunlaşıb. Deyilənə görə, İŞİD sərhədə yaxın kəndləri boşaldıb. Terror qruplaşmasına məxsus snayperlərin Türkiyə hərbçilərini hədəfə aldığı deyilir. Atışmalar nəticəsində bir türk zabiti şəhid olub, iki əsgər yaralanıb.

PKK-ya "silahı yerə qoyun” çağırışı...

Türkiyə Silahlı Qüvvələrinin "bordo berelilər” adlanan xüsusi təyinatlıları da Suriya ərazisinə daxil olub. 60 "bordo bereli” İŞİD terror qruplaşmasının nəzarət etdiyi Ayyaşe kəndini ələ keçirib. Xüsusi təyinatlıların hücum zamanı 100-dən artıq İŞİD üzvünü məhv etdiyi xəbərləri də yayılıb. Artıq ox yaydan çıxıb və Türkiyə faktiki olaraq müharibəyə qoşulub. İŞİD-lə mübarizə daxildə də davam etdirilir. Belə ki, İstanbul Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Şöbəsi şəhər daxilində helikopterlərin də dəstək verdiyi xüsusi əməliyyat keçirib. 5 min polisin cəlb edildiyi əməliyyat zamanı 140 yaşayış ünvanında axtarış aparılıb. İŞİD və PKK ilə əlaqəsi ehtimal olunanlar həbs edilib. Həmçinin ölkənin 13 bölgəsində minlərlə polisin cəlb edildiyi genişmiqyaslı əməliyyatlar davam edir. Bu arada Türkiyə hökuməti PKK-ya sonuncu dəfə "silahı yerə qoyun” çağırışını etməyə hazırlaşır. Mənfi cavab alınacağı təqdirdə PKK-ya qarşı da əməliyyatlara start veriləcək.

Türkiyə faktiki olaraq İŞİD-lə müharibəyə qoşulub

Ekspertlərə görə, Türkiyədə yaşanan bu çaxnaşma onu göstərir ki, 2013-cü ildən bəri bu ölkəni Suriya müharibəsinə çəkmək istəyənlər müəyyən mənada istəklərinə nail olurlar. İŞİD-in bu bölgədə ən böyük hədəfi Türkiyədir. Təbii ki, bu terror qruplaşması, yaxud onun lideri Bağdadinin məqsədi yox, onları ortaya çıxaran qüvvələrin hədəfidir. Türkiyə zəifləməli, daxili çaxnaşmalar bataqlığına sürüklənməlidir. Bunun yolu da məhz onun Suriya müharibəsinə bu və ya digər formada cəlb olunmasından keçir. Türkiyə bu bataqlığa girməsə də, onun astanasına qədər gəlib çıxıb. Görünən budur ki, Ankaranın əlindəki kartlar yavaş-yavaş bitmək üzrədir və Türkiyənin İŞİD-ə qarşı müharibə aparmaqdan başqa yolu qalmayıb. Əks təqdirdə, terror qruplaşması və onun arxasındakı qüvvələr ölkə daxilinə sirayət edəcək. Həmçinin, Türkiyə regionda qaçılmaz müharibədən kənar dayandıqca, PKK öz təsir imkanlarını artırır ki, bu da Ankaranın strateji maraqlarına uyğun deyil.

Müharibə Türkiyəyə nə verəcək?

Müharibə nəticəsində ölkə hərbi itkilərə məruz qalacaq, zəifləyəcək, daxili problemlər çoxalacaq. Nəticədə Ərdoğan hökumətinin yola salınmasına start veriləcək. Ümumilikdə, Türkiyə regiona təsir gücünə malik olan ölkədən müharibə aparan və daxili problemlərlə məşğul olan ölkəyə çevriləcək. Bu isə İŞİD-in və PKK-nın əl-qolunu açacaq. Xüsusilə Türkiyə sərhədləri yaxınlığında kürd dövlətinin yaranmasının qarşısındakı əngəllər götürüləcək. Təbii ki, bu, Türkiyəyə sərf etmir. Lakin baş verənlərə müşahidəçi qalmaq da regiondakı təsir imkanlarına zərbə vurur və kənar hücumlara məruz qalır. Hazırda Türkiyə hökuməti Suriya ilə 900 kilometrlik sərhəd xəttini gücləndirmək planlarını açıqlayıb, eləcə də sərhəd boyunca və daxildə İŞİD-lə mübarizə aparır. Bunun konkret hansı nəticələrə səbəb olacağı yaxın zamanlarda bəlli olacaq.

ABŞ-Türkiyə anlaşması...

Obama və Ərdoğan İŞİD-ə qarşı İncirlik hərbi hava bazasının açılması barədə razılığa gəliblər. Rəsmi məlumata görə, baza çox yaxın zamanda İŞİD-ə qarşı savaşan koalisiya qüvvələrinin hava qoşunlarına dəstək verəcək. Qeyd edək ki, 1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası 1954-cü ilin dekabr ayında Türkiyə Silahlı Qüvvələri (TSK) və ABŞ Hava Qüvvələrinin birgə istifadəsinə verilib. Hərbi bazanın Yaxın Şərqdəki böhranlara qarşı cavab verməkdə əhəmiyyətli mövqeyi var. Baza 1960-cı ilin may ayına qədər "U-2” casus təyyarələrinin əsas əməliyyat mərkəzi olub. İncirlik hərbi hava bazasından 1970-80-ci illərdə, həmçinin birinci və ikinci İraq müharibələrində geniş istifadə olunub.

"İŞİD-ə qarşı əməliyyatlar davamlı olacaq”

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Silahlı Qüvvələrinin Suriya ərazisində İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirməsinə münasibət bildirərkən deyib ki, İŞİD-ə qarşı həyata keçirilən əməliyyat məqsədinə çatıb. Baş nazirin sözlərinə görə, Türkiyə əməliyyatlar barədə Dəməşqə məlumat vermək məcburiyyətində deyil: "Bu, birdəfəlik əməliyyat deyil. Əməliyyatlar davamlı olacaq. Sərhəd bütövlüyümüzə təhlükə yaranan anda tədbir görüləcək. Türkiyə Silahlı Qüvvələri aldığı təlimata əsasən, İŞİD-in mövqelərinə zərbələr endirib. Qərar Ankarada qəbul edilib və icra olunub. Türkiyə təhlükəsizliyini təmin etmək məcburiyyətindədir”. Əhməd Davudoğlu İŞİD və PKK terror təşkilatlarının Türkiyədə eyni zamanda terror hadisələri törətməsinin təsadüfi olmadığını bildirib və Türkiyənin hədəfə alındığını deyib.

"Qərb Türkiyəni təkcə İŞİD-lə deyil, PKK ilə də üz-üzə qoyub”

Bölgədə yaranmış gərgin vəziyyətlə bağlı danışan millət vəkili Fazil Mustafa İŞİD təhlükəsinin Türkiyə üçün riskli olduğunu deyib. Deputatın fikrincə, Türkiyə İŞİD-in bölgədə yayılmasının qarşısını almaq üçün ciddi addımlar atmalıdır: "Türkiyəyə bu gün mane olan Suriyanın vəziyyətidir. İran və Rusiyanın Suriyada möhkəmlənməsi Türkiyənin Suriya siyasətinə mane olur. Suriya sərhədlərini keçmək də Türkiyə üçün problem yaradır. Təzadlı bir vəziyyət yaranıb. PJK-nın, PKK-nın bölgədə güclənməsi də Türkiyə üçün təhlükəlidir. Bu təhlükələri dəf etmək üçün Türkiyə tərəfi müəyyən, qəti və ciddi addımlar atmağa başlamalıdır. İndiki vəziyyətdə hökumətin qurulmaması Türkiyənin ziyanınadır. Belə davam edərsə, Türkiyənin qəti qərarlar verməsi çətin olacaq. Amma qardaş ölkədə hökumət qurulmasa da, dövlət var, prezident var. Ümid edirəm ki, Türkiyə bu çətinliyi aşacaq”.

F.Mustafanın sözlərinə görə, Türkiyənin İŞİD-lə münasibətlərində gərginliyin olması oyunun tərkib hissəsidir: "Qərb Türkiyəni təkcə İŞİD-lə deyil, PKK ilə də üz-üzə qoyub. Türkiyə ağıllı siyasət yürüdərək bir sıra məsələlərin qarşısını almalıdır. Türkiyə Suriya siyasətində daha doğru tədbirlər görməli idi, təəssüf ki, bunu etmədi, hissi ilə davrandı. İsrail siyasətində də AKP hökuməti duyğularını işlətdi. Ona görə də, nəticələr xoşagələn olmadı. Bununla belə Türkiyə çox böyük dövlətdir və öz problemini həll etməyə gücü çatar”.

İsmayıl