İnformasiya təhlükəsizliyi problemi...

Müşfiq Ələsgərli: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sıras
Ayaz Nizamioğlu: “Yaxşı olar ki, saytlarımız ucuz reytinq arxasınca qaçmaqdan öncə dövlət maraqlarını və ölkəmizin imicini nəzərə alsınlar”


Dünən Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTD İB) "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda konfrans keçirib. KİV nümayəndələri, həmçinin, internet fəalları və QHT təmsilçilərinin iştirakı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi” adlı layihə çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli öz çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: "İnformasiya təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm elementlərindən olduğunu 2014-cü ilin avqust ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik zamanı müşahidə etdiyimiz mənzərə də doğrulamış oldu. Həmin vaxt Azərbaycan ordusu Ermənistanın təxribatçı əməllərinə layiqincə cavab verib, ərazi təhlükəsizliyini qoruya bilsə də, ölkənin informasiya istehsalçıları təxribatlara asanlıqla uyub, informasiya təhlükəsizliyimiz üçün çox ciddi problemlər yaratdılar. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 29 avqust 2014-cü il tarixində dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərləri ilə keçirdiyi geniş müşavirə, həmçinin Prezident İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamı ölkədə informasiya təhlükəsizliyi ilə bağlı geniş proqramların gerçəkləşdirilməsinə zərurət olduğu faktını ortaya çıxardı. 2014-cü ilin avqustunda yaşanan problemlər ətrafında aparılan müzakirələrin sonucu olaraq bu nəticəyə gəlindi ki, informasiya təhlükəsizliyi ilə əlaqədar yaşanan problemin bir tərəfi düşmən qüvvələrin təxribatlarının nəticəsi kimi ortaya çıxıb obyektiv səbəblərlə bağlıdırsa, digər tərəfi Azərbaycanda onlayn xəbər istehsalçılarının qeyri-peşəkarlığının göstəricisidir. Bu sahədə internet fəallarının xüsusi paya malik olmasını isə hər kəs etiraf edir. Baş verənlər, ölkədə xəbər istehsalı ilə məşğul olan, xüsusilə, sayı 70 faizi ötmüş internet istifadəçiləri arasında ciddi maarifləndirmə proqramlarının gerçəkləşdirilməsi zərurətini yaradır. İnternet istifadəçilərinin intellektual səviyyə baxımından bərabər olmadığının etiraf edildiyi bir dövrdə xəbər istehsalı zamanı hər kəsdən peşəkarlıq gözlənilməsi məntiqli olmasa da, hər kəsin bilməli olduğu prinsiplərin təbliğ edilməsi vacibdir. Bu sırada təhlükəsizliklə bağlı bilgilər ilk yer tutur.

İnformasiya təhlükəsizliyi ilə bağlı Azərbaycanın ayrı-ayrı qanunvericilik aktlarında əks edilən maddələrin toplanaraq vahid vəsait halında birləşdirilməsi, xəbər istehsalçıları üçün asan əldə edilən, anlaşıqlı bir vəsaitin hazırlanmasına, həmçinin xəbər istehsalçıları arasında informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə işi aparılmasına ehtiyac var”.

Avqust hadisəsi zamanı informasiya təhlükəsizliyimizə təhdidin qeydə alınmasında jurnalistlərlə yanaşı, aidiyyəti qurumların da məsuliyyət daşıdığını deyən M.Ələsgərli bildirib ki, bir sıra hallarda informasiya verilməsinə cavabdeh olan qurumlar operativ şəkildə öz fəaliyyətlərini icra edə bilmirdilər. Bəzən mediada Azərbaycan Ordusunun bir neçə kəndi azad etdiyi bildirilirdi, peşəkar jurnalistlər isə aidiyyəti qurumdan dərhal münasibət öyrənib, xəbərin doğruluğunu yoxlamaqda çətinlik çəkirdi. Hesab edirəm ki, bu cür situasiyalarda hərbi strukturların mətbuat xidmətləri daha fəal və operativ olmalıdırlar. Onların informasiya təminatı mexanizmini mütləq təkmilləşdirməlidir.

Azərbaycan kəndlərinin boşaldılması haqqında dezinformasiya yayanları, hərbi hissələrin, texnikanın dislokasiyası barədə məlumatları açıqlayanları naşılıqda ittiham edən media ekspertinin fikrincə, bəzən milli maraqlara məhz naşılıq ucbatından zərər vurulur.

M.Ələsgərlinin sözlərinə görə, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanan "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda seminar və konfransların təşkili layihəsi və layihə çərçivəsində hazırlanan vəsait də bu məqsədlə xidmət edən ilk təşəbbüslərdəndir. Vəsait ölkənin sərhəd regionlarında yaşayıb fəaliyyət göstərən xəbər istehsalçılarında informasiya təhlükəsizliyi və milli təhlükəsizlik anlayışları barədə təsəvvür formalaşdırılması, bu auditoriyada informasiya təhlükəsizliyinin təmin edilməsi vərdişləri yaradılması, informasiya istehsalı zamanı təhlükəsizlik prinsiplərinin gözlənilməsinə yardım göstərilməsi məqsədi ilə hazırlanıb.

M.Ələsgərli qeyd edib ki, internet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. "Biz layihə çərçivəsində Azərbaycanın bir çox bölgələrində, xüsusilə də cəbhə və sərhədyanı ərazilərində tədbirlər keçirmişik. Keçirdiyimiz tədbirdə internet üzərindən informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr aparılıb”.

Bir daha informasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi məsələsinə qayıdan koordinator deyib ki, dövlət idarəetməsində olan məsul şəxslər, habelə hərbi komandirlər funksiyalarına uyğun olaraq, hələ illər öncə informasiyaların qorunması zəruriliyini dərk edərək, müəyyən tədbirlər görüblər. Çünki xüsusi əhəmiyyətli məlumatların düşmənin, yaxud rəqiblərin əlinə keçməsi, dövlətin təhlükəsizliyi, ordunun döyüş qabiliyyəti üçün ölümcül nəticələrə səbəb olar bilərdi. Son illər də informasiya təhlükəsizliyinin miqyası genişlənib, inkişaf edib, yeni tədbirlər görülməsi məqsədi ilə müxtəlif strukturlar, qurumlar, proqramlar, habelə standartlar yaradılıb.

Tədbirdə çıxış edən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Nizamioğlu internet üzərindən yayılan informasiyaların yaratdığı hüquqi məsuliyyət mövzusunda tədbirlərin xüsusən sərhədboyu bölgələrdə keçirilməsinə zərurət olduğunu bildirib. Onun sözlərinə görə, hər bir mətbuat rəhbərləri də bu istiqamətdə üzərlərinə düşən ağır yükün məsuliyyətini dərk etməlidirlər. Jurnalist deyib ki, bəzi jurnalistlər fərqinə varmadan dövlət təhlükəsizliyinə xələl gətirə biləcək xəbərləri yayırlar: "Biz vaxtaşırı monitorinqlər aparırıq. Məlum olur ki, bəzi jurnalistlər xəbəri dəqiqləşdirmədən verirlər. Biz Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı müəyyən problemlər olduğunun 2014-cü ilin avqust ayında cəbhədə baş verən gərginlik zamanı daha konkret şəkildə şahidi olduq. Ayrı-ayrı media orqanlarının fəaliyyətində cəmiyyəti çaşdırmaq meyli aşkar göründü. Şəbəkəmizin apardığı monitorinqlərin nəticəsinə dayanaraq deyə bilərəm ki, qoşunların təmas xəttində gərgin vəziyyətin yarandığı andan başlayaraq dezinformasiya tipli materialları cəmiyyətə çatdıran bir sıra yeni internet resurslar meydana çıxdı. Bəzən nisbətən oturuşmuş xəbər portalları da onlara istinadən materiallar yayımlayırdılar. Nəticədə müəyyən informasiya xaosu müşahidə olundu. Bəzi həmkarlarımız unutdular ki, sensasiyalı xəbər müharibə dövrü qaydaları üçün yolverilən deyil. Təbii ki, bunu bütün jurnalistlərə şamil etmək də doğru deyil. Gərginlik zamanı müəyyən düşünülmüş, qəsdən ictimai rəyi çaşdırmağa yönəlik addım atanlar da, sınaqdan üzüağ çıxanlar da oldu.

Çox uzağa getmədən deyim ki, "Bakı- 2015” Avropa Oyunları zamanı da bir sıra media orqanları qeyri-peşəkarlıq göstərərək dövlətimizin əleyhinə istifadə oluna biləcək məlumatlara yer ayırdılar.

Oyunlar zamanı bir sıra qərb ölkələri tərəfindən Azərbaycana qarşı açıq şəkildə "informasiya müharibəsi” elan olunduğu heç kəs üçün sirr deyil. Və onların bu məkrli niyyəti avstriyalı üzgüçü qızların qəzaya düşməsi zamanı özünü daha qabarıq şəkildə göstərmiş oldu. Onlar bu hadisəni şişirdərək Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün istifadə elədilər. Çox təəssüflə qeyd etməliyəm ki, məlum sürücü səhlənkarlığından doğan hadisənin videosunu yaymaqla bizim mətbuat bizi istəməyən bəzi beynəlxalq təşkilatların dəyirmanına su tökmüş oldu. Jurnalist xəbər hazırlayarkən həmin yazının ölkənin milli təhlükəsizliyini, dövlət sirrini yayıb-yaymadığını saf-çürük etməlidir. Amma həmin video-kadrları yayımlamaqla bir neçə media qurumu öz qeyri-peşəkarlıqlarını nümayiş etdirdilər. Bundan əlavə, Oyunlar ərəfəsində bəzi internet saytlarda Cəlilabadda bir qızın atın quyruğuna bağlanılaraq süründüyünə dair informasiyalar yayıldı. Halbuki biz şəbəkə olaraq o məsələni araşdırdıq və əsassız olduğunu üzə çıxardıq. Xəbəri yayan jurnalist heç bir fakta və dəlilə əsaslanmadan bir dostunun telefon zəngi vasitəsilə buna dediklərini yazıb. Biz bu cür xəbərlərin ictimai və dövlət maraqlarına zidd olduğunu həmin sayt rəhbərliyinin də diqqətinə çatdırdıq. Çox güman ki, ilk Avropa Oyunlarına ev sahibliyini etməyə hazırlaşan Azərbaycan əyalətlərində "orta dövrə aid işgəncə metodlarından istifadə edilməsi” bizi hədəfə alan qərb mediası üçün göydəndüşmə bir informasiya oldu. Yaxşı olar ki, saytlarımız ucuz reytinq arxasınca qaçmaqdan öncə dövlət maraqlarını və ölkəmizin imicini nəzərə alsınlar”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb