Dilənçilər Bakını bürüyüb

Çingiz Qənizadə: “Qaraçılara qarşı inzibati metodları gücləndirmək lazımdır ki, müasir tələblərə zidd formada dilənməyi dayandırsınlar”
Mahmud Hacıyev: “Məsələni kökündən həll etmək üçün isə sivil metodlardan istifadə etmək lazımdır”


Daha çox qaraçıların ənənəvi fəaliyyəti kimi dəyərləndirilən dilənçiliklə mübarizə zaman-zaman gündəmə gəlib. Amma bu il bu prosesə daha ciddi yanaşıldı. Hətta qısa müddətə də olsa, aparılan əməliyyatlar nəticə verdi. Belə ki, "Bakı - 2015” Avropa Oyunları ilə əlaqədar polis onları paytaxt küçələrindən yığmağı bacardı.

Yarışma ərəfəsi Azərbaycanın müxtəlif rayonlarından paytaxta gələn, dilənçiliklə məşğul olan qaraçıları polis əməkdaşları müxtəlif bölmələrə cəmləyərək, oradan da avtobuslarla Yevlaxa, Ağdaşa, Bərdəyə və sair onların yaşadıqları rayonlara göndərdilər.
Amma şəhər sakinlərinin dincliyi uzun sürmədi.
Yenə də, şəhərin müxtəlif istiqamətlərində "Bakı-2015” Avropa Oyunları ərəfəsində yadırğadığımız "”Sən o qızın qara gözləri, qara qaşları (hətta bəzi hallarda qara baxışları deyənləri də olur)” və ya "Allah sizi xoşbəxt eləsin!” kimi "bər-bəzəkli” ifadələrin müşayiəti altında əl açan dilənçilərə təsadüf edirik. Hansı ki, yarışma müddətində şəhərdə bir dənə də qaraçı görə bilmədik. Yarışmadan sonra isə dilənçilər yenə də paytaxt küçələrində əl-ayağa dolaşmağa başlayıblar. Yəni "Bakı- 2015” Avropa Oyunları bitdi, qaraçılar da öz peşələrinə qaldıqları yerdən davam etməyə başladılar.
Halbuki Oyunlar qurtarsa da, turistlərin əksəriyyəti hələ də Bakıdadır. Dilənçilərin yenidən paytaxt küçələrinə axın etməsi bir daha göstərdi ki, bütün aparılan əməliyyatlar tədbirləri müvəqqəti xarakter daşıyırmış. Bəs niyə müvəqqəti? Əgər bir aylıq da olsa, dilənçiləri paytaxt küçələrindən yığışdırmaq mümkün oldusa, deməli, onları tamamilə zərərsizləşdirmək də olar.

Dilənçiliyin dünyanın hər yerində geniş yayıldığını vurğulayan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyib ki, bizim ölkədən fərqli olaraq, xarici ölkələrdə insanlar kənardaca oturub, mədəni şəkildə kömək istəyir: "Amma qaraçılar dilənçilərdən fərqli olaraq, dilənməyi artıq bir peşəyə çeviriblər. Azərbaycanda da kütləvi şəkildə yayılan bu insanlar köməyi də çox həyasız formada, ətrafdakıların qolundan, paltarından çəkib dartmaqla, arxasınca qaçmaqla istəyirlər. Bu da yolverilməzdir və qarşısı alınmalıdır. Razıyam ki, Avropa Oyunları zamanı Bakı qaraçılardan tamamilə təmizlənmişdi. Görünür ki, qaraçılara qarşı mübarizə yenə də polisin üzərinə əlavə vəzifə kimi qoyulmalı və onlara qarşı ciddi mübarizə aparılmalıdır. Çox güman ki, Oyunlar ərəfəsindəki gərgin iş rejimindən sonra polislərimiz daha çox dincəlməyə üstünlük verirlər və bu kimi problemlər diqqətdən kənar qalıb. Amma qaraçıların bundan sui-istifadəsinə yol verilməməlidir. Cənab prezidentin də sonuncu çıxışında vurğuladığı kimi, mətbuatda qaldırılan məsələlər hər zaman ölkə başçısının və məmurların diqqət mərkəzində olur və olmalıdır. Hesab edirəm ki, mətbuat bu məsələni də ictimai rəyi narahat edən bir məsələ kimi qaldırsa, polis orqanları da bununla bağlı yenidən gücləndirilmiş rejimə keçər və onlara qarşı effektiv mübarizə aparar”.

Millət vəkilinin sözlərinə görə, qaraçıları əməyə cəlb etməklə bu yoldan çəkindirmək kimi yanaşmalar absurddur: "Qaraçılar işləmək istəməyən, dilənməklə dolanan insanlardır. Mənim doğulub, boya-başa çatdığım Ağdaş rayonunda da qaraçılar məhəlləsi var. Onlar dilənçiliklə məşğul olmayan qız-gəlinləri belə evlərində saxlamırlar. Dilənmək artıq onlar üçün peşə xəstəliyinə çevrilib. Birincisi, onları zorla əməyə məcbur etmək mümkün deyil. İkincisi də, hansı birini edəsən? Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan on minlərlə qaraçı var. Az qala hər evdən 2 nəfər dilənmək üçün paytaxta üz tutur. Ailənin qalan üzvləri də rayonlarda bu işlə məşğul olur. Hesab edirəm ki, qaraçılara qarşı inzibati metodları gücləndirmək lazımdır ki, müasir tələblərə zidd formada dilənməyi dayandırsınlar”.

Sabiq polis rəisi Mahmud Hacıyev deyib ki, dilənçilərin şəhərin küçələrində dilənməyi təhlükəsizlik qaydalarına zidd olduğu üçün ilk növbədə onları yığışdırmaq, qarşısını almaq lazımdır. Polisin istintaq-əməliyyat sahəsi var və onun da daxili və bayır xidmət sahələri olur. Və küçələrdə ictimai asayişi qorumaq da bayır xidmətin, yəni Post Patrul Xidmətinin vəzifəsidir, bu işi onlar görməlidir. Qaldı ki dilənçilərin ümumilikdə küçələrdən yığışdırılmasına, bunun yeganə həlli insanların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasıdır. Heç kim toxluqdan, kefindən dilənmir. Nə etnik qaraçılar, nə də azərbaycanlı dilənçilər. Hamının özünə görə şəxsiyyəti var. Və heç kəs də məcbur olmadıqca, şəxsiyyətini alçaltmaq, kimlərinsə qabağında əl açıb dilənmək istəməz. Bu problemi həll etmək üçün ilk növbədə ölkədəki sosial-iqtisadi problemlər aradan qaldırılmalıdır. İşsizlik Azərbaycanda reallıqdır. Bunu heç kəs inkar edə bilməz: "Doğrudur, bir neçə yerdə evi olan, kifayət qədər pulu olan dilənçilər də var. Mən bunu inkar etmirəm. Onlar üçün dilənmək artıq bir adət-ənənə halını alıb. Amma bütün dilənçilər belə deyil ki. Əgər şəhərdə yüz dilənçi varsa, onlardan 10-20 nəfərinə ev də, iş də versən, dilənəcəklər. Amma yerdə qalan 80 nəfəri bu yoldan çəkindirmək olar axı. Hamısı da məcburiyyət ucbatından küçələrə çıxıb dilənirlər. Mən hətta onların yerlərinə qədər bilirəm. Heç qaraçı da deyillər. Əksəriyyəti azərbaycanlı qadınlardır. Axşam saatlarında dörd yol ayrıclarında, işıqforların yanında durub, xarici maşın görəndə atılırlar üstünə. Bir qəpikdən ötrü min dil tökürlər. Utana-utana ağacın
arxasında gizlənirlər. Bu onların günahı deyil axı. Hamısı sosial-iqtisadi durumla əlaqədar olan problemlərdir”.

M.Hacıyevin sözlərinə görə, hüquqi demokratik dövlətlərdə dilənçilik kütləvi hal alanda onlara qarşı mübarizə aparan orqan, Post Patrul Xidməti müəyyən bir təkliflə Nazirlər Kabinetinə çıxır. Və məruzə edir ki, artıq bu problem kütləvi hal alıb, mübarizə apara, qarşısını ala bilmirik. "Aydın məsələdir ki, həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar keçmişdə qalıb. Artıq bu cür metodlar effekt vermir. İndi bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi təkliflərdən, profilaktik tədbirlərdən keçir. Artıq biz anlamalıyıq ki, cəza problemin qarşısını almaq metodu deyil, yalnız müvəqqəti üsuldur. Məsələni kökündən həll etmək üçün isə sivil metodlardan istifadə etmək lazımdır”. Həyatda yalnız ölümə çarə olmadığını vurğulayan sabiq polis rəisi deyib ki, hansı tərəfdən baxsan, problemin kökü gedib sosial-iqtisadi problemlərə çıxır. Əgər dövlət ölkədə kütləvi hal alan dilənçilərin məsələsini həll etmək istəyirsə, mütləq sivil yollara əl atmalıdır.

Şəymən