Sterliqov Moskvada “saxlandı” və buraxıldı

Azərbaycan hüquq-mühafizə əməkdaşları onun dindirilməsi üçün Rusiya paytaxtına ezam olunub



Baş Prokurorluq və Daxili İşlər Nazirliyi German Sterliqovun Moskvada saxlanılması ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, 2015-ci il avqust ayının 31-də, saat 17 radələrində German Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "Domodedovo” hava limanında saxlanılıb və gecə saat 01 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.

Bundan sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub. Məlumat üçün deyək ki, German Sterliqov ailə üzvləri ilə birlikdə işğal olunmuş ərazilərimizdə yaşayan digər təxribatçılarla əlbir olaraq müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozub. Həmçinin, o, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin istismarına, pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib.

Rusiyalı biznesmen Sterliqov ətrafında cərəyan edən prosesləri dəyərləndirən Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, Sterliqovun Dağlıq Qarabağa göndərilməsi təsadüfi xarakter daşımır: "Onun işğal olunmuş ərazilərə gəlişi məqsədli şəkildə müəyyən iddialarla pərdələnməyə çalışıldı. Guya, Sterliqov Rusiyada cinayət törədib, qanunları pozub, kimdənsə qaçır və s. Ancaq rusiyalı biznesmenin hərəkətlərinin arxasında birbaşa Kremlin geostrateji məqsədləri durur. Biznesmenin Rusiyada "saxlanılaraq” sonradan sərbəst buraxılması da bunu sübut edir”. N.Mirinin sözlərinə görə, Sterliqovun, onun ailəsinin və digərlərinin Dağlıq Qarabağa yerləşdirilməsi bu bölgənin tədricən ruslaşdırılması siyasətinə xidmət edir: "Əlbəttə, bu, çox təhlükəli tendensiyadır. Çünki ortada çox yaxın tarixdə yaşanmış Krım praktikası var. Xatırlayırsızsa, Krım bir dənə güllə atılmadan ruslar tərəfindən ilhaq olundu. Moskva bu praktikanı eynilə Dağlıq Qarabağda da tətbiq etmək istəyir. Ona görə də, bölgədə rusların sayını artırmağı qarşısına məqsəd qoyur. Əgər Sterliqov rəsmi və hüquqi üsullarla cəzalandırıla bilmirsə, o, mütləq qeyri-hüquqi yollarla dayandırılmalıdır. Azərbaycanda Sterliqovu məhv edəcək çoxlu sayda qəhrəman oğullarımız var. Sterliqov özü subyekt olaraq alətdir. Ancaq gələcəkdə sterliqovların sayı Dağlıq Qarabağda arta bilər”.

İsmayıl