Böyük problemə son...

Vaxta və pula qənaət olunacaq




Prezident İlham Əliyev ötən gün "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb.

Sənəddə həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqi nəzərdə tutulub. Fərman ASAN Xidmətin fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq. Fərmanda ən diqqət çəkən məqamlardan biri də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya), taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "Fərqlənmə nişanı”nın verilməsinin ASAN Xidmətə həvalə olunmasıdır. Artıq müəyyən prosedurlar həyata keçiriləndən sonra taksi fəaliyyəti ilə məşğul olanlar, eləcə də aylıq fərqlənmə nişanı almaq istəyənlər ASAN Xidmətə müraciət edərək istəklərini daha rahat və qısa müddətdə həyata keçirə biləcəklər.

Yeni fərmandan gözləntilərə gəldikdə isə ekspertlər bu yöndə müsbət dəyişikliklərin baş verəcəyinə ümid edirlər.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Elektron lisenziya” portalının yaradılması sahibkarlığın stimullaşdırılması ilə nəticələnəcək: "Bu məqsədlə "Elektron lisenziya” portalı yaradılacaq. Bu portal "Elektron hökumət”in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə durmaq, nə də çoxlu sənəd toplamaq tələb ediləcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanı qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək. Fərman eyni zamanda vətəndaşların arayış almaq problemini həll edəcək. Artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcəklər. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin.

Beləliklə, ASAN Xidmətin səlahiyyətləri genişlənməkdə davam edir. Bu isə, təbii ki, vaxta və hətta pula qənaət edilməsi deməkdir”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, lisenziya və fərqlənmə nişanının ASAN Xidmət tərəfindən verilməsi taksiçiliyin keyfiyyətini artıracaq: "Proses bir neçə aya yekunlaşacaq və ASAN Xidmət də məhz bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanı, eləcə də fərqlənmə nişanlarını təqdim etməyə başlayacaq”. Ekspert həmçinin qeyd edib ki, lisenziya hər bir nəqliyyat vasitəsinə 5 il müddətinə verilir və rüsumun məbləği 150 manatdır. Fərqlənmə nişanına görə ödənilən rüsumun məbləği isə oturacaqların sayından asılı olaraq 16 manatdan başlayır.

Ə.Hüseynov bildirib ki, lisenziya və fərqlənmə nişanlarının ASAN Xidmət vasitəsi ilə verilməsi ölkədə taksilərin fəaliyyətinə müəyyən nizam-intizam gətirəcək: "Həmçinin nəqliyyat müfəttişləri və polis nəzarətedici orqan olaraq öz işlərinə daha məsuliyyətli yanaşacaqlar”.

Şəymən