Bir qədər gecikmişik

“Sürücü gün ərzində 8 saatdan artıq işləməməlidir”



Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı payız sessiyasında təşəbbüs irəli sürüləcək.

Məlumat üçün bildirək ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Avtobuslarda sürət həddinə nəzarət edən cihazlar da var və əgər sürücü sürət həddini aşarsa, qısa xəbərdarlıqdan sonra həmin cihaz, avtomobilin mühərriki dayanır. Ölkədə avtobus sürücülərinin iş fəaliyyətindən narazılıq kifayət qədər çoxdur. Ekspertlərin fikrincə bu proqramın tətbiqi müəyyən problemləri həll edə bilər. Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr mərkəzinin rəhbəri Şəfa Mehmanqızı isə deyib ki, avtobuslarda sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihaz barədə nazirliyə təklif çoxdan daxil olub: "Bu, yeni təklif deyil. Xeyli vaxtdır bununla bağlı tədbirlər həyata keçirilir”.

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da hesab edir ki, bu proqramın tətbiq ediləcəyi təqdirdə, bir çox məsələlər paralel olaraq həllini tapa bilər: "Bu proqramlar xarici ölkələrdə çoxdan tətbiq edilir. Əslində Azərbaycanda da bu vaxta qədər tətbiq edilməli idi. Bu, xüsusi bir yenilik deyil. Ümumiyyətlə, şəhərdaxili və rayonlararası avtobuslarda sözügedən proqramı tətbiq etsələr və normal da nəzarət etsələr, çox müsbət nəticələr əldə edilər. Sürücü uzun müddət sükan arxasında olduqda onun yuxulama ehtimalı artır və reaksiyası azalır. Bu da ciddi qəzaların olmasına səbəb olur. Bu kimi halların qarşısını almaq üçün dünyanın bir çox yerlərində tətbiq edilən beynəlxalq normativlər var. Sürücü gün ərzində 8 saatdan artıq işləməməlidir. Həmin 8 saatlıq iş rejimi də fasilələrə bölünür. Fasiləsiz 4 saatdan artıq maşın sürmək olmaz. Əsas normativlər budur”.

Ekspertin sözlərinə görə, ilk olaraq sürücülərin plan məsələsi aradan qaldırılmalıdır: "Sürücülərin iş rejimi, əmək şəraiti dəyərləndirilərək əmək haqqına keçilir. Belə olan halda sahibkarların işləri nisbətən çətinləşir. Çünki 17 saatlıq iş rejiminə mütləq iki sürücü lazım olacaq. Onlara ayrı-ayrılıqda maaş vermək məsələsi sahibkarların maraqlarına cavab verməyəcək. Bu baxımdan qeyd edilən proqramların tətbiqi tez bir zamanda alınmaya bilər. Proqramların tətbiqi üçün kifayət qədər məsələlər öz həllini tapmalıdır”.

İsmayıl