Hansı birini deyək...

Şadlıq sarayları vətəndaşları “soyur”, adamlara “toy tutur”lar
Eyyub Hüseynov deyir ki, məlum dəyişikliklər yalnız yeməklərin hazırlanması və təmizlik işləri ilə bağlıdır və burada istehlakçıları uzun illərdir narahat edən məsələlərin heç biri əksini tapmayıb



"Şadlıq saraylarının təsnifatı və ümumi qaydalar” dövlət standartına edilən dəyişikliklər qüvvəyə minir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Publika.az saytına verilən məlumata görə, dəyişikliyə əsasən mətbəxdə qabların yuyulması iki üsulla əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır.

Qablar əl ilə yuyularkən müəssisə iri mətbəx qazanları və avadanlıqların yuyulması üçün üç bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalarla təmin olunmalıdır.

Təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır. Onların məcməyidə səpələnmiş vəziyyətdə saxlanmasına icazə verilmir.

Standarta digər dəyişiklik hazırlanan yeməklərin realizasiyası və saxlanması ilə bağlıdır.

Belə ki, "İsveç masası” xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində

realizə edilməlidir və realizasiya zamanı isti yeməklərin temperaturu 750C-dən aşağı, soyuq yeməklər və içkilərin temperaturu isə 140C-dən yuxarı olmamalıdır.

Həmçinin salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanılmamalıdır, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir. Yeməklərin istehsalı zamanı istifadə olunan ərzaq xammallarında və ərzaq məhsullarında insan sağlamlığına potensial təhlükəli olan kimyəvi və bioloji maddələr normativ-hüquqi sənədlərdə müəyyən edilmiş normadan artıq olmamalıdır.

Tətbiq edilən digər dəyişikliyə əsasən, ictimai iaşə müəssisələrində kulinariya məhsulları hazırlanarkən baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından, hermetikliyi pozulmuş, şişmiş konservlərdən, anbar zərərvericiləri ilə yoluxmuş qarabaşaq, un, düyü, quru meyvələrdən, qurdlu və əzilmiş təzə göbələklərdən, istifadə müddəti başa çatmış və ya başa çatmaq üzrə olan, xüsusilə tez xarab olan məhsullardan və s. istifadə etmək qadağandır.

Həmçinin məhsulların soyuducuda saxlanılması zamanı müəyyən qaydalara riayət olunmalıdır.

Belə ki, yeni qaydalara əsasən ətin saxlandığı soyuducu kameralar asan yuyula bilən gigiyenik örtüklü rəflərlə təmin olunmalıdır. Soyudulmuş ət cəmdəkləri, yarımcəmdəklər və dörddə bir cəmdəklər biri-birinə, döşəməyə və divara toxunmamaq şərtilə qarmaqlardan asılmış vəziyyətdə, həmçinin xama, kəsmik, mayonez və s. ağartı məhsulları ağzı qapaqla yaxşı bağlanan qablarda, kolbasalar isə qarmaqlardan asılmış vəziyyətdə saxlanmalıdır.

Personalın şəxsi gigiyenik qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır.

Həmçinin əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında bildirdi ki, məlum dəyişikliklər yalnız yeməklərin hazırlanması və təmizlik işləri ilə bağlıdır və burada istehlakçıları uzun illərdir narahat edən məsələlərin heç biri əksini tapmayıb:

- Biz artıq neçə ildir, deyirik ki, şadlıq sarayları vətəndaşları "soyur”, şadlıq saraylarında toy edən adamlara "toy tutulur”. Şadlıq saraylarına ödənilən pullar büdcədən yayınır, şadlıq sarayı rəhbərliyinə nağd pullar ödənir, ancaq heç kimə kassa mədaxil orderi verilmir. Toyda qonaqlara boyat, vaxtı keçmiş, keyfiyyətsiz məhsullardan hazırlanmış yeməklər təqdim olunur. Toy sahibinin istəkləri qətiyyən nəzərə alınmır, şadlıq sarayları öz menyularını hamıya diktə edir, menyudan əsla nəyisə çıxarmırlar. Vətəndaş etiraz edəndə isə "nəvazişlə” qapını göstərirlər. Şadlıq sarayının bir məqsədi var, o da budur ki, toyda iştirak edənlər tez çıxıb getsinlər. Musiqinin səslənməsində qaydalara riayət olunmur. Səs o qədər yüksək olur ki, qonaqlar şadlıq sarayını tez tərk edib sakitliyə qovuşmaqdan başqa heç nə arzulamırlar. Şadlıq sarayı ilə sifarişçi arasında müqavilə bağlanmır, halbuki bununla bağlı da konkret qanun qəbul olunub. Şadlıq sarayları heç işçilərlə əmək müqaviləsi bağlamır, işçiləri günəmuzd işlədirlər. Azyaşlı uşaqların əməyindən sui-istifadə halları baş alıb gedir. Aldadıcı reklamlarla insanları cəlb edir, sonra isə toy sahibi baxıb görür ki, xeyir götürmək əvəzinə, ziyana düşüb. Hansı birini deyək?!

Bəs qüvvəyə minmiş yeni qaydalar şadlıq sarayları ilə bağlı müsbət dəyişikliyə səbəb olacaqmı?

E.Hüseynov bildirdi ki, Dövlət Komitəsinin çoxsaylı xoş niyyətləri var, amma niyyətin xoş olması, hələ problemlərin həlli demək deyil:

- Cənab Prezident 27 may 2015-ci il tarixdə Respublika Günü münasibətilə etdiyi çıxışında ictimai nəzarətin mühümlüyünü bildirdi. Nə qədər ki, ictimai nəzarət bir struktur kimi formalaşmayıb, qayda və qanunların tətbiqində ictimaiyyətin sözü nəzərə alınmır, bu problemlər olduğu kimi qalacaq. Bizim ölkədə ictimai nəzarət çox zəifdir. Bazarda tələb təklifi üstələyir. Ona görə də keyfiyyətsiz məhsullar və keyfiyyətsiz iş ortaya çıxır. Qəbul olunmuş qaydalar da kağız üzərində qalır. Necə ki, dönərxanalarla bağlı, məktəb bufetləri ilə bağlı qəbul olunmuş qaydalar kağız üzərində qalmaqdadır. Baxın, şadlıq saraylarında iş saat 18:00-dan sonra başlayır. Dövlət qurumlarında isə bu zaman iş vaxtı bitmiş olur. İş vaxtından sonra isə heç bir dövlət orqanının şadlıq saraylarında, yaxud da hansısa sahibkarın iş yerində yoxlama aparmaq hüququ yoxdur. Bəs, bu yoxlamalar necə, nə zaman aparılacaq? Toyun səhəri?! Bu, absurddur. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin yoxlanması üçün gərək Ədliyyə Nazirliyinin rəsmi icazəsi olsun və müəssisə rəhbərliyinə əvvəlcədən bu haqda xəbər verilsin. Kim qapını açar ki, gəl, məni yoxla?! Vəziyyətin belə labirint xarakter almasının əsas səbəbi istehlakçı hüquqlarının arxa planda, biznes qurumlarının və sahibkarların hüquqlarınınsa ön planda olmasıdır. Yəni, sahibkarın hüququ istehlakçının hüququndan üstündür. Belə davam edəcəksə, vətəndaşlar yenə də şadlıq saraylarında "soyulacaq”. Keyfiyyətsiz, vaxtı keçmiş, düzgün hazırlanmamış yeməklərdən yeyib, zəhərlənəcəklər. Toy da yasa çevriləcək.

Məlahət Rzayeva