Xəstənin son nəfəsi və tıxaclar...

Yollar səhmana salınmadan vətəndaşlarla təcili yardım həkimlərinin gərginliyi davam edəcək




Günümüz üçün ən aktual problemlərdən biri də təcili tibbi yardım maşınlarının "astagəl”liyidir. Elə bu səbəbdəndir ki, cəmiyyətdə "bizdə təcili yardım ancaq xəstə öləndən sonra gəlib çıxır” kimi fikirlər formalaşıb. Sözsüz ki, özünəməxsus səsi və sürəti ilə şəhərdə şütüyən təcili tibbi yardım maşınlarını görəndə ilk ağlımıza gələn ölüm ayağında can verən xəstə olur.
Əksər zaman xəstələri ölümün pəncəsindən alan bu xilaskarlar bir çox hallarda öz missiyalarını yerinə yetirə bilmirlər. Bunu da hər kəs fərqli səbəblə əlaqələndirir. Vətəndaşlar hesab edir ki, təcili yardımın xəstə öləndən sonra çatması həkimlərin səhlənkarlığı və insan həyatına laqeydliyidir. Ekspertlər isə hesab edir ki, bu, təcili yardım maşınlarının yolda aciz qalması ilə bağlıdır.
Qeyd edək ki, təcili yardım maşınının çağırış aldığı ünvana gec çatması növbəti dəfə vətəndaşın həkimin üzərinə hücum etməsi ilə nəticələnib.
Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü İlyasov Bilal İlyas oğlunun vəziyyəti ürək xəstəliyi ilə əlaqədar qəflətən pisləşdiyi üçün onun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib.

Mərhumun qardaşı Fəxrəddin İlyasov həkim Mikayıl Əliyevə hücum edərək xəstənin ölümündə onu günahlandırıb, həkimin baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. Həkim əsasən gözündən ağır xəsarət alıb.

Təəssüf ki, bu nə ilk, nə də son haldır. Təcili çağırılan həkimlərin xəstənin son nəfəsinə gəlib çatması dəfələrlə həkimlərin xəstə yaxınları tərəfindən döyülməsi ilə nəticələnib. Əlbəttə, bu variant heç zaman doğru qəbul edilə bilməz. Lakin gözü qarşısında yaxını ölən biri, ona yardım etmək üçün gələn həkimin gecikməsinə səbrlə yanaşa bilməz. Axı hər şeydən dəyərli insan həyatıdır.

Nəzərə alsaq ki, təcili yardım insanların məhz təcili ehtiyacları olan bir ünvandır, bu tip gecikmələr onların haqlı narazılığına səbəb olur. Bəs bu gecikmələrin əsas səbəbi nədir?

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, təcili tibbi yardım həkimlərinin bir sıra hallarda xəstənin son nəfəsinə çatması heç də sadəcə onların peşəkarlıq keyfiyyəti ilə bağlı deyil:

"Təcili tibbi yardım sisteminin qurulması üçün 3 mühüm şərt var - peşəkar kadrlar və texniki təchizatın yüksək olması, həmçinin təcili yardım maşınlarının rahat hərəkəti üçün nəqliyyat sisteminin düzgün qurulması. Sadalanan məqamlar biri-birinə adekvat olmayanda təcili yardım yaxşı işləmir. Odur ki, müraciətlərin çox olması, növbədə həkimlərin sayının az olması və yollardakı tıxac və maşınların texniki hərəkət imkanlarının məhdud olması təcili yardım maşınlarının gecikməsinə səbəb olur. Kadrlar və təchizat nə qədər güclü olsa da, nəqliyyat yaxşı qurulmayıbsa, gecikmələr qaçılmazdır. Bunun üçün də yollarda təcili yardım kimi əraziyə operativ çatması üçün əlavə xətlər olmalıdır. Bizdə bunların heç biri nəzərdə tutulmayıb. Hesab edirəm ki, bundan sonra da yaradılması real görünmür. Çünki bizim yollar enlənmək əvəzinə, getdikcə daralır. Sürücülərin təcili yardım maşınlarına daha çox güzəşt etməsi ilə məsələ bitmir. Bəzən tıxaclar elə bir səviyyədə olur ki, heç bir maşın tərpənə bilmir. Blok vəziyyətində qalır. Və bu da sürücülərdən asılı olan bir hal deyil”.

Sovet dövründə təcili yardım maşınlarının operativ işlədiyini və heç bir gecikmə olmadığını vurğulayan tibb eksperti deyib ki, kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki bazanın formalaşdırılması, yeni təcili tibbi yardım maşınlarının alınmasına rəğmən müəyyən qədər çatışmazlıqlar var. "Zənnimcə, bu sahədə ciddi islahatların aparılmasına ehtiyac var. Bunun üçün də Azərbaycanda da xaricdəki kimi 9-11 sistemi təşkil olunmalıdır. Ancaq istənilən halda məsələyə kompleks yanaşmaq lazımdır. Bu cür hadisələr zamanı hər dəfə gərginlik həkimlə vətəndaş arasında yaşanır. Halbuki bu işdə ölkənin nəqliyyat sektoruna nəzarət edən qurumlar da məsuliyyət daşıyırlar”.

Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində briqadanın bütün üzvlərinin ilkin tibbi yardım göstərmək bacarığı var. Biz də ekstremal situasiyalara hazır olmalıyıq: "Təcili yardım sistemi təcili şəkildə xəstəyə yardım göstərməlidir ki, onun həyatını xilas etsin. Bu məsələdə zaman faktoru son dərəcə önəmli olduğuna görə, gecikmələr olmamalıdır. Təcili yardım sistemində qüsurlar var, bütün təşkilati məsələlər yoluna qoyulmalıdır.

Müxtəlif situasiyalarda ilkin yardım göstərən həkimlər də sırf mütəxəssislər olmalıdır ki, xəstələrə düzgün diaqnoz qoyaraq onları lazımi ünvana çatdıra bilsinlər. Briqadaların sayı dünya standartına uyğun olsa da, effekt həmin standarta uyğun gəlmir. Demək, hər hansı təşkilati məsələdə qüsur var. "Dünya standartına uyğundur” deməklə iş bitmir. Hesab edirəm ki, briqadaların sayı adambaşına uyğun müəyyən edilsə də, məsələyə həm də ayrı-ayrı rayonlar üzrə yenidən baxmaq lazımdır. Bəzi rayonlarda əhalinin sayı və ya hər hansı xəstələnmə sayı çox ola bilər. Bundan başqa, kütləvi zəhərlənmə, partlayış, yanğın hallarında daha çox briqadaya ehtiyac ola bilər. Bunun üçün onlar həm də ehtiyatda saxlanmalıdır. Nəzərə almaq lazımdır ki, bomba bir dəfə düşür”.

Psixoloq Azad İsazadə isə hesab edir ki, ötən illərə nisbətən təcili tibbi yardım maşınlarının müvafiq ünvana zamanında çatması halları artıb: "Azərbaycanda təcili tibbi yardım maşınlarının gecikməsi ilə bağlı problem bütün dövrlərdə olub. Hətta Sovet imperiyasının vaxtında da təcili yardımlar gəlib çıxana qədər xəstə birtəhər olurdu. Sözün düzü, bu sahə ilə bağlı regionlardakı vəziyyətlə bağlı tam məlumatlı olmadığım üçün konkret fikir deyə bilmərəm. Ancaq son yarım ildə, hətta ondan da bir az artıq olar ki, təcili tibbi yardım maşınlarının gecikməsi ilə bağlı problem azalıb. Bunu da sürücülərin təcili tibbi yardım maşınlarına yol vermə mədəniyyətinin artmasında görürəm. İndi təcili yardım maşınlarının yollarda hərəkəti daha sürətli və çevikdir. Ola bilsin ki, bu operativliyin artmasının bir səbəbi də özəl klinikaların öz "ambulans”larının olmasıdır. Amma çox təəssüf ki, yollarda kəskin tıxac olanda vəziyyət çıxılmaz olur. Burada nə sürücüləri, nə də təcili yardım həkimlərini qınamaq olur”.

Xəstə yaxınlarının təcili yardım həkimlərinə qarşı emosional davranışların, fiziki hücumların artmasına gəldikdə isə psixoloq deyib ki, bütövlükdə cəmiyyətin aqressivləşməsi ilə bağlıdır: "İnsanlar çox əsəbi olub. İstənilən halda emosional çıxışlar edə bilirlər. Bunun təcili yardım maşınlarının gecikməsi ilə əlaqəsi yoxdur. Bu ani partlayış ayrı-ayrı faktlarda da özünü büruzə verir. Çox güman ki, konkret hadisədə təcili yardım həkimlərinin xəstənin həyatını xilas edə bilməməsi sonuncu damcı olub və mərhumun qardaşı onlara hücum edib. Belə ki, uzun müddət insan bədənində yığılan aqressiya haradasa özünü göstərməlidir. Həmin şəxsdəki aqressiya partlaması da o ana təsadüf edib”.

Şəymən